ŞƏHİDLƏR MÖVZUSU NƏ VAXTA QƏDƏR MÜZAKİRƏ OBYEKTİ OLACAQ?

Allahverdi Gündoğdu

Şəhid atası, yazıçı, jurnalist

…Uca Şəhidlərimizə, onların ailələrinə yönəlmiş qara əlləri heç də kənarda axtarmaq lazım deyildir. Onlar uzun illər hakimiyyət daxilində yuvalanmış, atlarını hər tərəfə yorğa çapan, qarşılarında daim yaşıl işıqlar yanan yadelli, yadqanlı fetoçular, PKK-çılar, haykanuşun bicləri, o qəbildən olan rusbaşlılar və lənətlənmiş 5-ci kolonun nümayəndələri olan Vətən xainləridir…

Öncə oradan başlayaq ki, Vətən müharibəsinin ilk günlərindən uca Şəhidlərimiz əbədi məkanlarına yola salınmaq üçün müqəddəs Şəhidlər Xiyabanına gətirilirdilər. ( Söhbət yalnız Bakı şəhərindən gedir). Bundan sonra həşəmətli televiziyalarımız, qəzetlərimiz və saytlarımız bu məkanın Fəxri Xiyaban olduğunu deyib, dad döydülər. Yəni Fəxri Xiyabanlarla Şəhidlər Xiyabanlarını ayırd etmək bu qədərmi çətin idi? Etiraf edim ki, mən bundan yana çox qıcıqlanırdım. O üzdən, demək olar ki, televiziya kanallarının hər birinə ayrılıqda zəng vurub, etirazımı bildirir və bu fərqi onlara təfsilatı ilə izah edirdim.

Ədalət naminə deyim ki, onlar da bu haqlı iradı qəbul edib, bir daha təkrar olmayacağına söz verirdilər. Heç bir saat keçməmiş, canlı efirdə «telebülbüllər» 2-ci Fəxri Xiyaban deyib, «cəhcəh» vururdular. Əfsuslar olsun ki,bu gün də həmin «peşəkarlıq» missiyası davam etməkdədir. İndi də keçək əsas mətləbə. Son günlər Şəhid valideynlərinin haqlı narazılıqları gündəmi zəbt edib. Onlar nə istəyirlər? Qazanılan uğurlarda böyük zəfər payları olan Şəhid övladlarının Şəhidlər Xiyabanında deyil, müxtəlif qəbristanlıqlarda, yol kənarında yöndəmsiz yerlərdə dəfn edilərək, araseçkilik yaradılması onların bütün rahatçılıqlarını əllərindən alıb. Həm dağ kimi övladın getsin, həm də ondan qat-qat ağır bir xəyanətlə üzləşəsən. Məgər bu belləri sınmış Şəhid valideynləri haqlı deyillərmi? Əlbəttə haqlıdırlar, özü də artıqlaması ilə. Mən bu haqda konkret faktlara əsaslanıb, dəfələrlə yazsam da, səsim heç hara çatmadı…

Belə dəfnlər yalnız iki təqdirdə ola bilər, ya Şəhid valideyninin təşəbbüsü ilə, yaxud da Şəhidlər Xiyabanında yer çatmayanda. Hamıya məlumdur ki, yeni Şəhidlər Xiyabanında hazır şəkildə bir neçə yüz boş məzar yeri vardır. Bir fikir verin , qətiyyətli Ali Baş Komandan millətimizə böyük Zəfərlər bəxş etmiş qəhrəman Şəhid və Qazilərimizə ən yüksək dəyər verdiyi halda, Şəhidlərimizin bir qisminin Şəhidlər Xiyabanlarından kənarda dəfn edilməsinin arxasıhda mənhus qara bir əl gəzir. Bu, əslində Şəhidlərdən öncə dövlətin, Ölkə başçısının əleyhinə yönəlmiş açıq-aşkar bir təxribatdır.

Halalca haqlarını tələb edən Şəhid valideynləri döymədikləri qapılar qalmayıb. Əlaqədar dövlət qurumlarında ,o cümlədən Nazirlər Kabinetində bu binəvalara cavab verən bircə nəfər insan balası tapılmadığından,onlar da yolları kəsməyə məcbur olublar. Daha doğrusu, məcbur ediliblər. Bundan sonra xeyli binamus, şərəfsiz meydana çıxıb, onları kimlərinsə, o cümlədən müxalifətin fitvasına getdiklərini söyləyirlər . Əvvala hamıya yaxşı bəllidir ki, ölkəmizdə müxalifət adlı bir zad yoxdur. Ölkədə yaxşı-yaman iqtidarda olan bir YAP var, bir də onun müxalifət çuxası altında gizlənən züy tutanları. Müxalifət demişkən, illər öncənin lətifəyə bənzər bir hadisəsi yadıma düşdü. Prezident seçkisinə start verilmişdi. Xanım jurnalist Ana Vətən Partiyasının ( heyf o addan) başqanı Fəzail Ağamalıdan soruşur ki, partiyanızdan prezidentliyə namizəd kim olacaq? Dedi, İlham Əliyev. Xanım təkrar etdi ki,ay Fəzail müəllim, mən YAP-ı demirəm ey, AVP-nin namizədini soruşuram?

— Bəli, İlham Əliyev,vəssalam! Buyur, bu da sənin müxalifətin…

Bu mövzuda Şəhid valideynlərini qınayanlara, onların kimlərinsə fitvasına getmələrini tökülmüş dillərinə gətirənlərə üzümü tutub demək istəyirəm ki, ay şərəfsizlər, Şəhid valideyninin biri də mən, bu yaşımda mən kimin fitvasına getməliyəm, hansısa Vətən xaininin diqtəsinə təslim olmalıyam? Çünki siz qanmazsınız Şəhidin hansı dəyərə malik olduğunu. Onun şirinliyini,acılığını . Həm də sizlər zəfəranın nə olduğunu bilə bilməzsiniz… Aylardan bəri küçələrə tökülmüş Şəhid valideynlərini mən yaxşı anlayıram, canımla-qanımla özümü onların yanında hiss edirəm. Sadəcə olaraq, səhhətim onların yanında olmağa imkan vermir. Vaxtilə qapımızı Şəhid xəbəri döyəndə, mən o qədər də sınsımamışdım. Belə ki, üzümüzü hansı tərəfə çevirirdik, Şəhidlə rastlaşırdıq. Bu gün Şəhid valideynlərinin başına gətirilənlər hələ 2007-ci ildə (tarixə baxın ha) başqa bir formada bizim başımıza gətirildi. Bu, bir uzun hekayət olduğundan, onu nəql etmirəm. Demək olar ki, üç ay evimizdə matəm ab-havası hökm sürdü. Başımıza bu müsibətləri açan Vətən xainləri ilə xeyli dartışandan sonra, haqq — ədalət öz yerini tuta bildi.

Bir sözlə, uca Şəhidlərimizə, onların ailələrinə yönəlmiş qara əlləri heç də kənarda axtarmaq lazım deyildir. Onlar uzun illər hakimiyyət daxilində yuvalanmış, atlarını hər tərəfə yorğa çapan, qarşılarında daim yaşıl işıqlar yanan yadelli, yadqanlı fetoçular, PKK-çılar, haykanuşun bicləri, o qəbildən olan rusbaşlılar və lənətlənmiş 5-ci kolonun nümayəndələri olan Vətən xainləridir.

Əminəm ki, 44 gün ərzində daşlaşmış Qarabağ məsələsini paramparça edən qalib sərkərdə İlham Əliyev cənablarının daxildəki Vətən xainlərinə əl gəzdirməsi çox da uzaqda deyildir. Bunsuz əldə edilmiş zəfərlər kölgədə qala bilər…

Digər vacib bir məsələyə də toxunmaq istərdim : Bu ifadə dövlət qurumlarında daha tez-tez səslənir. Yeni Şəhidlər, köhnə Şəhiədlər? Əşşi, Şəhidin də təzəsi, köhnəsi olarmı? Bu, uca Şəhid adına ən böyük hörmətsizlik, bəlkə də təhqirdir. İnanclı insanların xatirinə dəyməsin, on dörd əsr əvvəl (onların təbirincə desək) , şəhid olmuş imam Hüseynə köhnə Şəhid demək olarmı? Müalicəmlə əlaqədar olaraq, bu illər ərzində ilk dəfə idi ki, maddi yardımla bağlı mövcud bir neçə dövlət qurumuna müraciət etmək məcburiyyətində qaldım. ƏƏSMN-dən dedilər ki, bizlik deyil, Prezidentin yeni təsis etdiyi YAŞAT fonduna müraciət edin, ora düşmək mümkünsüz olduğundan , (bəlkə də Prezidentin qəbuluna düşmək ondan asan olar) dedilər DOST xidmətinə müraciət edin, onlar da dərdinə çarəni Asan Xidmətdə axtar söylədilər. «Çox sağ olsunlar», bu diribaş Asan xidmət də «Köhnə Şəhidlərə bəlkə mart ayından sonra YAŞAT fondunda baxdılar» deyib, məni asanlıqla yola saldılar. Bilsəydim ki, bu şərəfsiz Asan Xidmətçilər belə iyrənci ifadə işlədəcəklər, heç kəsə ağız açmazdım. Beləliklə, təzə Şəhid, köhnə Şəhid ifadəsini eşidəndən sonra, bu fikrimdən həmişəlik vaz keçdim.

Nə isə… bir onu bilirəm ki, bu gün istər oturuşmuş dövlət qurumlarında və eləcə də ictimai əsaslarla yaradılmış yeni qurumlarda oddan-alovdan çıxmış əsgər və zabitlərimizə, Qazi və veteranlarımıza , o cümlədən Şəhid ailələrinə qarşı yönəlmiş çirkin münasibər yuxarıda qeyd etdiyim kimi Dövlətə və Dövlət başçısına qarşı istiqamətlənmiş bir xəyanətdir.

Son günlər Türkiyənin aparıcı Partiyalarından olan MHP-nin başqanı Dövlət Baxçalının Şuşa anonsu, Şuşada Üzeyir Hacıbəyli adına müsiqi məktəbi inşa edəcəkləri mənfur Sorosun cocuqlarını yaman əndişəyə salıb. Bu yaramaz Vətən xainləri ülküçülərin Azərbaycana ayaq açmasını xəyanət hesab edirlər. Onlar yaxşı fərqindədirlər ki, qardaş ölkədə — Türkiyədə MHP-nin fetoçulara, PKK-çılara, bütövlükdə Vətən xainlərinə qarşı necə mübarizə aparırlar. Bu nökərlər onu da yaxşı bilirlər ki, Boz Qurdların — ülküçülərin Azərbaycana ayaq açması bu murdar ünsürlərin əbədi olaraq cəhənnəmin dibinə göndərilməsi ilə nəticələnəcək.

Onu da unutmayın ki, bu gün Qarabağda ermənilərin, bütövlükdə ermənizm taununun kökünü kəsmək nə qədər çətindirsə, ölkə daxilində, dövlət daxilində illərdən bəri lövbərlənmiş antimilli güclərə və onların yedəyində gedən nökərlərə qarşı mübarizə aparmaq bir o qədər çətindir.

Odur ki, biz bir millət olaraq Vətən xainlərinin yanında yox, daim dövlətimizin, Şəhid ailələrinin, qəhrəman Qazi və veteranlarımızın, bütövlükdə Azərbaycan əsgərinin yanında olmalıyıq ki, bizi uzun illərin üzqaralığından xilas etmiş uca Şəhidlərimizin ruhları da rahatçılıq tapsın.

Bu xəbəri paylaşın: