Emin Əmrullayev: «Gələn həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq»

Azərbaycanda «növbəti həftədən yaşından asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunacaq», bu barədə təhsil naziri Emin Əmrullayevin Facebookda sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

Nazir canlı yayımda bildirib ki, «hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsin vaksinlərin vurulmasına başlanılacaq»

«İnanırıq ki, növbəti tədris ilindən ənəvəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür. Yalnız vaksinasiya prosesi olduqdan sonra sentyabrdan ənəvəvi tədrisə qayıtmaq mümkün olar,»- o deyib.

Emin Əmrullayev əlavə edib ki, yoluxma sayı azaldıqda «dərhal» ənənəvi tədrisə keçirilməsinin tərəfdarıdırlar: «Biz bunu istəyirik. Amma insanların sağlamlığı daha vacibdir. Eyni zamanda, səhiyyə müəssisələrinin zərinə düşən yükü də nəzərə almalıyıq».

Çıxışı zamanı Emin Əmrullayev bildirib ki, «martın sonunda 80 faiz olan davamiyyət Bakı məktəblərində 64 faizə düşüb».

O vurğulayıb ki, məktəblərin distant (məsafədən) təhsilə keçirilməsinə 50 min nəfər səs versə də, məktəblərin əyani təhsilə qapadılması ilə bağlı qərar tək sorğu əsasında deyil, müxtəlif amillər — elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib.

«Bu qərar əsasən 4 məsələ, yəni, yoluxma sayının artması və ya növbəti həftələrdə artma ehtimalının olması, yoluxma sayı artdıqca məktəblərin təbii olaraq bağlanması, eyni zamanda sorğu nəticəsində, onlayn medianı izləyən insanların çoxunun məktəblərin distanta keçirilməyinin tərəfdarı olması, həm də davamiyyətin kəskin aşağı düşməsi fonunda verilib».

Emin Əmrullayev son aylarda gündəlik yoluxanların təxminən 4-6 faizinun müəllimlər olduğunu» da diqqətə çatdırıb. O deyib ki, fərqi yoxdur, «məktəblər bağlı olanda da, açıq olanda da müəllimlər yoluxur».

Bu gün təhsil naziri həm də Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçaların fəaliyyətinin hələlik davam etdirəcəyini açıqlayıb.

«Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur».

Dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncam verildiyi bildirilmişdi.

Azərbaycanda koronavirus pandemiyasına görə, məktəblər ötən ilin mart ayından etibarən müxtəlif vaxtlarda distant və əyani təhsilə keçirilib. Sonuncu dəfə 2021-ci ilin fevral ayında məktəblərdə əyani təhsilə keçirilmişdi.

Azərbaycanda ilk koronavirusa yoluxma hadisəsi 2020-ci ilin fevral ayında qeydə alınıb. İndiyədək ölkədə 3648 nəfərin bu virusa yoluxaraq vəfat etdiyi bildirilib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •