Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam etməsi barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 2 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.
**************
Aydın məsələdir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması yeni müharibənin qızışdırılmasına yönəlmiş planlı aksiyadır və belə şeyə dərhal reaksiya verilməlidir.
Axar.az xəbər verir ki, bunu Report-a rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Fikrimcə, Qazax istiqamətində Azərbaycan postunun atəşə tutulması ilə bağlı hadisəni beynəlxalq sülhməramlı iştirakçılar, yəni Rusiya və Türkiyə qiymətləndirməlidir”, — o bildirib.
Ekspert söyləyib ki, görünür, Ermənistan silahlı qüvvələrində döyüş əməliyyatlarının dayandırılmasına dair razılaşmanın imzalanmasından sonra başlayan prosesləri bəyənməyən yüksək vəzifəli şəxslər var və onlar ölkəyə dinc həyat gətirməyə çalışan baş nazir Nikol Paşinyanı gözdən salmağa çalışırlar.
“Hər halda, mövcud münaqişə vəziyyətini sərt şəkildə dayandırmaq və rəsmi İrəvandan izahat və üzr tələb etmək lazımdır”, — o vurğulayıb.
