«İran İslam Respublikası bölgədə gərginliyə və qarşıdurmaya səbəb olan hər bir addımın əleyhinədir.»..
“Biz belə fikirləşirik ki, iki qonşu ölkə Azərbaycanla Ermənistanın ixtilaflarının həlli yollarını çətinləşdirən və onu mürəkkəbləşdirən hər hansı bir addımdan uzaq durmaq lazımdır.”
Fedai.az İnterAz-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.
Ötən gün Dağlıq Qarabağda qondarma seçkilərin keçirilməsinə münasibət bildirən İran rəsmisi Ermənistanın bu addımına etiraz edib.
O əlavə edib:
«İran İslam Respublikası bölgədə gərginliyə və qarşıdurmaya səbəb olan hər bir addımın əleyhinədir.»
İranın Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin Qarabağ probleminin həllinin beynəlxalq qərarlar çərçivəsində və sülh yolu ilə əldə edilməsinin tərəfdarı olduğunu bəyan edib.
Qeyd edək ki, Ermənistan mətbuatının məlumatına görə bu gün Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan qondarma seçkilərdə “prezidentliyə” 14 nəfər namizəd var. Eyni zamanda qondarma parlament seçkilərinə də 10 partiya və iki siyasi cinah qatılıb.
