POEZİYA ÇƏLƏNGİ: ÇOX ADAM ELƏ BİLİR…

ELBARİZ MƏMMƏDLİ

Adları tutulmaz, sərvət dadanda,
Yetimi, yesiri yanar odunda,
Nə olsun, hamının Vətən adında,
Oğul yiyəsi var, qız yiyəsi var.

ÇOX ADAM ELƏ BİLİR…

Çox adam elə bilir, şair olmaq yaxşıdı,
Çox adam elə bilir, şair olmaq asandı.
Şair ömrü həyatın həsrət yüklü qışıdı,
Tanrıya könül verib, şair olmaq da qandı.

Sərvəti yox, varı yox, fikir yükündən özgə,
Səhərin dan üzündə duyğuları ağlayır.
Elə bir doğması yox, könlündəkindən özgə,
Şair dara düşəndə içini qucaqlayır.

Çox adam elə bilir, şair canı candı, can,
İlhamı qaynayanda yel əsib, qoz tökülür.
Ömrü boyu dərdlərin tozunu çırpdığından,
Həmişə şairlərin üstündən toz tökülür.

Ürəyindən keçəni kimsə oxuya bilməz,
Gözləri qan ağlayır, içində sevdaların.
Şair tək doğulmasa, kimsə qəminə ölməz,
Xatirə izlərini yağıb bağlayan qarın.

Çoxuna asan gəlir, elə bilir, peşədi,
Guya ki, ömrü keçir şairin, kef içində.
Nə olsun, duyğuları kimlərəsə nəşədi,
Şair çəkilir dara, neçə hədəf içindən.

Yazın öz gözəlliyi, yayın öz ovqatı var,
Şair olan kəslərin ömrü-günü payızdı.
Bütün xoşbəxtliklərin şair üçün, adı var,
Hördüyü hər çələngin son düyünü payızdı.

Şair dili millətin haqqı deyən dilidi,
Zülmün məngənəsində neçə kərə əzilib.
Söz bütün şairlərin zülmü döyən əlidi,
Əsarət güc gələndə şair başı kəsilib.

Fəqət, bütün şairlər dağ tək əyilməz deyil,
Onun da sırasında haqq olanlar bəllidi.
Qoy, bilsin bilməyənlər, şair ömrü yaz deyil.
Elə yaşamaq üçün quruca təsəllidi.

YİYƏSİ VAR

Sənin olmayana könül bağlama,
Sənin olmayanın öz yiyəsi var.
Demə səninkidi, qəlbdən qopan söz,
Dillərə düşdümü, yüz yiyəsi var.

Hökmü ədalətmi, bərə-bəndlərin?
Yolumuz üstündə bitən sədlərin,
Bizə əyri gələn həqiqətlərin,
Hardasa, hardasa düz yiyəsi var.

Bir əli dağıdan bir əli sökən,
Tükənir, dunyanın nazını çəkən,
Haqqa əzrayıl tək gözünü dikən,
Tamah yiyəsi var, göz yiyəsi var.

Əriyib gedirik, vaxtın köçündə,
Adamlıq qalmayıb, adam içində,
Qorxunun üsyana keçhakeçində,
Sırada nə qədər söz yiyəsi var?

Ad adı yeyəndi, baş başı yeyən,
Nəfsin pəncəsində daş daşı yeyən,
Bir şirin noğula qardaşı yeyən,
Nə qədər, nə qədər üz yiyəsi var.

Adları tutulmaz, sərvət dadanda,
Yetimi, yesiri yanar odunda,
Nə olsun, hamının Vətən adında,
Oğul yiyəsi var, qız yiyəsi var.

BİZ BELƏ OLMAMIŞIQ

Biz belə olmamışıq, əzəldən,
rusdan riyakarlıq öyrəndik,
ingilisdən hiyləgərlik,
fransızdan ədabazlıq,
ərəb farsdan mütilik və
pozğunluq.
Hər gələndən qalan, miras kimi
yüz illərdi ki, qanımıza hopub,
bu azğınlıq.
Ortada nə qədər yol azanımız var,
əxlaqını itə atanımız,
Vətəni pula satanımız,
köləlik altında yatanımız,
ağı qaraya yazanımız,
şər yedəyində banlayan
ozanımız var.
Qoxusu çıxıb canımızdan
Qurd ağızlı olmağımızın,
unutmuşuq dəyərini
Oğuz kimi, Qıpçaq kimi
atlını atdan salmağımızın.
Min ildi nazına oynayırıq ,
istəyinə, avazına oynayırıq,
qanımızdan özünə bayraq düzəldən
düşmənlərin,
ağrısını yaşayırıq
ruhundan didərgin düşən köçmənlərin.
Qapımızı dost kimi döyməyib,
yadqanlılar,
biri dinlə aldadıb bizi,
beşi başımıza çəkdiyi sığalla,
düşmüşük əsarətinə bu namərdlərin,
hansı ağılla?
Qanı qanla yumazlar, deyib başımızı aldadıblar,
qanımızı içənlərin üzünə güldürüblər, bizi
itin-qurdun yedəyində
qul kimi əzib, öldürüblər, bizi.
Yaddaşımızda ocaq qalayıblar,
tariximizi özününküləşdirib cilalayıblar,
Tundranın düzəni kimi.
Elə bu ağrıdandı ki,
bu gün əlimizi sinəmizdə daraqlayıb,
oturmuşuq Qarabağ dərdinin qapısında.

Bu xəbəri paylaşın: