«Xidmət müddəti keçmiş hərbçilər tərxis olunur»

Azərbaycan Ordusunda xidmət müddəti keçmiş hərbçilər «tərxis olunur», xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin «Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» müvafiq sərəncamının icrası əsasında həyata keçirilir.

«2020-ci il oktyabrın 30-dək «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar. Bu münasibətlə Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimi keçirilib,» — Müdafiə Nazirliyi bildirib.

Qurum həmçinin «mərasimdə İkinci Qarabağ Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyini» açıqlayıb.

«Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub,» — qurumun məlumatında deyilir.

Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ Müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb. 44 gün davam edən müharibədə Azərbaycan təxminən 3 min «hərbi və mülki şəxsi» itirdiyini açıqlayıb.

Bu xəbəri paylaşın: