Fond rəhbərindən hökumətə təklif: “Əlillik dərəcəsi ala bilməyən veteran və qazilərin müavinətlərin miqdarı artırılmalıdır”

“Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün əyani müayinə əsasında qiymətləndirilməsində iştirak etdim.

Əyani müayinə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya tərəfindən keçirilir. Bu zaman müayinyə cəlb edilmiş şəxlərin əlillik sənədləri, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırılır”.

 Bunu  Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev  bildirib.

 

Onun sözlərinə görə. aparılan araşdırmalar göstərir ki, bir sıra hallarda xəstəlik diaqnozları və sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir. “ Əmək və əhalinin social müdafiəsi nazirliyi (ƏƏSMN) bu halların araşdırılması, qanun pozuntularının qarşısının alınması, şəffaflıq və obyektivlik təmin edilməsi üçün əlaqədar dövlət orqanları, vətəndaş cəmiyyətini də cəlb etməklə zəruri tədbirlər həyata keçirir”- o qeyd edib.

Onun fikrincə, səmərəli ictimai nəzarət və hesabatlılıq təmin edilməklə bu işlərin həyata keçirilməsi zərurətdən yaranıb: “Çalışmalıyıq ki, prosesə obyektiv, rasional yanaşaq, ƏƏSMN ciddi araşdırma aparıb. Nəticədə bu istiqamətdə çoxsaylı ciddi qanun pozuntuları və sui-istifadə halları olması faktları müəyyən olunub. Hesab edirəm ki, bu faktlara və rəqəmlərə ciddi yanaşmalıyıq. Nazirlik ictimai nəzarətin təmin edilməsi, ictimiyyətin iştirakçılığı üçün şərait yaradır”.

Ə. Nuriyev əlavə edib ki, bununla belə əlbəttə şikayətlər də, əks mövqelər də mütləq nəzərə alınmalıdır: “Bir şəxsin belə haqqı çatan sosial müdafiə tədbirindən kənarda qalmasına göz yuma bilmərik. Bu proses səbr, təmkinlə aparılmaqla yanaşı,  obyektiv və şəffaf olmalıdır. Burada söhbər həm fərdlərin, həm də dövlətin maraqlarından gedir”.


 Ə.Nuriyev  təklif edir ki, optimal yol hərbi səbəblərlə ağır fəsadlar almış, lakin əlilliyə səbəb olmayan hallarda veteran və qazilərimizə verilən müavinətin miqdarı artırıla bilər: “Vətənimizin bütövlüyü uğrunda döyüşmüş, sağlamlığını itirmiş, əlilliyə səbəb olmasa da fəsadlar almış veteran və qazilərimiz bu baxımdan fərqləndirilməlidir. Onlar kifayət qədər sosial qayğı ilə əhatə olunmalıdır. 

Müşahidələrimə görə, ƏƏSMN bütün maraqlı tərəflərin iştirak etdiyi, korrupsiya hallarını, subyektiv təsirləri neytrallaşdırmağa imkan verən mexanizm tətbiq edir. İctimaiyyət nümayəndələri olaraq bu prosesə həssas və obyektiv yanaşmalıyıq. Ədalətin pozulduğu hallarda susmamalıyıq. Ən vacib şərt isə özümüz ciddi araşdırmalı və ədalətli olmalıyıq”.

Bu xəbəri paylaşın: