Müharibə əlili İsmayıl Novruzovun AVMVİB-nə etdiyi müraciəti əsasında Qarabağa qayıtmaq istəyiylə sosial şəbəkədə Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edən həyat yoldaşı, jurnalist Əntiqə Rəşidin qanunsuz işdən çıxarılması barədə yazı yayınlamışdıq (http://fedai.az/?p=993).
Bu günədək qəzet rəhbərliyinin 67 minlik veteranlar ordusunu öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin orqanı olan Fedai.az -a heç bir cavab verməməsi bizi belə bir həssas məqamda yenidən bu mövzuya qayıtmağa vadar elədi.

Öncə yazının ruhuna uyğun olaraq bildirim ki, bu Vətən üçün işləyən erməni, bu Vətənə xəyanət edən azərbaycanlıdan daha faydalıdır. Amma biz illərdir ki, bunun tam əksini görməkdəyik. Müxtəlif üsullarla Dövlətin strateji qollarına sızaraq bu millətə, hakimiyyətə və məmləkətə qarşı öz bəd əməllərini davam etdirən bir 5-ci kolon mövcuddur. Dövlət rəhbərinin bu yaxınlarda söylədiyi bir fikrə diqqət edək: «…İndiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur.
Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək».
Prezidentin də dediyi və hər kəsi xəbərdar etdiyi 5-ci kolonun mövcudluğu hər kəsi narahat etməlidir. Çünki beşinci Kolon (Sütun) üçüncü dövlətlərin maraqları naminə öz ölkələrinin hakimiyyətinə qarşı çıxan vətəndaşların olmasını bildirən bir siyasi termindir. Bu gün bu kolona maşalıq edənlər, hətta İrəvan və Qarabağın adlarının çəkilməsinə dözümsüzlük göstərirlər. Anası, arvadı düşmən millətdən olanların bu sırada çox olmalarını danmaq, ən azı elə o kolona xidmət etmək anlamı daşıyır. Onlar da bizim vətəndaşlarımızdır, amma məkrli bir düşmənin planında hansı rol almaları araşdırılmalıdır. Ermənistan SSR DTK-nın 1992-1993-cü illərdə sədri olmuş Valeri Poqosyanın öz açıqlamasında demişdi ki, müharibədə qazandığımız uğurun 60%-ni Azərbaycanın içində olan kolona borcluyuq! Yəni, şair Daşqın demişkən, «Anan ölsün, ay Vətən, atan ölsün, ay Vətən, Səni dayılarına, satan ölsün, ay Vətən!»

Bizim dövlət multikultural dəyərlərə sahib olan hüquqi bir dövlətdir. Yəni kimsənin, hətta erməninin belə konstitusyon hüququnu pozmaq fikrində də deyil. Lakin bu müharibə bitməyincə, elə strateji sahələr var ki, erməni əsillilərin oraya sızması belə ciddi nəzarətə alınmalıdır. Ən azı «Qarabağ» adı daşıyan bir qəzetin redaktorunun anası erməni olmamalıdır. Bir qəzeti erməni əsilli adamdan ala bilməyən qarabağlının, ermənidən Qarabağ almaq sevdası bu fonda çox gülünc görünür. Vaxtı ilə Dağlıq Qarabağ azərbaycanlıları üçün yaradılan bu qəzetə ağdamlı Cingiz İsmayılov necə təyin olunduğunu sizlərə xatırladım. «Qarabağ» qəzeti 1990-cı ildə Azərbaycan KP MK Bürosunun qərarı ilə Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinin orqanı olaraq həftəlik qəzet kimi təsis edildi və elə həmin ilin iyul ayının 1-də ilk sayı işıq üzü görüb.
Bu barədə özüm kimi inandığım bir yaxın adamdan aldığım bilgiləri diqqətinizə çatdırıram. Dağlıq Qarabağ Muxtar Vilayətinin Katibi olmuş Boris Sərkisoviç Gevorkovun verdiyi məsləhətə uyğun olaraq, qəzetə, məhz Cingiz İsmayılov baş redaktor təyin edildi. Vəzifədən uzaqlaşsa da ondan məsləhət alırdılar (Çünki Azərbaycan tərəfi Henrix Poqosyanı və Vahan Qabreilyanı qəbul etmirdilər. Hər ikisi KRUNK-un üzvləri idilər) və o bildirmişdi ki, bu secim, nə azərbaycanlıları, nə də erməniləri qıcıqlandırmayacaqdı. Gevorkov qeyd etmişdi ki, azərbaycanlılar düşünəcəklər, baş redaktorun atası azərbaycanlıdır, o Azərbaycanın tərəfini saxlayacaq. Ermənilər isə düşünəcəklər ki, baş redaktorun anası ermənidir, o erməniləri daha cox müdafiə edər və onların xeyri ücün yazar. Bu gün ermənilər görəsən Çingiz İsmayılovdan incimirlər ki? Buna aidiyyatlı qurumlardan cavab istəyirik…

Ağdamlılar inciməsinlər, bir az Dağlıq Qarabağ-Ağdam söhbəti elədim. Yəni yerlibazlıq təəssübü bizləri bu günə qoyub. Hələ ötən yazıda bir «təəssübkeş» zavallı «Qarabağ» qəzetinin adının bu şəkildə çəkilməsinə öz etirazını bildirirdi. Sonra «həyatı dərk etdiyinə görə» o kişi xeylağının adını çəkmirəm. Amma ona dediyim bir cümləni olduğu kimi sizlərin diqqətinizə çatdırıram: «Dünyalara bədəl bir Qarabağımız getdi. Yataqxanalarda «olum-ölüm» oynayıb, 30 il sonra bir otaqlı mənzil davası döyürüksə, bu kimsənin oxumadığı «Qarabağ» qəzeti bağlansa nə olasıdır ki? Qarabağ ermənidə, ha «Qarabağ» da olsun erməninin…»
Bu olayla bağlı yalnız bir açıqlama verən (Ayna.az) «əvəz edilməz» baş redaktor Ç. İsmayılov belə deyib: “Birincisi, anaların milliyəti olmur. Allahın bu dünyada yaratdığı millətlərin — erməninin, azərbaycanlının, gürcünün, rusun və s. yaradıcısı Allahdır. Allah səni necə bilirsə, qəbr evinə də elə gedirsən”. Və elə burada böyük bir yanlışa imza atıb. Millət analardan başlayır, cənab baş redaktor. Dil anadan başlayır, Vətən anadan başlayır. Ana Vətən, Ana dili, sizcə təsadüfmü? Amma ermənilərdə Ata yurd deyərlər. Çünki analarının yurdu olmayıb. «Hər halda ana anadır»-demək daha uğurlu deyim olardı. Ananın milləti olmursa, millətin də anası olmaz. Bizlər analarımızı qorumağa qalxıb yurdumuzu itirdik. Kimsə söyləmədi ki, Vətəni qorusaydıq, elə anamızı qorumuş olardıq. Yəqin ki, bu səbəbdən sizlər daha haqlı görünməkdəsiniz…

… Bizə Qarabağdan 22 qəlpə «yadigar»ı olan müharibə əlili İsmayıl Novruzovun AVMVİB-yə etdiyi müraciətdə deyilir: «Ç. İsmayılov cəmi 5 nəfərdən ibarət olan kollektivin dördünü başına yığaraq iclas keçirib, protokol tərtib edib ki, Əntiqə Rəşid icazəsiz mitinqə gedib oradan şəkil çəkib və kiminsə paylaşımında məmurları təhqir edib. Gətirdiyi bəhanələri sübut etmək üçün əlində heç bir dəlil sübut yoxdur. Əgər müxbir yanlışlıq etsə belə, məsələnin həlli işdən çıxarılmaq deyil, başqa çözüm yolları var, ən son həddə hüquq-mühafizə orqanları var. Facebook sosial şəbəkədir, orada fikirlərini ifadə etdiyinə görə kimsə indiyədək nə işdən azad edilib, nə həbs olunub». Hələ yazılan əmrə vaxt ayırmadan Surxay Əlibəylinin «Ağdamım qiblığahım» kitabından döyüşçü qardaşımız İ. Novruzova bir xatırlatma edir və ona bir tövsiyyə edəcəyəm: «Lenin Yolu” qəzetinin 1936-cı il tarixli 13-cü /434-cü nömrəsində həkim Səməd Mirzəyev haqqında verilən yazı da o dövrün kütləvi qarayaxma kompaniyasını səciyyələndirən təfərruatdır.
Yazıda deyilir ki, Səməd Mirzəyev üç yerdə işləyir, şəhərin təmizliyinə baxır, xəstələri evdə qəbul edib soyur və.s. Əvvəlcə Mirzəyevin işdən qovulması tələb olunur. Sonra qəzet dərinə gedib, onun keçmişini araşdırır. Səməd Mirzəyevin keçmişi Müsavat zabiti, Şura hökümətinin qəddar düşməni olduğu göstərilir.
Ağdam bölgəsindəki repressiya dalğasında ermənilər mühüm rol oynamışlar. Qeyd etmək lazımdır ki, Ağdam qəzasında və sonralar Ağdam rayonunda yaşayan ermənilərin sayı cüzi idi. Ümumiyyətlə, Ağdam Qarabağın ən az erməni yaşayan bölgəsi olmuşdur. Bununla belə, ermənilər Ağdam rayonunda mühüm vəzifələr tutmuşdular: MTC rəisi, poçt rəisi, NKVD rəisi “Kalon” arxivinin sədri və.s.
Xalq Daxili İşlər Komissarlığı Ağdam rayon şöbəsinin silah saxlanmanın yeni qaydaları haqqında 14 fevral 1937-ci il tarixli 6N-li əmrindən məlum oldu ki, bu şöbənin rəisi, təhlükəsizlik leytenatı, erməni Çamqarovdur.
Ağdam şəhər sovetinin 28 mart 1941-ci il birinci çağırış səkkizinci sessiyasında deputat Mixayil Caniyan sədirlik edirdi. Ağdam MTS-nin direktoru Qriqoryan da ağdamlıların repressiya edilməsində mühüm rol oynamışdı. Qriqoryanın çuğullama üsulları lətifə səviyyəsinə çatırdı. Qərvənd pambıq alıcı məntəqəsini müdiri Məşədi Həmzə Axundov ağaca söykənib dincəlirmiş. Bir az da fikirli imiş. Qriqoryan ona yaxınlaşıb, təhrikedici sual verir:
-Məşədi, yenə nə olub, özünü belə yazıq-yazıq göstərirsən?
Həmzə də cavab verir ki, zəmanədir də, öylə də olur, beylə də. Gah yəhər atı minir, gah da at yəhəri minir. Qriqoryan fürsəti fövtə verməyib, Məşədi Həmzənin yumorlu cavabına siyasi don geyindirir:
-Məşədi, sənin bu misalın siyasi cəhətdən çox səhv misaldır.
Qriqoryan MTS-in “Lenin yolu” qəzetinin yaxınlıqda olan fotoqrafı Mirzə İbrahimi də tez şahid çəkir. Məsələnin ciddiləşdiyini görən Həmzə Axundov Firdovsidən sitat gətirdiyini izah edir. Lakin Qriqoryan və fotoqraf ondan əl çəkmiyib ifşa etməyə, fikirlərinin əksinqilabi olduğunu sübuta yetirməyə başlayırlar. Məsələ böyüdülür və “Lenin yolu” qazetinin “Zarafatcıl düşmənin sirləri” başlıqlı məqaləsinin mövzusuna çevrilir. Qəzet aşkar edib ki, Həmzə Axundov molladır, muzdur əməyindən istifadə edir, alverçidir, partiya sıralarından qovulmuşdur. O, gecələr vaxtını firqədən qovulmyş Əli Aslanov və Lətif Əsədovla, habelə kəkilbəylilərdən Hüseyn bəylə, Səriyyə xanımla, Həlimə xanımla və molla Mahmudla keçirir».
Yəni ey Qazi qardaşım, Qriqoryana baxanda, İsmayılova qarabağlılar şükr etməlidirlər…
Bizi izləyin!
Ardı var
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
