ABŞ-ın «B-21 Raider» strateji bombardmançı təyyarəsi Rusiyanın S-400 “Triumf” tipli hava hücumundan müdafiə sistemlərinə, habelə Çinin J-20 qırıcılarına qarşı əsl “qatil” rolunu oynaya bilər.
Bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb. Jurnalın yazısında «B-21 Raider» təyyarələrinin xarici görünüşünə görə “B-2 Spirit” bombardmançılarına bənzədiyi qeyd olunub. Bu təyyarənin ən böyük özəlliyi radara yaxalanmadan və sezilmədən düşmənin ərazisinin lap dərinliklərinə qədər irəliləyə bilməsidir.
Hələ bu ilin mart ayında “The Drive” jurnalı ABŞ hökumətinin B-21-lərə yüklənəcək istilik mübadilə sistemlərinin işlənib hazırlanması üzərində çalışdığını qeyd etmişdi.
“Popular Mechanics” “Northrop Grumman” korporasiyasının istehsalı sayılan «B-21 Raider»ləri dünyada mövcud olan ən müdhiş təyyarə adlandırıb.
Gələn məlumatlara əsasən, ABŞ Hərbi Hava Qüvvələri 100-dən çox B-21 təyyarəsi almağı və buna görə 80 milyard dollar pul sərf etməyi planlaşdırır. Birləşmiş Ştatlar rəhbərliyi gələcəkdə «B-1B Lancer» və «B-2 Spirit» bombardmançılarını onlarla əvəz etməyi düşünür.
