POEZİYA çələngi: Baxın Vətən bayrağına, Yöndəminizi tanıyın…

ELBARİZ Məmmədli

GÖR, BİZİ KİM QINAYIR

Siz köhnəlibsiniz,
siz qocalıbsınız,
siz bizim sevmədiyimiz
adamlara əl çalıbsınız
,

deyir, bəziləri.
Hər gün neçə ailənin işığını söndürən,
həyatını cəhənnəmə döndərən,
hamını, hamını aldadıb
ələkdə su gətirməyə göndərən
nadürüstləri öyür, bəziləri.
Sığındıqları qoltuqların
üfunətli istisi vurduqca xumarlanan
gədalar,
yol göstərir bizə.
Guya ki, biz ölmüşük,
guya ki, meydanların buz soyuğunu
rahatlığına dəyişən can
bizim deyilmiş,
adları sevgı və cəsarət ünvanı olanlar da
heç, onların özü deyilmiş.
Heç qanlı Yanvar gecəsində
namus davasına çıxanlar da
düz deyilmiş,

Xocalı qətliamında qanı içilənlər də…
Gör, kimi imtahana çəkir,
başının üstündə Tanrı yerinə tamahı tutanlar,
şeytan yuxuları yatanlar,
sabah balasının sümüyünə dirənəcək
süngüləri unudanlar.
Biz ölmüşdük.
Amma kol dibində varlığını qoruyan
bənövşə kimi, bir «Bayatı Şiraz», bir «Uvertura» nəfəsi diriltdi, bizi.
Nə olsun ki, illərin qovğaları
əynimizi-başımızı, çörəyimizi-duzumuzu
atlıya çevirib yedirtdi, bizi…
Biz yaşadıq.
İndi növbə sizindi,

haqqı başı yox, arxası ilə anlayanlar,
bizə irad tutanlar,
bizi köhnə bilib qınayanlar.
Siz ölsəniz, dirilməyəcəksiniz,
çünki, ruhunuz çoxdan ölüb,
şər- şəbədənin meydan suladığı
cəhənnəmin içində-
ayaqlar altında.

ÇÜNKİ SƏN HAYSAN… 

Ermənilər arasında bəziləri guya ədaləti qanmağa başlayıb…


Mən sənə inanmıram,
sən həmin köpəyin oğlusan,
həmin itin küçüyü…
Yüz illərdi
çörək yediyi qaba tüpürən,
onun- bunun yedəyindən hürən,
özgə hiyləsiylə püskürən
birisən, sən.
Mənim qana batmış yaddaşımın,
söndürülmüş ocağımın,
alnının dərisi soyulmuş
körpə fidanlarımın qatilisən, sən.
Namərd əllərinin izləri,
güvəndiyin alçağın
itilənmiş buynuzları,
hələ də, hələ də
könlümüzü göynədir,
sovetlərin şumladığı Çəmbərəkənddə,
ruhu ilə oynadığı
Quba məzarlığında,
Sən uduzubsan, köpək
yedəyindən hürdüyün
əxlaqsızların bazarlığında.
Sənə könül verənimiz oldu,
səni adam bilib sevənimiz oldu,
ah, nə böyük qəbahət,
bağışlanmaz qələt!
İndi onlardan törəyənlər də
sənin kimi haydı, hay,
əxlaqı sürüşkən,
etibarı inamsız,
özləri zay.
Barış da sənlik deyil,
fəqət, namərdlə nə qədər
dost-düşmən olmaq olar?
Nə qədər aldanmaq olar, hayqanuşlarln
ehtiras dolu təbəssümünə?
Get, yaladığın ətəklərdən bərk yapış,
qoy, qısqırtsınlar səni
növbəti davalara,
özünü öyrətmə ,
özünü yönəltmə
bizdəki sənlik olmayan havalara.
Davam et , xəstə ruhunla
böhtanına yəni, sən,
çünki, sən haysan,
çünki sən ermənisən…

TANIYİN

Bir az doğruya güvənin,
Bir azca düzü tanıyın,
Gündə bir tərəfə dönən,
Astarı, üzü tanıyın.

Çox yalanlar deyiləcək,
Çox beyinlər yeyiləcək,
Bir gün qapı döyüləcək,
-Haqq bizik, bizi tanıyın!

Yenə də diridi yağı,
Hər nəfəsi bir göz dağı,
Düzülüb çəpər qırağı,
İribuynuzu tanıyın.

Məkr ox kimidi sözdə,
Neçə niyyət var, hər gözdə,
Elə ilanlar var, üzdə,
Quzudu-quzu , tanıyın.

Bitməzdi ki, dünya dərdi,
Görün, kimləri becərdi,
Zülmətin sonu səhərdi,
Gələn gündüzü tanıyın.

Yol keçdik, tarixə döndü,
Zaman qanlı çarxa döndü,
Axar sular arxa döndü,
Bu gələn izi tanıyın.

Çıxsaq ümidin dağına,
Vurulun yolun ağına,
Baxın Vətən bayrağına,
Yöndəminizi tanıyın.

********

Doğum günün mübarək, mənim gözəl oğlum!

Yalçın Məmmədliyə

O gün
evimizin rəngi də dəyişmişdi,
könlümüzün ahəngi də.
Elə bil günəş qonaq gəlmişdi,
darısqallıqdan üzülən
yarıqaranlıq mənzilimizə.
Pəncərəmiz önündə
yem axtaran quşlar
nəğmə toxumuşdu,
təbiətin qış ovqatına,
yüksəlib göyün yeddinci qatına
quşa dönmüşdü sevinc.
Dost-doğmaların dilindən
göz aydınlığı yağışı yağırdı
Tanrının sən adlı mükafatına.
Və evimizə yaz gəlmişdi
98-in 10 yanvarında.

Bu xəbəri paylaşın: