Bu gün şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılmalıdır.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov danışıb.
Eldar Rüstəmov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Bu tarixi anları yazan şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələləri bu gün diqqət mərkəzində olmalıdır. Bunu ölkə rəhbəri və Birinci vitse prezident xanım Mehriban Əliyeva dəfələrlə öz əməli işləri ilə hər kəsə bəyan ediblər.
Lakin bu gün hələ də bəzilərinin öz ampulalarında olduqlarını görməkdəyik. Problemlə bağlı yaradılan komissiyalar işləmirlər. Çünki onlar bu problemi bilmirlər. Evlərində yox, qohumlarında yox. Döyüşçünü anlamaq üçün bu təbəqəyə yaxın olmaq lazımdır. Günbəgün artan bu narazılıqları önləmək üçün AVMMVİB-nin bütün şöbələri ilk gündən könüllü olaraq gənc döyüşçülərimizlə izahat işləri aparmaqdayıq. Bizim dövlətçilik və Ali Baş Komandanımızın yürütdüyü siyasəti dəstək məqsədiylə apardığımız bu işlərə dəstək vermək əvəzinə pozuculuq hərəkətləri ilə üzləşməkdəyik.
AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov vurğuladı ki, şəxsən Suraxanı rayonunda qaldırdığımız bütün məsələlərə Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov daim diqqətlə yanaşmış və məsələnin həlli üçün müvafiq göstərişlər vermişdir. Bu gün də Suraxanı rayonunda bu istiqamətdə görülən işlər görülməkdədir və bu, hər bir müharibə veteranının ürəyincədir.
E. Rüstəmov deyir ki, rayon şöbəsi olaraq bu günədək onlarla tərxis olunmuş gənclərimizlə görüşlər keçirib həll olunması mümkün olan problemlərin həllinə yardımçı olmuşuq. Maraqlıdır ki, müraciət edənlər bu günədək AVMVİB-dən qeyri kimsənin onlara diqqətlə yanaşmadığını qeyd edirlər. Düzü bu işlər bizim imkanlarımız daxilində bir iş deyil. Onsuz da bəzi məmurların sayəsində köhnə veteranların on illiklər boyunca həllini tapmayan problemləri yetərincədir. Bu gün hər bir AVMVİB üzvü bu işdə əsil könüllü olaraq gənclərimizə veteran adının uca tutulmasını, cəmiyyətdə bir örnək olmasına çalışmağı təbliğ edir.
AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov onu da qeyd etdi ki, bu gün də qərarların qəbulunda bizlərin təcrübəsindən deyil, müharibənin, səngərin və hətta ön xəttin nə olduğunu bilməyən, veteranlardan xoşlanmayan bəzi adamların «təcrübələrindən» istifadə olunması böyük bir yanlışdı. Müharibəni döyüşçüdən soruşarlar. Nədənsə bizdə bu streotip hələ də qalmaqdadır. Komissiyalar yaradılır və oraya heç bir veteran daxil edilmir. Bu qəbuledilməz bir üslubdur.
Gənclərlə bağlı E. Rüstəmov bildirdi ki, biz görüşlərdə olduğu kimi onları səbrli olmağa çağırırıq. Vətəni nəyinsə müqabilində qorumadığımız ortadadır, Vətəni qorumağı bacara əsgər öz hüququnu da qorumağı bacaracaq.
Elnur Səlim





