POEZİYA ÇƏLƏNGİ: BİR NÖQTƏDƏ SUSMAYAQ…

ELBARİZ MƏMMƏDLİ

Elə itib batmışıq, dərd-azarın içində,
Boy verən həqiqətin boy qırımı yaşanır.
Sonuncu ümidimiz gedib durna köçündə,
Məmləkətdə düzlərin soyqırımı yaşanır.

DOĞRU NİYƏ ACIDI, YOXDU FƏRQİNƏ VARAN

Elə itib batmışıq, dərd-azarın içində,
Boy verən həqiqətin boy qırımı yaşanır.
Sonuncu ümidimiz gedib durna köçündə,
Məmləkətdə düzlərin soyqırımı yaşanır.

Doğru niyə acıdı, yoxdu fərqinə varan,
Qəribədir, yeriyir yalanın ayaqları.
Kimdi, bizi sürüyüb , cəhənnəmə aparan?
Cilovlayıb əlində doğru olan haqları.

Keçdik ağır savaşdan, bir az güldü üzümüz,
Fəqət, həqiqət yenə taxtını tutammadı.
Ortada xainləri hələ, görür gözümüz,
Millət bu xəyanəti yolundan atammadı.

Yoxdu doğrunu sevən, hamı haram duyğulu,
Sərvət davalarında bitir bu Vətən, bitir.
Turan sevdalı millət nədən, belə yuxulu?
Hara üz çevirirsə, yolu üstə qəm bitir.

Millətin güvəncidi ağılların birliyi,
Bizdə ağlı olan da şöhrətinə qul olur.
Özünə yol seçirsə, alim möhtəkirliyi,
Peşəsi dəllal olur, düşüncəsi pul olur.

Bəzən tərsi andırır, təbiətin hökmü də,
Külək hardan əsirsə,elə kasıbı döyür.
Doğrunu tapdalayan o məmur da, hakim də,
Mələk Şəhidimizi vallah, yalandan öyür.

Ömür hamının payı, yaşamağa məhkumuq,
Amma haqqı danaraq, yaşamaq olmaz, olmaz.
Nədən zorun yükünü daşımağa məhkumuq?
Doğrunun olmayanı daşımaq olmaz, olmaz.

Sevgi bizdən başlayıb, Tanrının işığında,
Əzabın zülmətində indi şamsız qalmışıq.
Doğrular yol seçirkən, vaxtın qarışığında,
Dünyanın ortasında ruhu damsız qalmışıq.

Sabah nə baş verəcək, onu kim bilə bilər,
Bizdə haqqı üyüdür, vaxtın dəyirmanları.
Millət düzü sevərsə, taleyi gülə bilər,
Tanrı verməz ayağa ayaqda duranları.

VARAMMIRAM…

Duyğum elə dağınıqdı,
Bir şeiri də qurammıram.
Vallah, özümü yollardan,
Yığıb, yığışdırammıram.

Fikrim elə uzaqlarda,
Biz nəyi itirdik, harda?
Yordu məni, suallar da,
Qarşısında durammıram.

Bu gəliş nə gəlişidi?
Bu dərd kimin əl işidi?
Bu daş haranın daşıdı,
Yüz illərdi, qırammıram…

Ruhumun köynəyi sarı,
Yığır cana ağrıları,
Yollar harda qalıb yarı?
Haraylayıb sorammıram.

Uzaqlarda o yurd ki, var,
Səsi batmış o Qurd ki, var,
Yaşatdığım bu dərd ki, var,
Tozuna əl vurammıram.

Dünya elə mənə yağı,
Yetməzmi bu, özgə dağı,
İçimdə yatan bayrağı,
Yurdunda qaldırammıram.

Arzuma bar istəyirəm,
Mən də bahar istəyirəm,
Altaydan qar istəyirəm,
Varammıram, varammıram.

YAZAQ BUNU DA, YAZAQ…

Əli zopalıların əhatəyə aldığı
bir heyvanat parkını xatırladır,
Yer planeti.
Yüyənə öyrədilən atlar kimi,
maskaya doldurublar, hamını
hər gün bir qara xəbərlə öldürüblər
hamını.
Göyə nüvə daşıdılar, alındı,
ulduza şərik qoşdular, alındı
guya ki, əlində aciz qalıblar
adına Korona deyilən bir kabusun.
dünya oyununa alət olub
beş-üç harınlamış dələduzun.
Şərin labaratoriyalarında
bir bəla düzəldib atıblar
insanlığın canına,
bilmirsən, yazasan bunu,
hansı yaramazın vicdanına.
Dünyada davası olmayan dərd yoxdu,
dərdi pula çevirib
bazara gətirənlər var.
Xərçəngi nüvədən qorxulu
ölüm azarı kimi,
beyinlərə ötürənlər var.
Onsuz da biz əzabı yaşamağa
öyrəncəliyik,
canımızda ünvanlı dərdləri daşımağa
öyrəncəliyik.
İndi bizə nağıl kimi gəlir, TƏBİB adlı
dəllalın sayıqlamaları,
çoxdan gedib bu millətin
sağlamlıq qatarı.
İslanmışın yağışdan nə qorxusu,
kimsə heyrət eləmir,
günümüzün Korona dustaqlığına.
Yazaq, bunu da yazaq
dünyanın ədalətdən uzaqlığına.

BİR NÖQTƏDƏ SUSMAYAQ…

Bir ağrılı nöqtədə dayanıb,
susmayın,
millətin soyqırımından danışanda.
Gizlədilmiş həqiqətlərə,
yaşanmış dəhşətlərə,
ruhumuzu aşılamış vəhşətlərə
öz adı ilə yanaşın, yanaşanda.
Erməni kimdi ki,
bu böyüklükdə dərdlərin arxasında?
Asılıb şərin yaxasından
bəlaya yürüyənlər var,
bu dərdi körükləyənlər var,
Babəkdən günümüzə qədər
canımızı yeyənlər var,-
ərəb, fars, ingilis, rus adında.
Kərkükdə bitən dərdin
Türkmənçayda açılan yarasını,
Təbriz, Ərdəbil, İrəvan,
parçalanmış Bütöv Azərbaycan ağrısını
saxlasın hamı, yadında.
Kimsə unutmasın,
dəli Pyotrun, at sevdalı Yekaterinanın
qan ünvanlı niyyətlərini.
Sovetlərin yağmaladığı
Qərbi Azərbaycandan qovulmuş
milyonların taleyidi,soyqırım.
Repressiyanın amansız məngənəsində
Vətən sevgisinə qurban olanların
taleyidi, soyqırım.
Bu, Türkün varlığına açılmış
düşmənçilik davasıdı,
xainlərin haqqı zülmətlərə çəkmək
havasıdı.
Bitməyəcək,
Türkün haqq etdiyi
ucalıqlara dönüşünə qədər,
qərib yurdlarımızdakı işğal bayraqlarının
enişinə qədər.
Bir nöqtədə dayanıb durmayaq,
soyqırımından danışanda.
Almayaq əlindən, sabahkı nəsillərin
ehtiyat yarağını,
bu millətin varlığına hopmuş
sinə dağını.
Hayları ortaya atan var,
bu soysuzların qana susamış niyyətilə
aranı qatan var,
hələ də səsləri duyulur
Xocalınım qanı tökülmüş
ağrılı Qarabağ dağlarından…

Bu xəbəri paylaşın: