
XAQANİ Ədəboğlu
Sən şəhid oğlu, şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış və durur Peyğəmbər!
Yenə ağladınmı, Anam! Cənnətimə yağış yağdı…
Dərdli şəhid anaları neçə günlərdir ki, bala dağını unudub, Qaradağda fəryad edirlər. Bunca sadə bir problemə qulaq asan və şəhid valideynlərini dinləyən tapılmıır. MN özünü elə aparır ki, sanki bu qurumun işi eləcə şəhid tabutunu gətirib təhvil verməkdi. İllərdir ki, bu qurum, nə əlil kimi tərxis etdikləriylə, nə də şəhid ailələriylə maraqlanmır. Bu faktdır və qardaş Türkiyənin bu sahədə böyük, örnək olası bir təcrübəsi var. Rus «Qruz-200» yanaşmasını buraxıb daha yaxın bir xalqın yanaşma tərzini əxz etməliyik.
Elə məqamlar var ki, susmağın özü bir xəyanətdi. Şəhidlərə Vətən əmanət etdik, canları ilə qorudular. Şəhidlər isə kömdüyümüz bir məzar yerini və anasını bizlərə əmanət etdi, biz neylədik? Gecəsini məzar başında keçirən, şəhidimin anası, bizi bağışlama! Nə istəyir bu Ana? Oğluna ev deyil, bahalı saat deyil, bahalı maşın deyil, həyat da deyil, məzar yeri istəyir. Şəhidlərin səfindən 17 igidimizi perik salanların kirli fikirləri və o daş divarın arxasında köçmə bir qəbristanlığın varlığına, bəlkə də (Barının o üzündə kimləri basdırdığınızı bilmirsinizmi, o köhnə qəbristanlıqda? Bəlkə onu da biz yazaq? Yaxşı düşünün…) bu Yer, Vətən olaraq öz suyu ilə üsyan etdi. Anladınızmı, şəhidliyin müqəddəsliyini? Qaytarın o igidləri, öz sıralarına.
Biri çıxıb şəhid anasına müxalifətçi deyir, bir şərəfsizi utanmadan şəhid anasını təxribatçı adlandırır. Əli Həsənovun ruh mirası «Xəzər» tv, əsil FETÖ-çü kimi təxribat xarakterli süjet yayınlayır.
Xatırlayırsınızsa, Fətullah adlı pislik bir vaxtlar türk şəhidləri haqqında nə söyləmişdi? Xatırladım: “Mən orada televizora baxmağa cəsarət etmirəm. İstər orada məzlum, əlil vəziyyətinə düşən yerli insanlar (terrorçuları deyir — X.Ə.), istərsə də bəri tərəfdə bir heçə, bir yoxluğa doğru sürüklənən və sonra “şəhid oldu” deyə təsəlli edilən insanlar”. Bu gün şəhidimizə və ordumuza yönəlik bir həmlə ilə üzbəüzük. Birinin əmək haqqı kəsilir, birinin təqaüdü, qazisi yaralar içində qovrulur. Baxan yoxdur. Bizə deyirdilər, məğlub olmusunuz, yəqin bunlara da deyəcəklər ki, niyə qalib gəlmisiniz?!
17 şəhidə məzar yeri tapmayan Müdafiə nazirinin kəramətlərinimi yazaq? Bu məzarlar köçürülməlidir. Valideynlərin istəyi yerinə yetirilməlidir. Burada birinci məzar qazılandan bəri etiraz edilir. Deməli, bunu məqsədli şəkildə edənlər var. Məqsəd prezidentə qarşı narazılığın artırılmasıdır. Bu xalqın öz Liderinə inancını həzm edə bilmirlər. Bax məsələ budur. Bu məlum kolonun sifarişidir. Günahı şəhid ailələrində axtaranlar isə bu düşərgənin nökərləridir.
Məqsəd Dövlətimizin etibarına ləkə vurmaqdır. Bilin ki, Dövlət bir millətin namusudur. Onun üzərinə ayaq açanı, dil uzadanı neyləmək lazım olduğunu hər kəs yaxşı bilir. Məqsəd ermənilərə qarşı döyüş ruhunu zədələməkdir. Məqsəd Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfərə kölgə salmaqdır. Bu gün saxta vətənşüvənlər utanmadan və ən azı ermənicəsinə şəhid anasını «ekstremizmi»də günahlandırmaqdansa, problemin mahiyyətini araşdırsınlar. Həll olunması mümkün olan sadə bir problemi böyütmək deyil, yerində və anındaca həll etmək prezidenti sevməkdir. Bu cür təxribatlar törədib, güya «sədaqət» göstərmək kimi təqdim edirlər. Amma bəzi adamlar xırda problemləri də böyüdərək prezidentə və dövlətə qarşı yönləndirməyə çalışırlar. Unutmaq olmaz ki, şəhid ailəsinin, döyüşçünün sevgisi də, nifrəti də səmimidir. Şəhidlərin oradakı müqəddəs məzarları başında da valideynlər ölkə rəhbərinə inanclarının tam olduğunu və onun güvənc yeri olduğunu deyirlər. Sosial şəbəkədə verilən məlumatlardan aydın olan odur ki, müharibəyə Baş Qərargah rəisi olmadan gedən Müdafiə nazirliyi 17 nəfər şəhidin valideynini dinləmək qabiliyyətində də deyil. Bunudamı, bunların yerinə Ali Baş Komandan etməlidir?
Nə istəyir, şəhid anası? Yaxınlığında qurunt suları olan bir ərazidə basdırılan müqəddəs şəhidlərimizin köçürülməsini istəyir. Gediş-gəlişi çətin, yeri münasib olmayan əraziyə etiraz edirlər. Hamısı eyni sözü deyir. Cənnət gülü olan şəhidlərimizin nəşi sular içində qalmamalıdır. Orası bəllidir ki, şəhid torpaqla deyil, Torpaq şəhidlə şərəflənib Vətən olur, yurd olur. Onların qanıyla yoğrulan bu müqəddəs Torpaqlar, onların qanıyla cücərən ağaclar və onların şərəfinə ucalan Bayraqlar sıralanmış bir məmləkətdə, gözün arxada qalmasın, Şəhidim!
Əsil döyüşçülər üçün şəhidlər, Vətən kimidir. Biz onları Vətənimiz kimi müqəddəs bilər və Vətən kimi sevərik. Bu müqəddəsliyi qoyub, şər yanında quyruq bulayanların cavabını qalib əsgərin qalib Komandanı mütləq verəcəkdir.
Şəhidləri unutmayın. Şəhid unudulanda ölür. Şəhidini unudan millət də ölmüş deməkdir. Şəhidinə ehtiram göstərməyən Dövlət çökmüş deməkdir. Sizi unudanları görüncə, yaşamaqdan və belələriylə bir ölkədə eyni havanı udmaqdan utanıram.
Heç bilirsiniz, şəhidlik nə deməkdir?
Şəhidlik, bir məzar üstündə «Mən gəldim» deyən övlada cavab verə bilməməkdir… O məsum körpəyə verilməyən cavabdır, şəhidlik…
O cavabı unutmayın! Sizlər haradan biləsiniz ki, şəhidlik nə deməkdir?
O qəhrəman oğulları doğan analara şəhid anası deyilər. Amma təxribatçı və bütün pis adlar isə şəhid anası haqqında yanlış düşünən bicləri bu dünyaya sırıyanların boynuna biçilib.
Bilirsinizmi, şəhid anası, nə istəyir? Köksünü bu məmləkət yaşasın deyə, sipər etmiş oğluna, sinəsindən dammayan bir məzar yeri istəyir…
FOTO: 1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2019-cu ildə Prezident Sarayında şəhid ailələri ilə görüşmüşdülər. İ. Əliyev demişdi: «Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır».

2. İstanbuldakı terror hücumunda şəhid olan polis məmuru Haşim Usta, Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın qatıldığı törənlə son yolculuğa uğurlandı. Cumhurbaşqanı Ərdoğan törəndə şəhid anasının əlini öpdü.


