Müharibə veteranları, qazilər və şəhid ailələri üçün iftar süfrələri təşkil olunub

Bu gün Azərbaycanın bir sıra şəhərlərində müharibə veteranları, qazilər və şəhid ailələri üçün iftar süfrələri təşkil olunub. Mübarək Ramazan ayı münasibətilə keçirilən bu tədbirlərin əsas məqsədi Vətən uğrunda fədakarlıq göstərmiş insanlara ehtiramın ifadə olunması, həmçinin cəmiyyətin müxtəlif təbəqələri arasında həmrəylik və birlik ruhunun gücləndirilməsi olub.

İftar süfrələrindən biri xeyriyyəçi Adil müəllimin təşəbbüsü ilə Maştağa qəsəbəsində yerləşən Karvan Sarayı restoranında təşkil edilib. Tədbirdə müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Maştağa özəyinin üzvləri də iştirak edərək tədbirin təşkilinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Çıxış edənlər Ramazan ayının birlik, mərhəmət və paylaşma ayı olduğunu qeyd edərək, belə tədbirlərin cəmiyyətin həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların heç vaxt unudulmayacağını bildiriblər. Eyni zamanda qazilərin və müharibə veteranlarının cəmiyyətdə xüsusi hörmət və diqqətlə əhatə olunmasının vacibliyi qeyd olunub.

***

Növbəti iftar süfrəsi Milli Məclisin deputatı Sahib Alıyevin təşəbbüsü ilə Ağdaş şəhərində təşkil olunub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri, eləcə də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə iştirak ediblər.

Tədbir zamanı çıxış edənlər Ramazan ayının mənəvi dəyərlərindən bəhs edərək, bu müqəddəs ayda birlik və həmrəyliyin daha da möhkəmləndiyini bildiriblər. Qeyd olunub ki, Vətən uğrunda mübarizə aparmış insanlara göstərilən diqqət və qayğı cəmiyyətin mənəvi borcudur.

İftar süfrəsi ətrafında səmimi söhbətlər aparılıb, qazilərin və şəhid ailələrinin problemləri dinlənilib, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunub. Tədbir iştirakçıları belə görüşlərin həm mənəvi dəstək, həm də ictimai həmrəyliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər.

AVMVİB-in Mətbuat xidməti

WhatsApp Image 2026 03 05 at 22.18.24 (1) WhatsApp Image 2026 03 05 at 22.18.24 WhatsApp Image 2026 03 05 at 22.34.31 (1) WhatsApp Image 2026 03 05 at 22.34.31 WhatsApp Image 2026 03 05 at 22.33.42
Bu xəbəri paylaşın: