Redaksiyadan: Bu yazını 2 avqust 2019-cu ildə yayınlamışdıq. Bu müharibədə bəlkə də Ağdərə azərbaycanlıları erməniyə ən ciddi zərbə vuran bir toplum olsa da, ən çox zərər görən də elə onlar oldu. İnzibati rayonları və idarəetmə qurumlarını cəbhəçilər ləğv etdi. Sanki düşmənin qisasını bu əhalidən aldılar. 3 rayon arasında bölüşdürdülər. Məsələn bizim kənd Ağdama, babamın torpaqları Tərtər rayonuna verildi. Bu AXC axmaqlığı bu günədək davam etdirilməkdədir. Zaman gəldi. Ağdərəlilərin taleyi ilə hələ də kimsə maraqlanmır…
*****************
Mən 11 yaşlı dostum Atillaya söz vermişdim ki, bu yay səni doğma yurd yerimiz olan Ağdərəyə aparacağam. Əvvəl inanmadı və soruşdu ki, Ağdərəni alacaqsan? Axı düşmən işğal edib. Dedim söz…
Bərdəyə bir ağdərəli döyüşçünün 40 mərasiminə getmişdim. Atilla bəy isə Tərtərdə idi. Gec olsa da, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin hüquqi və sosial işlər üzrə müavini Abbas Hüseynlinin dəstəyi ilə Şıxarxa yollandıq. Lap gecə saatları olsaydı da, sözümü yerinə yetirməliydim. Çünki sabah geri dönməliydik.Müharibə veteranları uğrunda döyüşdükləri torpağa qədəm basmağa, həmçinin bir qarış yurd yeri kimi doğma Ağdərənin havasını udmağa, gecə siluet kimi görünən qəmli dağlara boylanmağa tələsdik. Atilla isə Ata yurduna qədəm basmağa tələsirdi. Çoxları gec olduğu üçün postdan qabağa buraxmayacaqlarını deyirdi. Ancaq bu istəyin önünə sipər çəkə biləcək güc ola bilməzdi. Vətən nə yaxşı ki, varsan və sənin uğrunda yüz yol can verməyə dəyər. Bir gün beş-üç erməni çapovulçusu və beş -üç Haykanuşun bici, qayıdış hirsinin önünü topla-tankla, raketlə kəsə bilməyəcəklər….

Postu keçər-keçməz bu torpaqları düşməndən azad edərkən şəhid olmuş qardaşlarımızın əziz xatirəsini yad etdik. Üç potensial döyüşçü və bir də Vətənin dərki yoluyla yürüyən 11 yaşlı Atilla…
Ağdərə yeganə rayondur ki, ərazisi bizdə ola-ola, 15 minlik əhalisiylə Yuxarı Qarabağın ikinci böyük azərbaycanlı əhalisi yaşayan bölgəsi olduğu halda, savadsız biveclər tərəfindən ləğv edilib və bu gün ərazisi olmayan Kəlbəcər, qismən ərazili Ağdam və Tərtər rayonları arasında bölüşdürülüb. Ağdərə əhalisi illərdir ki, bu bölgünü aparanları lənətləməklə məşğuldurlar. AVMVİB sədri Milli Ordu tərkibində Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. AVMVİB sədrinin müavini Abbas Hüseynli isə Ağdərə polisi şöbəsində işləyə-işləyə, döyüşlərə qatılıb və son iş yerləri Şıxarx qəsəbəsində olub. Bəndəniz isə buradan 56 km qərbdə yaralanıb və Atilla isə babalarının əlimizdə saxlaya bilmədiyimiz yurdunun kiçik bir bucağına ayaq basaraq kiçik Vətəniylə görüş marağındadır. Bizim olub, bizim olmayan, olan olmayan Ağdərəni axtarır. Bircə izah verdim ki, gələcəkdə bu yerdə dayanıb bizləri söymək haqqını bizlər sizə miras olaraq verməkdəyik. 27 il keçən bir qan var ortada. Mən də o separatçı xanları, ermənini özlərinə övrət edib, məmləkəti param-parça edən xan babaları söyürəm. Bizləri söyün və bizim kimi nadancasına Lazımı gözləməyin. Bu gözlərin görməyəcəyi hüdudlaradək uzanan sərhədlər bizimdi. Tanrı bizim səhvlərimizi düzəltməyi sizlərə nəsib etsin, Atilla bəy! Biz bacarmadıq. Malı, pulu və canı bu məmləkətdən çox sevdik.
Sonra Marağadan hayların köçüb gəlmələrinin 150 illiyinə qoyduqları abidənin dağılmış yerinə gəldik. Xatirə olsun deyə şəkil çəkdirəndə bir kürd yaxınlaşıb bizə xoş gəldin elədi. Öz rayonuma xoş gəlmişdim, amma viran olmuş, talan edilmiş, param -parça edilmiş və bizim olmayan bir yurd yerinə xoş gəlmək olarrmı? Olmaz, kürd qardaş, olmaz. Eləsə sən də xoş gəldin. Mən bu «evin» sahibiydim. İcəridəki xainlərlə o tərəfdəki xainlər əl-ələ verib bizi Vətənimizdən perik saldılar…
Abidənin sökülüb rekonstruksiya edilməsini ermənilər etmişdi. 1978-ci ildə tikilən bu abidədə yazılmış «MARAĞA 150» onların qədimlik iddialarını təkzib edirdi. Lakin buradakı hay sifarişinin icraçıları abidənin qalıqlarını da yoxa çıxarmağa çalışıblar. Lakin Ağdərədən olan ziyalımız İlqar Qasımov abidənin cüzi qlıqlarını xilas etməyə çağırmışdı. Prezident İlham Əliyev aşkar edilən tarixi sübutları eksponat kimi Şıxarxda qurmağı tapşırdı. Abidənin ətrafı abadlaşdırıldı, stendlər quruldu və nəticədə xarici ölkələrin səfirlərinin, Azərbaycanda akkreditasiya olunan xarici KİV, o cümlədən yerli media nümayəndələrinin əraziyə səfəri təşkil olundu. Bütün diplomatlar bir daha canlı olaraq erməni yalanının şahidi oldular. Bununla da ermənilərin 5-6 əsr Qarabağda yaşadıqlarına dair yalanlar ifşa olundu.

Rəsmi tarixi bilgilərdən alıntı (AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu): «1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S. Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.
Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı:
“İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S. Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zat-alidən (Paskeviçdən) xahiş etdim və indi mən cənaba (Qriboyedova) yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın”.
1828-ci il fevralın 10-da imzalanmış “Türkmənçay müqaviləsi”nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu.
XV maddədən: “Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına, əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir”.
Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və i. a.
Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi.

Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi.
N.İ. Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür”.
Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi.
A.S. Qriboyedov yazırdı: rus ordusunun tutduğu rayonlardan – Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır.
Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi.
Şavrov yazırdı: “Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır”.
Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı.
1823-cü il məlumatına görə Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi.

Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.
1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi.
Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu.
Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert – Ağdərə rayonunun Marağa – Leninavan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur».
Bu sənəddən də aydın görünür ki, ruslar İrəvan, Naxçıvan və Qarabağı ermənilərə söz veribmiş və bu gün ermənilər bu əsasa görə o torpaqlara iddialarında qalmaqdadırlar.
Xatırladım ki, ruslar yeni işğal ərazilərindəki bəyləri və xalqı narazı salmamaq üçün ermənilərlə müqavilələr bağlatdırıb ki, yerli bəylər istəsələr ermənilər bu ərazilərdən köçürüləcəkdir. Yaşlı adamlar bu müqavilələrin Sankt Peterburqda saxlanmasını deyirdilər.
Yurd sahiblərini gözləyir. Öndə dağıdılmış yüzlərlə kənd və şəhərimiz «hanı mənim övladlarım»-deyə haray çəkən Anaya bənzəyir. Bu ənginliyi, bu dağları, bu cənnəti bir otaqlı mənziləmi dəyişmək istəyirsiniz, ay qarabağlılar?
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

P.S. Bu mövzuya ona görə qayıtdım ki, bu yazıda hayların ruslar tərəfindən Qarabağa köçürmələrinə həsr edilmiş abidə kompleksinin dağılmasından danışılırdı. Əldə etdiyim məlumata görə Ağdərə rayonunun Çaylı kəndi (Bu kənd 1992-ci ildə azad edilib-X.Ə.) Ağdam rayonunun Mollalar kəndində yerlşərək orada bir bulaq tikdirib və həmin bulağın üstündə ermnilər 1827-ci il gəldiklərini əks etdiriblər. Bu bulağı tapıb qoruma altına almamız lazımdır. Yalançının yaddaşı olmaz. Ermənilər bu abidədə öz gəlişlərinin tarixini 1827-ci il olaraq göstəriblər. Bir daha bildirirəm ki, bulağı qoruma altına almalıyıq. bu ciddi bir fakt kimi erməni saxtakarlığına qarşı istifadə olunmalıdır. Xatırladım ki, Ağdam rayonunun Papravənd kəndinə- Nor (Yeni) Karmiravan, Əliağalı kəndinə — Ovtaşen, Nor Jraberd, Qızıllı Kəngərliyə- Nor Marağa, Mollalar -Nor Ayqestan (Çaylı), Almədədli — Nor Seysulan, Boyəhmədli kəndinə isə — Nor Aykadzhur kimi qondarma adlar vermişdilər. Bu fotonu paylaşan bir Çaylı sakini A. Erkanyan adlı bir erməni öz məqaləsində yazır: «19-cu əsrə qədər Çaylılar İranın şimal-qərbində, Xoy bölgəsindəki Urmiya gölünün şimalında yaşayırdılar. Rusiya-İran müharibələrindən sonra 1827-ci ildə bir-birinə yaxın qohum olan 7 nəfər erməni öz ailələri ilə birlikdə Qarabağa köçməyə qərar verdilər. Bundan çox əvvəl, 1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsinə görə, Qarabağ Rusiya İmperiyasının tərkibinə daxil olmuşdu. Beləliklə, Qarabağ ermənilərinin köhnə arzusu həyata keçdi. Dindar qardaşlarının — Rusların himayəsi altında özlərini təhlükəsiz hiss etdilər»….
Daha sonra yazır: «Burada yerləşmək üçün diqqətlə yer axtarırdılar. Sonda Tərtər çayının sol sahilində düz bir yer seçdilər. Göründüyü kimi əvvəlki yaşayış yerlərinə bənzədiyi üçün buranı bəyəndilər. «Çay kənarındakı kənd» mənasını verən yeni kəndə Çaylı adı verməyə qərar verildi. Tarix Çaylının gələn ilk atalarının adlarını qoruyub saxlamışdır: Xaçatur, Ağabek, Pogos, Şahbaz, Ayvaz, Anton və Hakob. Buna görə Çaylıda məskunlaşan nəsillər Xaçatryan, Ağabekyan, Poqosyan, Şahbazyan, Ayvazyan, Antonyan və Akopyan soyadlarını daşımağa başladılar. Bir il sonra, buraya yerləşdikdən sonra, təxminən 300 nəfərlik digər kənd sakinləri də İrandan Qarabağa köçdülər. Rus generalının əmri ilə onları yolda 100 əsgər qoruyurdu. Ruslar da onları lazımi yeməklərlə təmin edirdilər. Bu köçkünlər və onların nəsilləri Qarabağın «layiqli» insanları oldular»…
Yəni ruslar bu gün də eyni missiyanı həyata keçirrməkdədirlər. Nə erməni, nə də rus dəyişməyib və ən azı ona görə də informasiya savaşında ən kiçik faktı belə diqqətdən kənarda qoymamalıyıq…


