
ELBARİZ MƏMMƏDLİ
Yenə gül bitirər, düzlər,
Qopar cəfasından üzlər,
İstəyi çaylar, dənizlər,
Eşqi Turan, yol adamı.
GEDİRİK
Yormuşdu bu yollar bizi,
Bürünüb aha, gedirik.
Üzü axşama gəlmişdik,
Üzü sabaha gedirik.
Ruhu göyə əl yetirən,
Eşqi həsrəti itirən,
Bozqırlarda gül bitirən,
Doğma «günah»a gedirik.
Gəldik, tanıdıq hamını,
Səhərini axşamını,
Tutub göylərin şamını,
Atları şahə gedirik.
Bizlik deyil, haqqı danmaq,
Var olan TƏKdən usanmaq,
Yad sevdalara inanmaq,
Yetərmiş daha, gedirik.
Göyümüz var, göyü qədər,
Dünya ruhun öyü qədər,
Bir yovşan çiçəyi qədər,
Ulu tamaha gedirik.
Böyüdük Vətən dadıyla,
Köksümüz dolu, oduyla,
Böyük Turanın adıyla,
Üzü allaha gedirik.

EŞQİ TURAN, YOL ADAMI
Hara tələsirsən, belə?
Ruhu ümman , yol adamı.
Fani dünyanın gözünü,
Tutubdu qan, yol adamı.
Yurdun qalıbmı, yurd kimi?
Yolunda sərhəd tilsimi,
Gözlərindən Boz Qurd kimi,
Alov daman, yol adamı.
Göylərin rəngi çəkilib,
Torpağa həsrət əkilib,
Bayrağına qan tökülüb,
Aman, aman yol adamı.
Ucqarın qarı əriyib,
Çəpərlər içə yeriyib,
Tibetdə ruhun kiriyib,
Yolu duman, yol adamı.
İşıqdı qanın, yolunda,
Haqqın, imanın yolunda,
Ulu sevdanın yolunda,
Nədir ki, can, yol adamı.
Yenə gül bitirər, düzlər,
Qopar cəfasından üzlər,
İstəyi çaylar, dənizlər,
Eşqi Turan, yol adamı.

OLMUR
Böyük dəyər adamı Firuq Qaziyə
Adamın yolu olar,
Yolun da öz adamı.
Təkcə Tanrıdı, sevən,
Deyəsən, düz adamı.-
Belə yaşamaq olmur.
Heyif ki, gözə dəymir,
Papaq altda yatanlar.
Hara üz çevirirsən,
Boy verir şarlatanlar.-
Duyub daşımaq, ömrü.
Bir düşünən yoxdu ki,
Bu ruhlar nədən perik.
Qartallar daşdan perik,
Qurdlar zirvədən perik.-
Həsrətdən qaçmaq olmur.
Uca-uca başların,
Önünü divar kəsir.
Yazına dolu yağır,
Qışını sərt qar kəsir.-
Yolunu aşmaq olmur.
Könül incik düşüncə,
Həsrət arzularına.
Sən qoşula bilərsən,
Bir durna qatarına.-
Ürəyi qoşmaq olmur.

