YURD SEVGİSİ, YOXSA VƏTƏNƏ XƏYANƏT? MÜƏMMA…

Allahverdi Gündoğdu

Yazar, jurnalist, şəhid atası

Uzun illərin Vətən həsrətinə, Yurd nisgilinə 2020-ci ilin son rübündə başda Ali Baş Komandan olmaqla uca Şəhidlərimizin, qəhrəman Qazi və veteranlarımızın, bütövlükdə müzəffər Azərbaycan Ordusunun və xalqımızın monolit birliyi sayəsində son qoyularaq, Yurdlarımız cüzi istisnalarla olsa belə, gavur tapdağından azad oldu.

Millətimizin öləziməkdə olan Yurd həsrəti, Qarabağ sevdası dirçəlməyə başladı. Azərbaycan böyük Türkiyənin xeyir-duası və dəstəyi ilə dünya müharibə tarixində analoqu olmayan Zəfərlərə imza atdı. 30 il ərzində mənfur düşmən tərəfindən bayquşlar ulayan xarabalıqlara çevrilmiş Qarabağ yeni həyatına qədəm qoydu.

Aradan 6-7 ay keçməsinə baxmayaraq, bu böyük Zəfərə kölgə salmağa, çamur atmağa çalışan ölkəmizi, dövlətimizi başdan-başa sarmış yadellilər, yadqanlılar, o cümlədən rusbaşlılar, fetoçular, PKK-çılar, haykanuşun bicləri vardır. Sadəcə adı olub, əslində isə özü olmayan mətbuatımız görün kimlərə xidmət edir? Ölkəmizdə fəaliyyət göstərən sayt və mətbu orqanlardan təxminən 2500-dən çoxu hələ də Vətən xainləri ramiz mehtiyevlərin, əli həsənovların,eləcə də marqarita simonyanların girovluğundadırlar…

Azərbaycan Qarabağda qeyd-şərtsiz möhtəşəm Zəfər çaldı. Lakin bunun davamı kimi ölkə daxilində, hakimiyyət strukturlarında, idarəçilikdə təmizləmə işləri getməsə, yaxud da gecikdirilsə, o zaman böyük Zəfərin bir çürük qoz qədər əhəmiyyəti qalmayacaq. Görürsünüz, qardaş Türkiyə 2016-cı ildən bu yana dövləti, ordunu, polisi, bütövlükdə dövlət idarəçiliyini çulğamış fetoçulara, PKK-çılara, İŞİD-çilərə və digər lənətullalara qarşı necə əzmlə gecə-gündüz mübarizə aparır? Biz istəsək də, istəməsək də Azərbaycanda məhz həmin təmizləmə işlərinin həyata keçirilməsi qaçılmazdır. Burada Türkiyə amilini əsla unutmamalıyıq.

Vətən Müharibəsi təkcə işğalda olan torpaqlarımızın azad olunması ilə yekunlaşmadı. Bu zaman ölkə daxilində, dövlət idarəçiliyində, xüsusilə orduda kifayət qədər neqativ hallar, satqınçılıqlar üzə çıxdı. Xeyli iribuynuzlu idarəçilikdən kənarda saxlanıldı. Şanlı 44 gün ərzində sanki ölkəni ikicə nəfər idarə edirdi. Zəfərə aparan yolda xalqımız nə qədər əngəllərlə qarşılaşdı. Böyük Zəfərləri bizə bəxş etmiş uca Şəhidlərimizin bir qisminin Yeni Şəhidlər Xiyabanında kifayət qədər yer olduğu halda, digər ümumi qəbirstanlıqlarda, hətta həşəmətli Hacıbala Abutalıbovun «sənət əsəri» olan erməni qəbirstanlığında dəfn edilməsi, odun- alovun içindən keçmiş əsgər və zabitlərimizin, Qazi və veteranlarımızın əməkhaqqının kəskin azaldılması, əlaqədar qurumlar yaradılsa da, ordudan tərxis edilmiş qəhrəman əsgərlərimizə Müharibə Veteranı və digər fəxri adların verilməsindəki süründürməçiliklər və s. bu qəbildəndir.

Müharibə sona yetib, bu gün dövlətimizin qarşısında duran əsas məsələ yer üzündən silinmiş şəhər və kəndlərimizin bərpası-yenidən qurulması, birsözlə quruculuq-abadlıq işlərinin aparılmasıdır. Bildiyiniz kimi ölkə prezidenti- Ali Baş Komandan qarşıda duran irimiqyaslı quruculuq-abadlıq işlərindən, həyata keçiriləcək iri layihələrdən, xarici investisiyaların ölkəmizə necə cəlb edilməsindən, bu layihələrin icrasında qardaş Türkiyənin dəstəyindən hər saat, hər gün mütəmadi olaraq məlumat verir.

Bəs bizim televiziyalarımız, qəzetlərimiz, 80-90 faizi yedəkdə gedən saytlarımız nə işlə məşğuldurlar? Televiziya ekranlarını zəbt etmiş şoşu-moşular,xoşqədəmlər (bədqədəmlər), zaur-maurlar, ətcəbala-lütcəbalalar , jurnalistika-yaradıcılıqla heç bir əlaqəsi olmayan, dilimizi yaman günə qoyan aparıcılarlar gözlərimizi qabar ediblər. Həşəmətli saytlarımız əttökən məlumatlar tirajlayırlar: -Bakıda dəhşət: — Bülbül prospekti 29-da dörd oğlan bir qızla oğlanı döyüb, qaçıblar! Myanmada dəhşət : — üç mülki şəxsi qətlə yetiriblər! Xalqımızın düşməni nəcməddin sadıqov Dubayda istirahət edir. ( Lüt şəkili tirajlanır). Bir qız lütlənib, Bakı küçələrində qaçır… Bu cür əttökən, məntiqsiz , mahiyyətsiz xəbərlər demək olar ki, gündəmi zəbt edib. Ay balam, bunlar nə vaxtdan xəbər oldu?

Cənablar, Azərbaycan ali təhsilinin bayraqdarı olan Bakı Dövlət Universitetinin son 40 ildə buraxdığı jurnalist kadrların başlarına nə oyun açdınız? Hanı onlar? Əvəzində jurnalistikanı doldurmusunuz baytarlarla, zootexniklərlə, sürücülərlə, metal əridənlərlə və s. Saytlarımız həvəslə tirajlayırlar : — ukraynalı, rusiyalı , yaxud da danimarkalı, ingiltərəli jurnalist Ağdamdan, bütövlükdə dağıdılmış Yurd yerlərimizdən geniş reportaj hazırlayıblar. Bu, çox yaxşı! Bəs siz özünüz niyə yazmırsınız, «media kapitanları»? Görəsən hara baxır, birbaşa bu işlərə məsul olan qurumlar? Əli həsənovun «Kiçik müəssisəsi» hesab edilən MŞ hara baxır, ümumiyyətlə onun Azərbaycan mətbuatına aidiyyəti varmı? Dediniz Vüqar Səfərli moşennikdir, dalından dəydiniz, qandalladınız, çox yaxşı, bəs onun yerinə yeni ad altında gətirdiyiniz, jurnalistika ilə heç bir əlaqəsi olmayan gəmiçi qardaş nə işlə məğuldur? Bu cənab mətbuat haqqında hər hansı bir çaba göstərməsə də, heç olmasa Bakı Gəmiqayırma zavodunun son vaxtlar inşa edib, Xəzərə buraxdığı gəmilərimizdən yazsaydı, yaxşı olardı.

Nəhayət gəlib çıxdıq mətləb üstünə: — Vətən Müharibəsi başa çatandan sonra Ali Baş Komandan, o cümlədən, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Fövqəladə Hallar Nazirliyi və digər qurumlar xalqa müraciət edərək, bildirdilər ki, azad olunmuş torpaqlar minalardan təmizlənməmiş, ora giriş qadağandır. Demək olar ki, bu məlumatlar davamlı surətdə soydaşlarımızın diqqətinə çatdırılsa da, minaya düşərək həlak olanlarımızın sayı günbəgün artmaqdadır. Şübhəm yoxdur ki, həmin qanuna məhəl qoymayıb, həlak olanların yaxınları, valideynləri, əzizləri vaxt gələcək dövlət qarşısında onların Şəhid olduqları barədə məsələ qaldıracaqlar. Əslində isə onların heç biri Şəhid hesab oluna bilməzlər.

Yalnız xidməti vəzifələrini yerinə yetirərkən, minaya düşüb həlak olanlarımız Şəhid hesab oluna bilərlər. Deyək ki, Suqovuşanda minaya düşüb, həlak olan polkovnik-leytenantımız, yaxud da Ağdamda xidməti vəzifəsini yerinə yetirərkən, minaya düşüb, həlak olan Ağdam Su İdarəsinin müdiri qardaşımız birmənalı Şəhiddirlər. Bəs digər həlak olanların minaya düşmə səbəbini arayıb, araşdıran oldumu? Əgər olsaydı, minaya düşmələr davam etməzdi. Bu barədə öz düşüncələrim, öz mülahizələrim köməyimə çatdı. Vətən nisgili, Yurd həsrəti onsuz da, bizi üzmüşdü, əldən salmışdı. O həsrət ,o nisgil minlərlə didərgin soydaşlarımızın paramparça olmuş ömürlərinə son vermişdi. Yaşından asılı olmayaraq, içi mən qarışıq Yurd nisgilli soydaşlarımda böyük Zəfərdən sonra, Torpaq sevdası, Qayıdış eşqi alovlanmağa başladı. Lakin bu qayıdışın, bu sevincin mahiyyətini anlamaq, dəyərləndirmək lazım idi. Ali Baş Komandanın müjdə xəbəri o demək deyildi ki, biz günü sabahdan elliklə doğma Yurdlara dönəcəyik? Aksiomadır ki, hər şeyin zamana ehtiyacı vardır. Nə oldu, 30 ilə dözüb, davam gətirən, yarım ilə, bir ilə, hətta beş ilə dözməyəcəkmi? Məgər mən istəmirəm Bala Vətənim Ağdərə rayonunun Çərəkdar kəndinə qovuşmağa? Elə istəyirəm… elə istəyirəm… İlyarımdır əzraillə çilikağacı oynasam da, Çərəkdara qovuşmağa ümidliyəm… bir il, beş il və s.

Bu minaya düşmə söhbətini araşdıranda, öncə ağlıma soydaşlarımın mis toplaması gəlirdi. Bildiyiniz kimi, hazırda qara bazarda misin bir kiloqramı 5-6 manatadır. Azad olmuş torpaqlarımızda da toplanmış mis gilizlərin sayı-hesabı yoxdur… Sonradan bir hadisə bu versiyadan imtinama əsas verdi. Bir qardaş gedib minaya düşüb, paramparça olur, bu acı olaydan bir neçə gün sonra həmin adamın qardaşını qadağan olunmuş zonada tuturlar? Hə, burada tamam başqa məsələ var. Sual olunur, Tərtərdə yaşayan laçınlı, kəlbəcərli, qubadlılı soydaşımın Suqovuşanda, Talışda, Çaylıda nə işləri vardır? Doğma Yurdların iyini buradanmı almaq istəyirdilər? Ağoğlanda , Cəbrayılda, Füzulidə də minaya düşənlərimiz, yaxud da tutulanlarımız o cümlədən. Əsla, düşüncələrimə görə tamam başqa söhbətdir.Belə çıxır ki, həmin qadağan olunmuş ərazilərdə minaya düşənlər, və tutulanlar mənfur ermənilərlə iş birliyindədirlər. Buna başqa ad vermək mümkün deyildir. Yaxud da bu ərazilərdə yaxın məsafələrdə yerləşən düşmən qüvvələri bizimkilərin kütləvi surətdə minaya düşmələrinə «münbit şərait» yaradırlar.

Bu məqamda 2017-ci ildə Tərtər və Goranboy olayları yadıma düşdü. Xatırlayırsınızsa, o vaxtlar xalqımızın ermənidən betər düşməni nəciməddinin «komandası» əsgərlərimizin, zabitlərimizin başlarına nə oyunlar açmışdılar? Bu yaramaz yüzlərlə hərbiçimizi erməniyə satmaqla, onları Vətən xainlərinə çevirmişdi. O «satılmışlar»ın ucbatından onlarla qeyrətli oğullarımız məhbəs həyatı yaşayırlar. Neçə-neçə oğlanlarımızı, sübutsuz-dəlilsiz, məhkəmə qərarı olmadan, evinin içində, ailəsinin-uşağının gözləri qarşısında güllələdilər. Hələ də bu hadisələr, obyektiv araşdırılıb, müsbət həllini tapmayıb.

Yəqin, onu da xatırlayırsınız ki, özlərini satanların (satdırılanların) və bu gün məhbəs həyatı yaşayanların valideyinləri küçələrə tökülərək, övladlarının günahsız olduqlarını sübut etməyə çalışırdılar. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən Müharibəsində neçə-neçə Aslan balamızın düşmən əlinə keçməmək üçün özlərini məhv etdiklərini xatırlayırsınız. Və bu gün də biz həmin qəhrəman Şəhid balalarımızla qürur duyuruq.

Bu qəhrəmanlıq anlarını göz önünə gətirəndə, düşünürsən ki, vaxtilə özlərini düşmənə satanlar (satdırılanlar) ən azından intihar etməyi heç kim onların əlindən almamışdı. Birsözlə, nəyinsə əfvi olsa da, Vətən xainlərinə əfv əsla ola bilməz. Burada hər hansı bir humanistlik, əsla mümkünsüzdür. Elə bu yaxınlarda Azərbaycan Dövləti əsir götürdüyü Livan və Ermənistan vətəndaşı olan erməni snayperçi-terrorçu Maral Nacaryanı adını humanistlik qoyub, Livana təhvil verdi. Kim deyə bilər, yüksək təlim keçmiş bu terrorçu qadın neçə əsgərimizi Şəhid edib? Onu da unutmamalıyıq ki, terrorçu yetişdirməkdə pərgar olan ərəb ölkələri, o cümlədən Livan istər Birinci Qarabağ savaşlarında, istərsə də Vətən Müharibəsində üstümüzə göndərdiyi terrorçularla ön sırada olub.

İndiki məqamda Dovlətimizin humanizm pərdəsi adı altında qatı bir terrorçunu əfv edib, ölkəsinə göndərməsi açıq bir cinayət olub, uca Şəhidlərimizə, qəhrəman Qazı və veteranlarımıza, bütövlükdə müzəffər Azərbaycan ordusuna qarşı hörmətsizlikdir.

Dəyərli soydaşlarım, yaxşı-yaxşı düşünün, çox keçməyəcək, əmin olacaqsınız ki «minaya düşmə» müəmması arxasında nə Torpaq həsrəti, nə də Yurd sevdası dayanmır…

Uca Şəhidlərimizə sayğılarımla!

P.S. Başda Ölkə Prezidenti — Ali Baş Komandan olmaqla, Milli Təhlükəsizlik Xidməti, Respublika Prokurorluğu, Hərbi Prokurorluq, o cümlədən Müdafiə Nazirliyi gecikmədən «minaya düşmə» müəmmasını,əsasən də həlak olanların və saxlanılanların milli mənsubiyyətlərini araşdırıb, müvafiq ölçü götürməlidirlər.

Bu xəbəri paylaşın: