XAQANİ Ədəboğlu
«Kor günəş işığını görməsə də, istisi onun da kürəyini isidər».
Qaraçı atalar sözü
Avropada hansısa şəhərin girişində belə bir elan vurulub: «Lütfən, dilənçiyə pul verməyin!»
Bu günlərdə İsveçrənin Bazel-Ştadt kantonunun rəhbərliyi bir də heç vaxt İsveçrəyə dönməmək öhdəliyi götürən avara və dilənçilər üçün Avropanın istənilən ölkəsinə bilet alışının ödənilməsinə qərar verib. TASS-ın verdiyi xəbərə görə, “20 Minuten” nəşri yazır ki, kanton rəhbərliyi vətəninə qayıtmaq istəyən hər bir dilənçiyə qatar bileti və ya aviabilet, habelə 20 İsveçrə frankı verməyə hazırdır. Bunun əvəzində şəxsin artıq “ən azı bir müddət” İsveçrəyə dönməyəcəyinə dair sənədi imzalaması lazımdır. Bu öhdəliklərə əməl edilməməsi dərhal deportasiya ilə nəticələnəcək.
Qeyd olunur ki, bu təklifdən artıq 31 nəfər istifadə edib. Onlardan 14 nəfər Rumıniya, 7 nəfər Belçika, 7 nəfər Almaniya, 2 nəfər İtaliya və 1 nəfər Fransadandır.
Diqqətimi cəlb edən bu informasiyada ağlıma bir fikir gəldi. Biz niyə bu taktikadan rüşvətxorlara qarşı istifadə etməyək? Məsələn, ölkəmizin bütün girişlərinə plakat vurub yazaq: «Lütfən, rüşvətxorlara rüşvət verməyin!» Yaxud da rüşvətxorlara qarşı, biz də İsveçrədə qaraçılara etdikləri kimi davranaq. Bunlara bilet alıb ölkəmizdən çıxaraq. Çünki həm qaraçı, həm də bizim milli rüşvətxorların düzəlmə ehtimalı sıfıra bərabərdir.
Bircə fərq ondadır ki, qaraçı naz eləsə, onu ölkədən deportasiya edə bilərlər, amma bizdə vəziyyət qəlizdi. Bunların çoxu «urus alkaşı» kimi, «arağı tərgit»-deyəndə, üzə durur ki, bir araq al tərgidim. «Rüşvəti tərgit» deyəndə isə, «nə qədər verirsən, tərgidim», deyirlər. Düşmən təkcə ölkəmizin ərazi bütövlüyünə təhdiddir. Amma rüşvətxor isə bir ölkənin varlığına, milli mənəvi dəyərlərinə, millətin və dövlətin gələcəyinə, ölkənin daxili stabilliyinə, insanımızın sağlamlığına, təhsilimizə, ölkənin müdafiə qabiliyyətinə, iqtisadi inkişafa, insanlığın hər cür inkişafına, qısacası bəşəriyyətə qarşı qorxunc bir təhdiddir. Bunun hansı qorxuludur. Bunu edənlərin hansı daha çox düşməndir? Normal ağıl sahibi olan birisinin 1000 mənzil almasının dünyada analoqu varmı?
İsveçrəlilər qaraçıları çıxaracaqlar. Qaraçılara da az fərq edir, İsveçrə olsun, yaxud da Rumıniya olsun. Onsuz da qaraçılıqlarını edəcəklər. Bir qaraçı atalar sözü var: «Hər yerdə yaşayırsansa, demək heç yerdə yaşamırsan». Yaxud da qaraçılar deyirlər ki, hər yer bizim üçün vətəndir. Elə bizim milli rüşvətçilərin də vətən hissləri yoxdur. 44 günlük müharibədə bircə nəfərin də Vətən müharibəsində iştirak etməməsi tarix üçün heç zaman silinməyəcək bir ayıbdır. Bu gün çoxları deyir ki, varlıların evlərindən deyil, kasıb komalarından şəhid çıxır. Varlının hər şeyi ola bilər, olmayanı ala bilərlər. Amma Vətəni alıb satmaq olmur. Satılmayan şeylər kasıb kimi şərəfli insanlara əmanət edilir. Şəhid adını verən Allahdır. Bu ucalığı pulla almaq mümkün deyil. Çünki Allah rüşvət almır…
… Bir də qaraçılardan fərqli olaraq, bizimkilərə yaşayış yerinin təfavütü var. Bunları ölkədən deyil, adicə rüşvətxanaya çevirdikləri vəzifədən çıxaranda üçcə günə «yoluq cücəyə» dönürlər. Qaraçını qovsan, gedib qaraçılığını lap elə Almaniyada eləyəcək. Amma bizim bu milli rüşvətxorlar bu işi gedib nəinki Almaniyada, heç Gürcüstanda da eliyə bilmirlər. Hələ min bir məşəqqətlə aldıqlar 2 milyonluq saatı belə qollarında saxlaya bilmirlər. Faciəmiz budur. Sosial şəbəkədə Elmar Həsənli maraqlı bir paylaşım edib: «Tarixçi alim Lətif Babayev yazır : » Cümhuriyyətin hökumət üzvüləri haqqına arxivlərdə tədqiqat apararkən diqqətimi çəkən bir çox məqamlar oldu .Onlardan biri budur ki, hökumət üzvlərinin bir çoxu həbs olunur. Xüsusi xidmət orqanlarının işçilərinin onlar haqqında tərtib etdikləri istintaq materiallarında ‘»Əmlakı» bölümü adlı yer var. Həmin bölümün qarşısında «Əmlakı yoxdur» sözü yazılıb».
Amma vücudu bəşəriyyətə təhqir olan başçıların at-eşşək, qoyun-keçi və hətta donuz fermalarını görüncə anlayıram ki, bizim bu müqəddəs insanlarla genoloji əlaqələrimiz pozulub və ona görə də onlara dil uzada bilirik…
Gözümüz görə-görə bir millət öz gələcəyinin üzərindən xətt çəkməklə məşğul olur. Qoca rüşvətçini çıxarıb, yerinə Amerikaya uçub gəlmiş bir cavanı qoyursan, o da qoca rəhmətliyə rəhmət qazandırır. Çünki hamısı bir — birinin serial kimi davamıdır. Atası azərbaycanlını çıxarıb yerinə babası azərbaycanlını qoymaqla islahat olmaz. İslahat idrak və təxəyyül işidir. Sokrat deyirdi ki, «özünüz dəyişin, dünyanı da dəyişin». Bu adamlarsa, dünyalarını dəyişərlər, amma xislətlərini dəyişə bilməzlər. Bunlara islahat deyəndə hərəsinin bir «qara dəftəri» var, götürüb gəlirlər ki, xalqa bu cərimə o cərimə yazaq. Özü də xalqın güzaranını Ermənistanla, cəriməsini isə elə İsveçrə ilə müqayisə edirlər. Məgər içinizdə bu xalqın xeyrinə nəsə düşünə biləcək bir kimsələr yoxdurmu? Sizcə niyə?
Hər belə yazı yazanda bir çoxlarının xətrinə dəydiyini eşidirəm. Amma vallahi və billahi, mən bunu rüşvət alanları nəzərdə tutub yazıram. Nə yaxşı ki, elələri bizdə yoxdur. Qaraçıları demirəm ha…