POEZİYA ÇƏLƏNGİ: Tanıdım, məmləkət, Mən səni tanıdım…

ELBƏYİ

Səni şəhid tabutuna,
Sarılan Bayraq kimi —
Gözümüzə son günü,
Tökülən Torpaq kimi —
Tək Tanrıdan verilən,
Müqəddəs varaq kimi —
Tale deyilən şeyə,
Verilmiş həyat kimi,
çağ kimi —
Göz açıb anasını,
Tanıyan uşaq kimi —
Mən səni tanıdım, məmləkət!
Tanıdım, mən səni…

QOZBELİ QƏBİR DÜZƏLTMƏZ

Fələk ilə çiling-ağac,
Oynadıq ha, oynadıq ha…
Çiling daşıdım qaçhaqaç,
Bu oyundan doymadıq ha.

Ömür keçdi qara, ağlı,
Ay bilinməz, il görünməz.
Dünənlərə qapı bağlı,
Sabahlara yol görünməz.

Hər nə varsa, pisə yozduq,
Pisliyi səbir düzəltməz.
Kimsə deyib yalan sözdü,
Qozbeli qəbir düzəltməz.

Beşiyindən məzarına,
Beşcə qarış cığır saldıq.
Uyduq bu can bazarına,
Nəyi satdıq, günah aldıq?

Çilingim düşdü uzağa,
Gətirməyə heyim çatmır.
Dönmüşəm ağlar uşağa,
Heç bilmirəm nəyim çatmır?!

Dərd bir yandan, sən bir yandan sar məni…

Bir budaqda tənha qalmış bir güləm,
Darıxmışam, budağımdan, dər məni.
Daha sənin o gördüyün deyiləm,
Gözdən deyil, ürəyimdən sor məni.

Ürək çat-çat, nəfəs almaq da çətin,
Nəsibinə lənət olsun qismətin,
Put ağaca döndəribdi həsrətin,
Kül eləyir, həzin-həzin qor məni…

Həyat səhra, dənə dönmüş umudlar,
Cəng eləyir başım üstdə buludlar
Damcı düşsə yaşam üçün ümid var,
Bu səhrada yaşamağım zor mənim.

Yarpaq ömrün düşən xəzəlindəyəm,
Ayıldım ki, sonun əzəlindəyəm,
Bir naşı təbibin öz əlindəyəm,
Əcəlin önünə tez yıxar məni.

Daha umacaq yox, ötdü o çağlar,
Ayağım altında qaldı uzaqlar,
Yükü dərd olanlar məni qucaqlar,
Dərd bir yandan, sən bir yandan sar məni…

TANIDIM, MƏMLƏKƏT…

Yüz illərdir qollarına vurulmuş,
Buxovların, zəncirlərin,
Bir-birinə sürtüşən dəmirlərin,
Qolundakı izindən,
Çıxan cingiltisindən —
Çəkdiyin zillətlərin,
Əzab, əziyyətlərin
Gələn iniltisindən —
Tanıdım, məmləkət,
Mən səni tanıdım…

Sizif kimi bir daşa verdiyin gücün,
Üzündə doğurduğu lal bir nifrətdən,
Bərəlmiş gözlərinin yanıyla süzülən tərin
Torpaq qarışıq cizgilərində
Donmuş bir xəcalətdən —
Səni sıxan və əzən,
Həvəsinə çevrilən,
Əsarətdən —
Canına və qanına hopmuş,
Qorxunun və dəhşətin,
Od püskürən yanğınlı Qul nəfəsindən —
Tanıdım, məmləkət!
Tanıdım, mən səni…

Mən səni bir korun
Qəfil açılan gözünə görünən işıq kimi,
Açılan o göz kimi,
Udduğum o ilk udum
Hava tək, nəfəs kimi,
Qulağın eşitdiyi,
Ən birinci səs kimi,
Dilimin açıldığı, dediyim ilk söz kimi,
Qürbətin yatılmayan, soyuq gecələrində
Ürəyimi isidən,
ocaq kimi, köz kimi —
Tanıdım, məmləkət!
Tanıdım, mən səni…

Yürüdüm yoxuşlarında
Yürüyə bildiyim qədər.
Hər gələn günlərin, dünənindən də betər,
Dəvə gördüm, qarışqaların içində itər,
Karvan gördüm iynənin gözündən ötər…
Dodağında düyünlənmiş bir kəlmə, «YETƏR!»
Səni bax beləcə, elə bu qədər,
Tanıdım, məmləkət!
Tanıdım, mən səni…

Sökülən qaranlıqların bağrından,
Səyriib qalxdıqca Dan.
Məhcullara dikilən,
Kədərli və məhzun baxışlarından —
Yanağında iz salmış, qanlı göz yaşlarından —
Özünün özünə qarşı,
Uduzduğun savaşlarından —
Qismətinə yazılmış,
Tanrı qarğışlarından —
Tanıdım, məmləkət!
Tanıdım, səni…

Səni şəhid tabutuna,
Sarılan Bayraq kimi —
Gözümüzə son günü,
Tökülən Torpaq kimi —
Tək Tanrıdan verilən,
Müqəddəs varaq kimi —
Tale deyilən şeyə,
Verilmiş həyat kimi,
çağ kimi —
Göz açıb anasını,
Tanıyan uşaq kimi —

Tanıdım, məmləkət!
Tanıdım, mən səni…

NƏ ƏL AĞACIYAM, NƏ DƏ BAŞ DAŞI…

Sənsiz gələn sevinc qəlbimə dəydi,
Yandı ümüdlərim köz-köz içimdə.
Qəlbim kədər acı, dərd ələyidi,
Daha o sevgilər keçməz içimdən…

Daha o duyğular qəlbimə gəlməz,
İlahi nəğmələr qonmaz dilimə.
Bu yollar ünvana yetirməz məni,
Eh anam, heç sən də uğur diləmə.

Onsuz da daş asıb qədəmlərimdən,
Qəlbimi, ruhumu apardı o qız…
Elə bil sözümü, düşüncəmi də,
Məndən qiymə-qiymə qopardı, o qız.

Elə bil özümdə özüm heç kiməm,
Yazdan qabaq gəldi, bu ömrün qışı.
Yorulan sevgimə, ölən sevgimə,
Nə əl ağacıyam, nə də baş daşı…

Bu xəbəri paylaşın: