
ELBARİZ Məmmədli
Qazisini öyəsən,
Şəhidə baş əyəsən,
Hər kişi qapısını,
Sevgi ilə döyəsən.
*************

YURD BOŞALDI, LƏLƏ GETDİ…
Su da bahalaşdı, qardaş,
Vicdanı ucuz ölkədə.
Hamı qılınca yürüyür,
Tamahı quduz ölkədə.
Əsəbdi, başa qan vuran,
Ağlayır yuxudan duran,
Aşağısını don vuran,
Yuxarısı buz ölkədə.
Nə qədər dərd daşıyasan?
Qurtarmaz qan daşın yusan,
Axı, necə yaşayasan,
Parasız-pulsuz ölkədə.
Kimin boynunda babalı?
Duyanın dəyişir halı,
Ağlar gözlərə hopalı,
Qəhət olub duz ölkədə.
Yurd boşaldı, Lələ getdi,
Umduğumuz yelə getdi,
Əkinlər də belə getdi,
Çayları susuz ölkədə…

VƏTƏN DƏYİŞİLMƏZDİ
Çini dəyişmək olar,
Yönü dəyişmək olar,
Mirzə Kazım bəy kimi,
Dilə ölüm gələndə,
Dini dəyişmək olar.
Eşq məkana bağlıdı,
Bədən cana bağlıdı,
Can bədənə bağlıdı,
Bədən dəyişilməzdi.
Bir qarındı, bir boğaz,
Yetər, doyursa, bir az.
Beş-üç sadiq dost ola,
Bir də bir sədəfli saz.
Gəzəsən Vətən boyu,
Könlündə çağlaya yaz.
Qar düşə zirvələrə,
Xəyal uça nələrə.
Dərə, gədik çən ola,
Fərqi yox,- Vətən ola,
O çən dəyişilməzdi.
Qazisini öyəsən,
Şəhidə baş əyəsən,
Hər kişi qapısını,
Sevgi ilə döyəsən.
Hər qapı arxasında,
Bir cəsarət heykəli,
Bir qürurlu MƏN ola.
O MƏN dəyişilməzdi.
Ömür elə ağır ki,
Yorur hamını, yorur.
Hər yolun o başında,
Bir sınaqlı sədd durur.
Dost varsa, düşmən də var,
Neçə-neçə ocaqda,
Hələ yadlar oturur.
Damarına qan kimi,
Əbədi ünvan kimi,
Oturub çəmən sənin.
Çəmən dəyişilməzdi.
Hərəsi bir zirvədi,
Çoxdu, müqəddəsləri.
Yüz illərin qatında,
Qeyrət adlı səsləri.
Şahlar gəldi-gedərdi,
Ad qoyan adlı olar.
Hərə bir sevgi versə,
Millət qanadlı olar.
İnsan naxələf olsa,
Tanrı kamını verməz.
«Qürbət cənnət olsa da,
«Vətən tamını verməz.
Vətən dəyişilməzdi.

KÜLƏK BİR YOVŞAN GƏTİRƏ
O qədər duyğu yükü var ,
Bilmirsən, nə toxuyasan.
Hərdən ürəkdən keçir ki,
Anadil tək oxuyasan.
Durasan fikrin belində,
Ümid qaynaya dilində,
Həsrətin ölə əlində,
Gözlərini sığayasan.
Əl tutmağa yeri ola,
Bir az canın diri ola,
İkisindən biri ola,
Ya taleyin yoxu, ya sən.
Hər duyğu bir gül bitirə,
Səni arzuna yetirə,
Külək bir yovşan gətirə,
Ürəyincə qoxuyasan.

DUYURSANMI MƏNİ, TANRIM?
Duyursanmı məni, Tanrım?
Burda hər şey qarışıb.
Hamı gününü sayır,
Bəxti ilə barışıb.
Bir rahat yeri yoxdu,
Dünya girib oyuna.
Təkcə xəyalı gəlir,
Qəriblərin toyuna.
Gözlərdən yuxu qaçıb,
Yuxular da səksənir.
Burda əlini açıb ,
Hamı sənə güvənir.
Şeytan sənlik deyil ki?
Yenə qatır aranı.
Vallah, yaşamaq olmur,
Gündə bir macəranı.
Qayğı elə gəlir ki,
Səhər axşamı yeyir.
Niyyət dəyişib yaman,
Adam adamı yeyir.
Sən verdiyin hökmdən,
Yerdə heç nə qalmayıb.
Elə məxluqların var,
Səni vecə almayıb.
Bəlkə qəzəblənəsən,
Günlərin birində sən.
Onda hamı biləcək,
Ordasan, yerindəsən.

SÜKUT SƏNƏ AĞIRMI?
Bilirəm, darıxırsan,
Sükut sənə ağırmı?
Yenə həsrətin dəni,
Saçlarına yığıırmı?
Sinən qəmdən ləklənib,
Ruhun yəqin, təklənib,
Qəmin yenə köklənib ,
Ümidini sağırmı?
Darıxdırır əlləri,
Həsrət rəngli gülləri,
Yenə yurdun yelləri,
Mənim kimi fağırmı?
Ötən ömrə baxmadım,
Xatirəni yığmadım,
Mən dünyaya sığmadım,
Sənin könlün sığırmı?
Yenə duyğu oynayır,
Canda qorxu oynayır,
Burda sel-su oynayır,
Kəndimizə yağırmı?

