Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin ad günüdür!

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi bu münasibətlə Azad Musayevi təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq. Azad Musayev daim müharibə veteranlarının hüquqlarının bərpa olunmasına çalışan və qəlbi ordumuzl çırpınan şöbə sədrlərimizdəndir.
Təbrik edirik, bütün gözəlliklər sənin olsun!
Ad günüylə bağlı Hacı Həsənin yazdığı təbriki sizlərə təqdim edirik. O, veteranların bütün arzularını öz yazısında ifadə edib.
******************
Çalış öz xalqının işinə yara,
Dünya əməlindən geysin zərxara.
(N.Gəncəvi)
2021-ci il Şərq ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan klassik ədəbiyyatının mütəfəkkir şairi Şeyx Nizami Gəncəvinin 880-ci ildönümü və Azərbaycan Aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Dədə titulu ilə tanınan Aşıq Ələsgər Göyçəlinin 200 illik yubileyi ərəfəsində əziz dostum-qardaşım Azad Məhəmməd oğlunun da ildönümünə təsadüf etdi.
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İ.Əliyev bu ili «Nizami ili» elan etmişdir. Nə xoş tale ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan şöbəsinin sədri Azad Musayevin də ad günü bu xoş məqamda qeyd olunur.
Musayev Azad Məhəmməd oğlu 1972-ci il fevral ayının 3-də Zəngilan rayonunun Seyidlər kəndində dünyaya göz açıb. Həmin kənddə böyüyüb boya-başa çatıb, orta təhsil alıb və həqiqi hərbi xidmətə gedib.
70-ci illərin uşaqları 1990-cı illərin əvvəllərində gəncliyin və yeniyetməliyin gözəlliklərini yaşamaq əvəzinə keçid dövrünün dalanlarında, dolaylarında min bir problerlə qarşılaşdı. Nəinki keçidlərdə dolaşdıq, sonra da müharibənin od-alovlarında yana-yana bir ömrün necə gəlib keçdiyinin fərqinə varmadıq. Bir də baxdıq ki, əllini haqlamışıq:
Gənc ömrümüz necə yaşa dolubdur,
Nə sən bildin, nə mən bildim, əzizim.
Azad müəllimin də 49 yaşı tamam olur. Bu 49 ildə çox şey dəyişdi. Bir şeydən başqa. Azadın ömründə dəyişməyən şey həmişə əsgər olmasıdır. Daim döyüşə hazır vəziyyətdə yaşamasıdır. Düşünürəm ki, bu, onun Zəngilanda, Seyidlər kəndində yarımçıq qalmış arzuları üçün yaşamasının nəticəsidir. Könlü o kənddə qaldı. Sevgisi, uşaqlığı o kənddə qaldı. Yarımçıq arzuları o kənddə qaldı. Əsgər gedən kimi arxada qoyub getdiyi hər şeyi tapmaq ümidi ilə xidmət etdiyi hərbi hissədən müharibə aparan ölkəsinə göndərilməyi tələb etdi. Onun kəndi, ocağı od içindəykən yad bir yerdə qulluq etməyi özünə icazə vermirdi. Amma, o, əsgər idi. Əmrə tabe olacağına and içmişdi. Onun tələbi təmin olunanda sevincinin həddi-hüdud olmadı. Dərhal Zəngilana qayıtdı. Döyüşən qardaşlarına qoşulmaq istədi – icazə vermədilər. Heç olmasa biri ailədə qalsın deyə onu qoymadılar. Amma xeyri olmadı. Azad müəllim müharibəyə getməyin yolunu tapdı. Şərəflə döyüşdü, çətin günlərə dözdü, qaçqınlıq ömrü yaşadı. Amma, geri çəkilmədi. Bacardığı qədər, bacardığı kimi döyüşdü. Arxada da döyüşdü. Veteran kimi, sosial sahədə döyüşdü. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan şöbəsinin sədri kimi döyüşdü. Fikri zikri yenə Zəngilanda qaldı. Açıq döyüşə girə bilmədiyi vaxtlarda döyüşçünün «sağ əli» oldu. Onların ən vacib ehtiyaclarını təmin etməyə çalışdı – təki Zəngilan azad olaydı. Nəhayət, Allah təala ona bu günü qismət etdi.
2020-ci il oktyabrın 20-də Zəngilan rayonu azad ediləndə Azad dünyanın xoşbəxti idi. Çünki, bu qələbədə onun da payı vardı. Xatırlayıram ki, Azad müharibənin hər gününü döyüşçülərin yanında olurdu.
Rəhbərlik etdiyi qurumun üzvləri ilə birlikdə yorulmadan təchizat işi ilə məşğul olurdu. Adi vaxtlarda da yorulmadan çalışırdı. Daim təmsil etdiyi qurumun üzvlərinin qayğısına qalıb. Onların problemlərinin həlli ilə məşğul olub. Şəxsən məni bir zəngilanlı, müharibə əlili kimi həmişə diqqət mərkəzində saxlayıb. Müharibə veteranı və Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi medalları ilə təltif olunmağımı təmin etmişdir.
Karantin günlərində onlayn fəaliyyətə keçib. Bir çox yazıların saytlarda çıxmasının qayğısına qalıb. Azad müəllim xeyli müddət bu sahədə bizə dəstək oldu. Bu gün çox sevinirəm ki, Azad könül xoşluğu ilə ilk dəfə azad bir məmnunluqla ilk azad ad gününü keçirir. Artıq Zəngilan azaddır.
. Azad da Zəngilanladır. Artıq Zəngilanda keçirəcəyimiz bir çox bayramlarımızı xəyalən deyil, istədiyimiz kimi keçirəcəyik, inşəəallah!
Azad kimi oğullar Vətənin qiymətli xəzinəsidir. Onların həyatı və təcrübəsi tövsiyyə olunur. O, həqiqi bir vətənpərvərdir. Necə ki, peyğəmbərimiz buyurub «hubbul vətən minəl iman» — yəni Vətəni sevmək imandandır.
Ona bundan sonrakı həyatında da ən şirin nemət olan can sağlığı, arzularının çiçəklənməsini, Vətəndə firavan yaşamasını, həm də uzun və mənalı bir ömür arzu edirəm.
O, ömrünün gənclik çağındadır. Həyatı hələ irəlidədir. İndi Azad müəllim ömrünün keyfiyyət dönəminə daxil olur. Allah təala sənə yar olsun. Doğmaların və sevdiklərinin əhatəsində Allah təala səni xoşbəxt etsin. Amin!
Sözümü əslən Zəngilandan olan Seyid Səməd Xudayarovun bir beyti ilə tamamlamaq istəyirəm:
Əzəldən belədir, çatmayır dada,
Yamanlıq eyləmək asan olsa da.
Yaxşılıq əbədi qalır dünyada,
Pisliklə salınan iz, nəyə gərək.
Hacı Həsən Hüseyni
I dərəcəli Vətən Müharibəsi əlili,Yazıçı-publisist