Fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyinin, həmçinin Bakı və Bakıətrafı şöbə sədrlərinin və üzvlərinin iştirakı ilə paytaxtda yerləşən “Ana harayı” abidəsi ziyarət olunub.
Tədbir iştirakçıları soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər. Xocalı şəhidlərinin ruhuna dualar oxunub, onların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Anım mərasimində AVMVİb kollektivi Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını, bu dəhşətli cinayətin təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır bir humanitar cinayət olduğunu bildiriblər.
Qeyd olunub ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qətliam nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilib, minlərlə sakin doğma yurd-yuvasından didərgin salınıb. Bu faciə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması kimi tarixə düşüb.
AVMVİB rəhbərliyi vurğulamışdır ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi hər bir azərbaycanlının mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin
AVMVİB-in Mətbuat xidməti

.jpg)

