POEZİYA çələngi: O DAĞLARA SALAM DEYİN

ELBARİZ MƏMMƏDLİ

O DAĞLARA SALAM DEYİN

Salam oğul, sanmayın ki,
Sizi unutmuşuq, daha.
Canımızı oda verib,
Biz burda yatmışıq, daha.

Bu millətin çəkiləsi,
Neçə yükü var,-dağ kimi.
Könlümüz göyə can atır,
Şuşadakı bayraq kimi.

Eşq hamının yükü deyil,
Dərdi də çəkən daşıyır…
İndi oralar soyuqdu,
Bulud dağa çən daşıyır.

O ucqarda özgə nə var?
Hərə bir nağıl uydurur.
Yağı əl-ayağa düşüb,
Özündən «fağır» uydurur.

Canınız Vətən canıdı,
Həmişə diri saxlayın.
Burdan gələn dualara,
Bir sevgi yeri saxlayın.

Murovun qar üzü soyuq,
Sırsıradı, Laçın yolu.
Qapınızı bir dost döysə,
Çəkin, geniş açın, yolu.

Burda bir az ruh dəyişib,
Xalq haqqa əyilir, bəli.
Hər şəhidin ocağında,
Bir məğrur ana heykəli.

Bir azdan yaz qayıdacaq,
Duman dağlardan ötəcək.
Şəhid qanı düşən yerdə ,
Üçrəng çiçəklər bitəcək.

Yağı hələ pusqudadı,
Ölməz kökü qazılmasa.
Torpağın hər qarışına,
Azərbaycan — yazılmasa.

Qar altında yovşanların,
Baxın, canı diridimi.
Ruhumuzun çiçəkləri,
Görün, üzü bəridimi.

Torpağın bərəkət üzü-
Yağan qara salam deyin.
Zirvəsində bayraq tutan,
O dağlara salam deyin.

Gün sovuram, uralarda

Eh, mən də xərclədim, ömrü,
İtdi-batdı aralarda.
Heyif, gedib olammadım ,
Könlüm çəkən oralarda.

Xırdalandı yanım- yörəm,
Görəsən, tək mənmi hürrəm?
İstədim özümü görəm,
Çiliklənmiş paralarda.

Gah dara çəkdim ömrümü,
Əlimlə sökdüm ömrümü,
Neynəyim, əkdim ömrümü,
Zaman verən yaralarda.

Bəlkə elə, nağılmışam,
“Dərilmək”dən soğulmuşam,
Özüm bura yığılmışam,
İzim qalıb haralarda.

Daha geriyə yol da yox,
Dünən olanlar əldə yox,
Yaz deyilən əzəldə yox,
Gün sovuram, uralarda.

Sinəsinə

Yenə də dağların rəngi dəyişib,
Yağıbdı tər-təzə qar, sinəsinə.
Bulidlar elə bil ələyib göyü,
Şişman qayaların nar sinəsinə.

Gətirir, baxdıqca gözə, mürgünü,
Ürəyə duyğunu, gözə mürgünü,
Ağaclar geyinib qırov kürkünü,
Sanki baş qoyubdu, yar sinəsinə
.

Əynindən köynəyi ip-ip süzülüb,
Günəşin bu yerdən əli üzülüb,
Qışın buz qılıncı elə düzülüb,
Sısqa bulaqların dar sinəsinə.

Buludlar itirib yağış novunu,
Dörd gözlə axtarır ovçu ovunu,
Quşlar qaçıralı son girovunu,
Çökübdü elə bil tar, sinəsinə.

Könlü ya şaxtaya, ya ayazadı,
Hələ ki, bu qışın yönü duzadı,
Ötüşən günlərin üzü yazadı,
Gətirər dağların bar, sinəsinə.

Bu xəbəri paylaşın: