Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın yaddaşında silinməz iz qoymuş bir faciədir. 1992-ci ilin 26 fevralında dinc əhaliyə qarşı törədilən bu kütləvi qətliam yalnız bir şəhərin deyil, bütöv bir xalqın taleyinə yazılmış ağır bir dərs, eyni zamanda insanlığa qarşı yönəlmiş cinayət idi.
Xocalıda qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi, yüzlərlə insan əsir götürüldü, ailələr məhv edildi. Bu hadisə təkcə hərbi qarşıdurmanın nəticəsi deyildi – bu, məqsədli şəkildə həyata keçirilmiş soyqırımı aktı idi. Xocalı faciəsi beynəlxalq humanitar hüququn, insan haqlarının və müharibə qanunlarının kobud şəkildə pozulmasının bariz nümunəsidir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq biz Xocalı şəhidlərinin xatirəsini daim uca tutmağı özümüzə mənəvi borc bilirik. Çünki Xocalı yalnız keçmişin ağrısı deyil, həm də gələcəyin məsuliyyətidir. Bu faciəni unutmaq – tariximizi unutmaq deməkdir. Tarixi unutmaq isə eyni səhvlərin təkrarına zəmin yarada bilər.
Bu gün müstəqil Azərbaycan dövləti güclüdür, ordumuz qüdrətlidir və xalqımız öz birliyi ilə bütün sınaqlardan üzüağ çıxmağı bacarıb. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Lakin bu Zəfər Xocalının ağrısını azaltmır – əksinə, həmin faciənin ədalətli qiymət alması istiqamətində mübarizəmizi daha da gücləndirir.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması, ona hüquqi-siyasi qiymətin verilməsi istiqamətində dövlətimizin apardığı siyasət hər bir vətəndaş tərəfindən dəstəklənməlidir. Bu, yalnız diplomatik fəaliyyət deyil, həm də milli yaddaşın qorunması məsələsidir.
Gənc nəsil Xocalı həqiqətlərini dərindən bilməli, bu faciənin səbəblərini və nəticələrini düzgün dərk etməlidir. Çünki vətənpərvərlik yalnız silah tutmaq deyil, həm də tarixi yaddaşı qorumaqdır. Xocalı şəhidlərinin ruhu qarşısında borcumuz onların xatirəsini yaşatmaq, həqiqətləri dünyaya çatdırmaq və bir daha belə faciələrin yaşanmaması üçün güclü dövlətçilik ənənələrini qorumaqdır.
Allah Xocalı şəhidlərinə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları
İctimai Birliyinin sədri
