
Elbariz Məmmədli
Şair, Publisist
BİLMİRİK
Qarışıbdı qeybətlərə başımız,
O tərəfdə nələr olur, bilmirik.
Əsəb yağır dağın-daşın üzündən,
Ümidləri mələr olur, bilmirik.
O rus ki, var, dən veribdi şərbətə,
Körükləyir ermənini xəlvətə,
Köhnələri qaçıb gedir qürbətə,
Təzə haylar gələr olur, bilmirik.
Gələn xəbər bir-birinə tərs gəlir,
Düşünəndə hamımıza hirs gəlir,
Bu dünyanın falı yaman pis gəlir,
Hansı ümid ölər olur, bilmirik.
Qar altında yuxusu var otların,
Görən, eyni açılıbmı yurdların?
Torpağıma keşik çəkən Qurdların,
Nə vaxt üzü gülər olur, bilmirik.
Qar altında yuxusu var otların,
Görən, eyni açılıbmı yurdların?
Torpağıma keşik çəkən Qurdların,
Nə vaxt üzü gülər olur, bilmirik.
Yenə sorğu tirajlayır, kosa bəy,
Abutalıb, həsənqulu, musabəy,
Neçə-neçə ləyaqəti qısa «bəy»,
Bizə işğal dilər olur, bilmirik.
Yaşamışıq illər boyu, nələri,
Xərcləmişik nə igidi, nə nəri,
Deyirlər ki, son savaşın hünəri,
Daha dərdi silər olur, bilmirik.
Çox arzumuz yağış-qarın içində,
Əriyirik intizarın içində,
Nəyimiz var sabahların içində?
Onu Tanrı bilər olur, bilmirik.

TÜRK
Xoş gəlibsən, dədə- baba yurduna,
Dar günündə dost yanında duran Türk.
Bu dünyanın sevgisini yaşadan,
Mərdanəlik qalasını quran Türk.
Sahib olan min hünərin haqqına,
Çəpər çəkən qara şərin «haqqı»na,
Əl uzadan bu bəşərin haqqına,-
Haram-haram barmaqları qıran Türk.
Min niyyətin, min hiylənin içində,
Dünya çökür mənəm-mənin içində,
Qılınc çəkib yüz düşmənin içində,
Tamahları ürəyindən vuran Türk.
Yaşantının gör, nə uzun yolu var,
Varlığının dünya boyda qolu var,
Bu dünyada bircə dənə dəli var,
— Məhəbbət Türk, Ədalət Türk, Turan Türk.

BƏSTƏ
Pəncərədən baxıram ,
gecəyarı
xəyalım uzaqlarda,
-Bakının qarsız qışına.
Döyür sifətimi
gecənin buz kimi soyuq əlləri,
küləklər sahibsiz canlılar tək
küçələrin sir-sifətini yalayır,
buludlar qovhaqovda,
göy üzündə yellənir.
kimsə masa arxasında
sonuncu misralarını cilalayır.
Udur gecənin sükutunu
sırası seyrələn maşınların uğultusu,
hər ümid bir körpə qığıltısı…
Xatirəli izlərə tuşlanan xəyallar
həsrət-həsrət çabalayır,
ürəklərin aynasında.
Zülmətə qənim işıqlar
əsgər mundiri kimi
bələnib eyni rəngə.
Gecənin duyğuları təzə-təzə notlar toxuyur
içimizdəki ahəngə.
Kaş, bu dəm sonuncu durna qatarı
gəlib keçəydi , göy üzündən,
-harayında həsrət səsi,
havalanaydı könlümüzdə
«Qarabağ şikəstəsi».
Və beləcə üzü səhərə,
bitərdi soyuq qış gecəsinin bəstəsi.

BİZİM TALEYİMİZ DAR AĞACIYMIŞ
Yaşıdlarıma
Bizi də laylalı ana doğmuşdu,
Ürəkdə nə qədər arzusu vardı,
Bizim taleyimiz dar ağacıymış,
İllərin qovğası yudu, apardı.
Uşaqlıq görmədik, üzü sevincli,
Bizim zamanımız büt zamanıydı.
Hələ bitməmişdi soyuq savaşlar,
Bir az da dünyanın küt zamanıydı.
Bizim uşaqlığın əli qabarlı,
Bir dəfə doyunca yuxusu yoxdu.
Bizim uşaqlığın yaşantısında,
Qayğısız günlərin qoxusu yoxdu.
Hər gün yaşamağa bir sınağıydı,
Hər gün yolumuzda təzə imtahan.
Bizim uşaqlığın bəlalarını,
İndi də balalar yaşayır, can-can.
Bir dava atıblar bizdən önlərə,
Bizim gəncliyimiz sınandı, keçdık.
Kiçilə-kiçilə sərhədlərimiz,
Bu millət yüz yerdən budandı, keçdik.
Hərə bir tərəfdən dil uzadır, dil,
Bilmirəm, nə oyun qurublar, bizə,
Bizim balalar da adam oğludu,
Harda bu düyünü vurublar, bizə?
Keçdik meydanlardan, keçdik qanlardan,
Haqqıdır, millətin haqqı, azadlıq.
Şəhid qanlarının təntənəsidi,
Qanla qazanılan bax, bu azadlıq.
Verib savaşlara nəyi var, nəyi,
Çətin bu taleyi qınamaq olar.
Daha sınanmaqdan daşa dönübdü,
Milləti nə qədər sınamaq olar?
Bizim taleyimiz dar ağacıymış,
Budana-budana yaşadıq, keçdi.
Saxladıq bu günə köhnə dərdləri,
Utana-utana yaşadıq keçdi.
Balalar yaşayır indi bu dərdi,
Yenə çiçəkləyib şəhid «bahar»ı,
Balalar biz görən günləri gördü,
Nəvələr bu günü görməsin, barı.

