Bəyanat: 91500 veteran Ali Baş Komandanın əmrinə müntəzirdir!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İranın Naxçıvana qarşı həyata keçirdiyi terror aktı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında nümayiş etdirilən polad iradə və milli təhlükəsizliyimizin təmini ilə bağlı verilən qətiyyətli tapşırıqlar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən tam və sarsılmaz şəkildə dəstəklənir. İran tərəfindən Naxçıvan Muxtar Respublikasının suveren ərazisinə qarşı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilmiş xain hücum, mülki infrastrukturun – Naxçıvan Beynəlxalq Hava Limanının və təhsil müəssisələrinin hədəfə alınması beynəlxalq hüququn kobud şəkildə ayaqlar altına alınmasıdır. Birliyimiz bu hadisəni Azərbaycanın dövlət suverenliyinə qarşı yönəlmiş açıq terror aktı və çirkin təxribat kimi qətiyyətlə pisləyir!

AVMVİB bəyan edir: Respublikanın bütün şəhər və rayonlarını əhatə edən bölmələri ilə birlikdə 91 500 döyüş təcrübəli üzvü öz sıralarında birləşdirən Birliyimiz, Ali Baş Komandanın çağırışına uyğun olaraq bir nömrəli səfərbərlik vəziyyətinə gətirilmişdir. Biz – Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin odlu-alovlu yollarından keçmiş veteranlar, dövlətimizin ərazi bütövlüyü və milli maraqları naminə veriləcək hər bir döyüş tapşırığını icra etməyə hər an hazırıq! Düşmən tərəf və onun havadarları anlamalıdır ki, Azərbaycan veteranları Ali Baş Komandanın rəhbərliyi altında yenidən «Dəmir Yumruq» kimi birləşib hər bir təhdidə layiq olduğu sarsıdıcı cavabı verməyə qadirdir. Bizim üçün Vətən naminə döyüşmək ən ali şərəfdir!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətbuat xidməti

Bu xəbəri paylaşın: