POEZİYA ÇƏLƏNGİ: YENƏ PAYIZA QALDI, HƏSRƏT ÇƏKƏN UZAQLAR

ELBARİZ MƏMMƏDLİ

Bu gün də belə keçdi, içimizdə intizar,
Bu gün də özümüzü aldadıb, yola verdik.
Yenə payıza qaldı, həsrət çəkən uzaqlar,
Gücü işə vermədik, gücü xəyala verdik.

DİNCƏLƏ

Deyirəm, şıdırğı bir yağış yağa,
Göylər öz yükünü ata, dincələ.
Tükənib canıdan son qarın suyu,
Çəmənlər qan tərə bata, dincələ.

Ala nəfəsini torpaq, dərindən,
Otlar şirə çəkə rişələrindən,
Dönə qarışqalar, yem səfərindən,
Bir az yuvasında yata, dincələ.

Yuya sifətini leysanda, daşlar,
Çırpa qanadının tozunu, quşlar,
Aranda nəfəsi yanan ağaclar,
Yağışı mey kimi dada, dincələ.

Zəmilər nə vaxtdan həsrətdi, suya,
Düşüb səhralar tək, qara qorxuya,
Çaylar cana gəlib, izini yuya,
Quruyan göllərə çata, dincələ.

Yanğı var, güllərin qəlb otağında,
Həsrət çat-çat olub, yolun ağında,
Erkən quraqlığın tozanağında,
Buludlar aranı qata, dincələ.

DÜNYA ZOR DÜNYASIDI…

Doğru söz acı olur, bəzən dost da inciyir,
Bizi nələr gözləyir, bəlkə, huşuna gəlmir.
Hamını aldadırıq bu, qul düşüncəsiylə,
Biz yazda gördüyümüz, yadın qışına gəlmir.

Oturmuşuq içində qara-qara dərdlərin,
Fitnə mərkəzindəyik, işğalçı namərdəlrin,
Yarasından qan axır, basılan sərhədlərin,
Dünya zor dünyasıdı, haqqın tuşuna gəlmir.

Başımıza gələnlər, baş çəkəsi yük deyil,
Yaz çəkəsi yük deyil, qış çəkəsi yük deyil,
Yoxsa, haqqın davası ilahi, bizlik deyil?
Hansı yana əl atır millət, işinə gəlmir.

O qədər soyumuşuq, havamız da dəyişib,
Düşmən qalıb qıraqda, davamız da dəyişib,
Doğmalar yad olalı, yuvamız da dəyişib,
Südəmər körpələr də ana döşünə gəlmir.

Deyirdik ki, azalar duyğusuzlar, ortada,
Yavaş-yavaş əriyər, qanı buzlar, ortada,
Hələ ki, söz fırladır dələduzlar, ortada,
Bu qədər haray qopur, ağlı başına gəlmir.

Gör, nə qədər harın var, məmləkətin içində,
Millət aclığa məhkum, fəlakətin içində,
Bu qədər qudurğanın, beyni ətin içində,
Bircə quru sümük də yetim dişinə gəlmir.

Görürsünüz, bu dünya erməniyə züy tutur,
Olmayan olayları tirajlayıb, küy tutur,
Kərkükdən Türküstana soyumuza toy tutur,
Haqq savaşla alınır, gözün yaşına gəlmir.

Burnu elə dikəlib, haram yeyib, artanın,
Əli yaman uzanıb, kürsülərdə qartanın,
Yenə iş birliyində qohumları Vartanın,
Millətə gələn bəla vallah, boşuna gəlmir.

On milyonluq ürəyi Vətənə bükməliyik,
Qanı düşmən olanı torpaqdan tökməliyik,
Ruhunu satanları divana çəkməliyik,
Rədd olsun bu ölkədən, kimin xoşuna gəlmir.

ÖZÜMƏ

Altmışı da saldın yola,
Barı, eşqə bələdinmi?
Hardasa qorxub keçdiyin,
İzini güllələdinmi?

Boy verdinmi haqqa, bir az,
Şeir qoşub, palaz-palaz,
Getdi ömür, ötüşdü yaz,
Arxasınca ləlidinmi?

Güc verdinmi, cürətinə?
Bir az düşəndə çətinə,
Ata-ana həsrətinə,
Quzu kimi mələdinmi?

Dünyada izin qaldımı?
Qalmağa üzün qaldımı?
Kiməsə sözün qaldımı?
Son arzunu dilədinmi?

Tanımadı Vətən səni,
Dərdi səndə bitən, səni,
Ağrıdanda ötən səni,
Gözündən yaş çilədinmi?

Doğruluq imtahanında,
Qiyməti olmaz canın da,
Bax, gör Tanrının yanında,
Özünə yer elədinmi.

MƏN SƏNƏ ÖYRƏNCƏLİYƏM

Səhəri diri açıram,
Bircə hovur yatmıram ki.
Tez-tez adını tuturam,
Səni də oyatmıram ki?

Gözlərimdə quş mürgüsü,
Sanki budaqda yatıram.
Hər gün sənə yol gəlirəm,
Hər gün sənə can atıram.

Uzaqda bir həsrətlin var ,
Yuxuna gəlirmi, bilməm.
Darıxmaq çox ağır olur,
Duyanlar bilirmi, bilməm.

Allanan yanağın kimi,
Yenə qızarıb, dan üzü,
Qovdu məni uzaqlara,
Həsrətinin tufan üzü.

Yenə quşlar hay qoparır,
Dan üzü yenə, oxuyur.
Bəlkə, sənin məktubundu,
Gətirib mənə oxuyur.

Hamı yuxusunu yatır,
Yuxusuz tək, biz qalmışıq,
Bir xəyalın, bir də ki, mən,
Elə ikimiz qalmışıq.

Xəyal da üzür adamı,
Heç ümidə oxşamır ki.
Səndən sonra canım, gözüm,
Rahat ömür yaşamır ki.

Bircə anım yoxdu, sənsiz,
Bax, mən də belə dəliyəm.
Neynim, həsrətim də olsan,
Mən sənə öyrəncəliyəm.

YENƏ PAYIZA QALDI, HƏSRƏT ÇƏKƏN UZAQLAR

Bu gün də belə keçdi, boş xəyallar içində,
Bunu da yola verdik, aldadıb özümüzü,
Yalana girov qoyub, fikirlərin köçündə,
Dikmişik sabahlara həsrətlə gözümüzü.

Hamı həyat arzulu, üzünü tutub göyə,
Daha göydəkinə də yalvarış, kara gəlmir.
Görəsən, bu adamlar hələ inanır, nəyə?
Binadan bu məmləkət düzəlmir ki, düzəlmir.

Filankəsi tutdular, pahoo, dünya düzəldi,
Millətə nə xeyri var, bu cılız xəbərlərin?
Baxırsan taleyinə, payız üzlü xəzəldi,
Daha beli bükülüb, haqqı deyən ərlərin.

Hərə bir yana çəkir, canı yanan milləti,
Yenə ölkədə şahdı, Şərqin, Qərbin hiyləsi.
Yenə aranı qatır, yenə nədir, niyyəti?
Tutubdu həndəvəri düşmən hərbin hiyləsi.

Ara elə qarışıb, savaş da yaddan çıxıb,
Çəkilib içə doğru döyüş makinaları.
Ağzını küfrə açır, hamı dişini sıxıb,
Günümüzün gündəmi söyüş makinaları.

İki adamın sözü düz gəlmir, bir-birinə,
Bəs, hanı bütövlüyün öyülən nümayişi?
Bizi doldurubdular zamanın xəlbirinə,
Bu da taleyimizin qara gələn gərdişi.

Gərək zəif olmasın, bu xalqın iradəsi,
Zəif olan milləti, ayaq altda əzirlər.
İşə bax, dodağında söyüş dolu hədəsi,
Rusun, farsın qulları ortalıqda gəzirlər.

Ötürürük günləri, sabah düzələr, deyə,
İlləri xərcləmişik, boş ümidin dalında.
Bizim ədalətimiz nə vaxtsa gələr, deyə,
Boş xəyallar qurmuşuq, boş ümidin dalında.

Bu gün də belə keçdi, içimizdə intizar,
Bu gün də özümüzü aldadıb, yola verdik.
Yenə payıza qaldı, həsrət çəkən uzaqlar,
Gücü işə vermədik, gücü xəyala verdik.

Bu xəbəri paylaşın: