POEZİYA ÇƏLƏNGİ: HARA TƏLƏSİRSƏN, OĞUL?

ELBARİZ MƏMMƏDLİ

Sənin nə vecinə, məmur balası,
Canını ehtiyac ayaqlamayıb.
Şəhid anası tək, əli qoynunda,
Anan kədərinə yas saxlamayıb.

HARA TƏLƏSİRSƏN, OĞUL?

Gənc dostlarımızdan biri deyir ki, savaş başlamışkən, İrəvana qədər getmək lazım idi. Əlbəttə ki, bu hamımızın ürəyindən keçən hissdir. Amma dünyanın böyük gücləri heç vaxt bizə bu haqqı tanımazlar. Çünki Türk varlığı, Türk sevgi və həqiqəti onlarln murdar niyyətləri ilə uzlaşmır. Odur ki, bu hədəfləri tədricən keçmək məcburiyyətindəyik. Qana qan almaq şərtilə…

Hara tələsirsən, oğul,
bu, qütbləşən dünyanın dar
macalında?
Sənlik- mənlik ruhun, içindən qəm tökülən
yuxulu halında.
Hələ bitməyibdi qan davaları,
yenicə dirçəlir şan davaları…
Qarşıda nə var, bilirsənmi?
Hər addımda bir xəyanət,
hər gülən üzdə bir niyyət,
hər niyyətdə bir fitnə var, bilirsənmi?
Biz özümüzü tanıyammadıq,
bizi tanıyırlar, oğul.
Min illərin yol yolçusu-
üzü tanıyırlar, oğul.
Və tanıya-tanıya qanımızı içirlər,
başımızı kəsirlər,
adımızı sonuncu ünvandan
silməyə tələsirlər.
Sənin dönməz ürəyin var,
bitməyən hünərin var,
dünyanın binasında
silinməz bir yerin var.
Amma bəşərin qəsdinə tuşlanmış
ölüm üzlü silahların yoxdu,
torpağa ölüm əkən günahların yoxdu.
İndi günahlıların əlindədi, dünya,
Tanrının əvəzinə çiçəklərin dərdini
küləklərlə ağlayıb,
yağışlarla döyürlər,
hər yerdə haqqı əzib,
cinayəti öyürlər.
Hara tələsirsən, oğul?
Gediləsi yol öndədi,
keçiləsi yal öndədi,
hələ bu harasıdı ki,
hələ qeylü-qal öndədi.
Atını mahmızlayıb,
kədərini dizləyib,
ruhunu təmizləyib
səni gözləyənlər var,
sinəmizə dərd kimi çəkilmiş
sərhədlərin o tayında.
Bizi yaxşı tanıyırlar,
tanıdıqları üçün əzirlər, oğul,
hara üz çeviririk,
birləşib yolumuzu kəsirlər, oğul.
Bilirlər ki, gec ya tez yiyəsinə dönəcək
dəllal bazarında
hərraca çıxarılmış dünya,
haqdan əli üzülmüş dünya.
Tələsmə, oğul.
Bu millətin qan yaddaşında yüzlərlə Xocalı dərdi var,
yağmalanmış yurd qəmi var,
fəqət, təkcə Tanrı adlı həmdəmi var,
onun ucalığına tapınmağımız
aparacaq, bizi
sahibi olduğumuz uzaqlıqlara.

SƏNİN NƏ VECİNƏ, MƏMUR BALASI

Sənin nə vecinə, məmur balası,
Canını ehtiyac ayaqlamayıb.
Şəhid anası tək, əli qoynunda,
Anan kədərinə yas saxlamayıb.

Əllərdə gəzibsən, nəmər qəndi tək,
Göydəcə ödənib ehtiyacların.
Sən hardan biləsən, necə yaşayır,
Çılpaq balaları, qarnı acların.

Yerdən qalxanınız haqqa xor baxıb,
Çökdürüb millətin canına, yası.
Arzusu, niyyəti talamaq olub,
Budur, zümrənizin konstitusiyası.

Sizin nəfsinizin ovuna dönüb,
Gözünü açandan dərdi duyanlar.
Hər səhər ümidlə qapıdan çıxıb,
Hər axşam qarnını qucaqlayanlar.

Sən də atan kimi məmur olarsan,
Bu bəxt boyunuza biçilib sizin.
Nəfsiniz o qədər böyüyübdü ki,
Vətən gözünüzdə kiçilib, sizin.

Bir savaş başladı, sizsiz bir savaş,
Yenə cəbhələrə qarnı aç getdi.
Cırıq çəkməsindən barmağı çıxan,
Əyni yalın getdi, yalavac getdi.

Qaçıb aralıqdan elə çıxdınız,
İziniz torpağa tökülmədi də.
Üç min şəhidimin sıralarında,
Birinizin adı çəkilmədi də.

İndi düşübsünüz yenə, ortaya,
Dədəniz kürsüdən qızıb, danışır.
Savaş nə olandı, özü də bilmir,
Haqqı yüz ünvana yozub, danışır.

Kefiniz gəzsə də göyün üzündə,
Siz öz qarnınızla toxsunuz, bilin.
Şəhid tabutuna çiynini verən,
Bir qadın qədər də yoxsunuz, bilin.

Sənin nə vecinə, məmur balası,
Ürəyin həsrətdən para deyil ki.
Şəhid balası tək- üzü qapıya,
Gözün ağlamaqdan yara deyil ki.

Sizə də çatacaq vaxtın əlləri,
Sizi süpürəcək, ruhdakı düzən,
Yollar qırılacaq ayağınızda,
Tanrı bəxş edəndi, Əzrayıl kəsən.

ÖLDÜRƏN ÖLMƏLİDİ…

Xocalı soyqırımına ithaf

Nə az, nə çox,
daha susmağa yer yox.
Düz 29 ildi, sən bizi gözləyirsən,
biz səni,
Vaxtın amansızlığı,
bəşərin qansızlığı
buraxıb yer üzündə
tamam ümidsiz, səni.
Sən niyə şəhid oldun?
Bir davan da yoxuydu,
kimisə öldürməyə,
kiməsə xor baxmağa
bir havan da yoxuydu.
Əkilmişdi torpağa,
torpağı əkən əllərin,
həyat sevgisinə
bayraq olmuşdu əməllərin.
Hələ də anlamaq olmur-
o fevral gecəsində doğulan cinayəti,
törədilən vəhşəti.
Din davasıydımı?-
anlamaq olmur.
Qan davasıydımı?-
anlamaq olmur.
Dava qeyrət işidi, axı.
Burda qeyrət görünmədi,
kişilik boy göstərmədi,
əli silahlı qatil südəmər körpəyə də
son ümidi vermədi.
Qırdılar Xocalını,
günəşə əl uzadan arzularından
vurdular Xocalını.
Tarix gərək unutmasın,
erməni-rus məkrinin
bu təzə misalını.
İndi ədalət istəyirik,
kimdən?
-ədaləti olmayandan,
bütün insanlığa məhəbbəti olmayandan.
Xocalının ədaləti
qandan keçir qardaş, qandan,
o körpənin damarını kəsən
cəllad balayandan keçir qardaş,
balayandan.
Qanlı suça əl atıb
öldürən, ölməlidi,
əzən əzilməlidi,
hamısı tapılıb divara düzülməlidi,
ədalətə qovuşmaq üçün,
təzdən yol açmaq üçün ,
düz 29 ildi ki, əlimiz çatmayan
Xocalıya.

ÜŞÜYÜR

Dağlara qar düşüb, yenə,
Üşüyür bağlar, üşüyür.
Şaxtadan nəfəsi donan,
Sısqa bulaqlar üşüyür.

Başında çən dənizi var,
Günəşə baxan üzü var,
Köksündə bahar izi var,
Üşüyür dağlar, üşüyür.

Vətəndi köksünün bağı,
Arzuları göy qurşağı,
Başında Vətən bayrağı,
Orda uşaqlar üşüyür.

İsidib min-min yuvanı,
Torpağa tökülən qanı,
Neçə şəhidin ünvanı,
Bir gözü ağlar, üşüyür.

Hələ bir az ümidi var,
Bitməyən yaz ümidi var,
Qayıtmayan igidi var,
Həsrət ocaqlar üşüyür.

Əsir yurdlar var, o üzdə,
Hamının qulağı səsdə,
Gəlib bu həsrətin üstə,
Səpələnən qar üşüyür.

Bu xəbəri paylaşın: