SƏVİYYƏ: BİZ BU SƏVİYYƏ İLƏ DÜNYA MƏTBUATINA ÇIXA BİLƏRİKMİ?

Allahverdi Gündoğdu

Yazıçı-jurnalist, şəhid atası, AVMVİB-nin fəxri üzvü

İş elə gətirdi ki, bir ildən bu yana bəşəriyyətin başı üzərini almış qorxunc pandemiya kabusu — hoqqabazlığı və əlalxüsus da Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq televiziya ekranları qarşısında bitməli olduq, sayı-hesabı bilinməyən həşəmətli saytların «informasiya bolluğu» arasında çabalamalı olduq.

Hər an yeni məlumatlar almağa ehtiyac duyurduq. Gecə-gündüz qanlı savaş meydanlarından uğurlu əməliyyatlar — Qələbə xəbərləri gözləyirdik. Gözlərimiz yorulmadan, usanmadan televizor ekranlarına zillənmişdi. Hər an Ali Baş Komandanın müjdə xəbərlərini gözləyirdik. Yaxşı- yaman savaş meydanlarına yaxın bölgələrdən, o cümlədən Tərtərdə, Ağdamda, Bərdədə, Ağcabədidə, Mingəçevirdə, Gəncədə və digər yerlərdə düşmən hədəfinə tuş gələn dağıntılardan bəhs edən reportajları seyr edirdik.

Demək olar ki, Vətən Müharibəsi pandemiya ağrı-acısını arxa plana keçirmişdi. Şükürlər olsun ki, 44 gün ərzində aparılan qanlı savaşlarda xalqımız uca Şəhidlərimizin, Qazilərimizin, Ali Baş Komandanımızın və bütövlükdə , Müzəffər Ordumuzun qətiyyəti sahəsində dünya müharibələr tarixinə qızıl hərflərlə yazılacaq Böyük Zəfərlərə imza atdı! Yəni çox şeylər qazandıq. Bu qazanclardan biri də Azərbaycan KİV-lərinə, o cümlədən, televiziya aparıcıları və sayt rəhbərlərinin səviyyələri ilə daha yaxından tanış ola bildik. Və qənaətim bu oldu ki, biz bu səviyyə ilə dünya mətbuatına necə çıxa və inteqrasiya edə bilərik?

Son aylar ərzində sayı-hesabı bilinməyən səviyyəsizliklərlə rastlaşdım. Bunların hamısını sadalamaq mümkünsüz olduğundan, bəzi epizodları dilə gətirəcəm: Azərbaycan mətbuatı illərdir Fəxri Xiyabanlarla Şəhidlər Xiyabanlarını ayırd edə bilmir. Dəfələrlə bu mövzuda dövrü mətbuatda çıxışlar etmişəm…

Vətən Müharibəsi başlayandan sonra ,uca Şəhidlərimizin dəfni ilə bağlı bütün sayt və televiziya kanalları Şəhidlərimizin dəfn məkanlarına Fəxri Xiyaban deyib, dad döydülər. Hazırda da, bu,davam etməkdədir…

Məlumdur ki, hay faşistləri Qarabağda bütün yer adlarını özününküləşdiriblər. Bəs özümüzünkülərə nə olub, kim onlara ixtiyar verib ki, yüz illərdi tariximizə düşmüş toponomiyaları təhrif olunmuş şəkildə səsləndirsinlər? Təhsil görməyən, savadsız insanlarımız səhv edə bilərlər. Lakin ali təhsilli özlərini peşəkar jurnalist hesab edən televiziya aparıcıları nə haqla Göygöl rayonunun Toğana kəndini Toğanalı adlandırırlar?

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı və Azəbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ixtisasca jurnalistdirlər, özü də peşəkarından. Bu cənabların hər ikisi Toğanalı deməkdən yorulmadılar. Digər televiziya aparıcıları da onlar kimi. Dədəsi oğluna Məmməd adı qoyubsa, sən buna nə haqla Məmmədqulu deyirsən?

Yaxud ARB-24 kanalı çox izlənilən bir televiziya kanalıdır. Son aylar öz özgürlüyünə qovuşan məşhur Azıx mağarası haqqında reportaj hazırlayıb. Dönə-dönə bu uca tribunadan Azıx mağarasının ərazisinin 8 min kv. km. olduğunu dilə gətirdilər. Düşünürəm ki, bunun üçün dördillik təhsilin olması yetərlidir. Sonra Space televiziyasında təsadüfən (niyə təsadüfən deyirəm, illərdən bəri bax, bu səviyyələrinə görə Azərbaycan televiziyalarını izləməkdən özümüzü məhrum etmişik) Amil Xəlil adlı bir aparıcı (əgər buna aparıcı demək mümkünsə) var. O, özünün aparıcısı olduğu -» Gəl dərdini danış» verlişinə bir neçə nəfər, o cümlədən odun -alovun içindən sağ-salamat çıxmış Qaziləri dəvət etmişdi. Çox gözəl. Mövzu Xudafərinə həsr edildiyindən, diqqətimi cəlb etdi. Görün bu yaramaz Araz haqqında nə deyir : «Mən Araza nifrət edirəm, onun adını belə çəkmək istəmirəm. Hətta Xudafərinin o tayının, Arazın sağ sahilinin Astara olduğunu dilə gətirdi. Əvvala bu binəva anlamır ki, Xudafərinlə Astaranın arası 90-100 km-dır. Əgər o, doğrudan da yetkin bir jurnalist olsaydı, Araza düşmən deməzdi , 200 il ərzində Arazı millətimizin sinədağına çevirmiş fars və rus faşistlərinin adını çəkərdi. İllərdən bəri Azərbaycan televiziyalarını barmağına dolayan, öz qondarma verilişləri ilə camaatın zəhləsini tökən, ordan-ora qovulan, hazırda isə Xəzər televiziyasında məskunlaşan bir Xoşqədəm var (görürsünüz, qədəmləri xoş olduğu üçün televiziyalarımız da onu öpüb, gözləri üstə qoyurlar…).

Onun haqqında isə danışmağa belə lüzum görmürəm. Sadəcə olaraq onun auditoriyasına yığışanlara yazığım gəlr. Digər bir «azman» sənətkar isə illərdən bəri Azərbaycan televiziyalarını özünə isti yuva seçmiş, tamaşaçıların gözünü yağır etmiş , alimi-biəməl Elçin Əlibəylidir. Ötən həftə onun aparıcısı olduğu «Ev bizim,sirr bizim» verlişinin kiçik bir epizoduna baxdım. Onun dəvət etdiyi qonaqlardan biri şairə xanım idi. Verlişin mahiyyətinə, aparıcının xislətinə,səviyyəsinə yaxından bələd olan bu şairə dedi ki, Elçin müəllim rica edirəm mənə iki dəqiqə vaxt verin, sözümü kəsməyin ,fikrimi tamamlayım. Ay hay, haradaydı bu «professor»da hövsələ, xanım bircə cümləni tamamlamamış, ağzından elə vurdu ki, xanım bayılmaqdan özünü güclə saxladı…

Bu binəva fikrini tamamlaya bilməyəndən sonra, mənim də gücüm yalnız kanalı çevirməyə çatdı. Lider kanalında özünə «isti yuva» tapmış bir bədheybət varlıq da var, özünü aşıq hesab edir, səhv etmirəmsə adı Namiqdir. Qədim Ozan sənəti ilə heç bir bağlılığı olmayan bu «azman sənətkar»ın peşəsi belə demək mümkünsə, camaatın zəhləsini tökməkdir…

Onu da vurğulayım ki, özüm aşıq musiqisinin vurğunuyam. Hə, əzizlərim, yuxarıda qeyd etdiyim kimi bu söhbəti sonsuza qədər davam etdirmək olar, lakin nə fayda…

Məni ağrıdan odur ki, biz bu səviyyəmizlə nəinki dünya mətbuatına inteqrasiya edə bilərik, olsa-olsa, Biləcəriyə qədər gedə bilərik…

Aqillərimiz söylədiyi kimi, bilməmək ayıb deyil, bilməyib öyrənməmək isə ayıbdır. Odur ki, dəyərli soydaşlarım, qardaşlarım, həmkarlarım, hamınızdan acizanə surətdə rica edirəm ki, heç olmasa bundan sonra müqəddəs Şəhidlər Xiyabanlarının adını Fəxri Xiyaban kimi dilə gətirməyin. Təbii ki, Fəxri Xiyabanlarımızda da millətimizin dəyərli isimləri uyuyur, müəyyən istisnalarla. Amma Şəhidlər Xiyabanları Fəxri Xiyabanlar deyildir!

P.S. Onun da fərqindəyəm ki, ölkəmizdə kifayət qədər dəyərli qələm sahibləri, yazarlarımız, təpədən-dırnağa talant sahibləri olan jurnalistlərimiz vardır. Onların içində yetərincə dostlarım da var. Əfsuslar olsun ki,onların əksəriyyəti oyundankənar həyat tərzi sürməkdədirlər…

Yəni dediklərimin onlara heç bir aidiyyəti yoxdur. ÇÜNKİ ONLAR VƏTƏN DEYİB, YOLA ÇIXIBLAR!

Bu xəbəri paylaşın: