AVMVİB XƏBƏRLƏRİ

ABŞERON. AVMVİB Abşeron rayon şöbəsinin sədr müavini Məhəbbət Qasımovun verdiyi məlumata görə, bu gün rayon veteranları AVMVİB Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarovun başçılığı ilə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Gülverdi Hüseynovun və Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuş Əliyoldaş Əmirəhmədovun Qobu qəsəbəsində Anım tədbirində iştirak ediblər.


Döyüş dostları şəhidlərimizi unutmadıqlarının simvolu olaraq şəhidin yaxınlarına əbədi yaşar şəhidlərimizin təltif edildiyi Xatirə medallarını təqdim ediblər.


Mərasimdə şəhidlərin əziz xatirəsi anılıb və onlara həsr edilmiş postament qarşısına gül qoyulmuşdur.


Allah şəhidlərimizə rəhmət eləsin!


***


ZƏNGİLAN. AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev sosial şəbəkədə verdiyi məlumata görə, 24 yanvar 2020-ci il tarixdə Zəngilan rayon 13 №-li tam orta məktəbdə Zəngilan rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü, AVMVİB Zəngilan rayon bölməsinin iştirakı ilə vətənpərvərlik ruhunda Azərbaycanın hərbi xadimi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirilmişdir.


Tədbirdə çıxış edənlər iki dəfə Sovet İttifaqı Qəhrəmanının şərəfli döyüş yolundan danışaraq H.Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib, qəhrəmanın hərbi xidmətlərindən söhbət açıb və görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu bildiriblər.


Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, sonar isə Həzi Aslanovun haqqında video çarx nümayiş etdirilmişdir.


Sonda AVMVİB Zəngilan rayon bölməsi tərəfindən fəal şagirdlərə Fəxri Fərman təqdim edilmişdir.


***


BİLƏSUVAR. AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun verdiyi məlumata görə, rayon şöbəsi nəhayət ki, öz yeni iqamətgahında fəaliyyətə başlayıb.


AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov bu işdə onlara dəstək olan hər kəsə bölgə veteranları adından öz minnətdarlığını bildirib.
Daha sonra şöbə üzvü olan döyüşçülərə fərqləndirici döş nişanlarının təqdim etmə mərasimi keçirilib.


Təbrik edirik!

Bu xəbəri paylaşın: