Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon şöbələri şəhid məzarlarını ziyarət etmək və onların adlarının əbədiləşdirilməsi istiqamətində silsilə tədbirləri davam etdirib. Beyləqan rayonu Dünyamalılar kəndində şəhid İlqar Nadir oğlu Həsənovun xatirəsinə həsr olunmuş xatirə bulağının açılışı olub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrini səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov Beyləqan rayonunda keçirdikləri tədbirlə bağlı bildirdi ki, vətənpərvərliyin ən ali məqamı — şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Biz köhnə döyüşçülər olaraq daim bu istiqamətdə mövcud fəaliyyətimizi davam etdirəcəyik. II Qarabağ mharibəsi bir daha göstərdi ki, doğru yoldayıq.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan şöbəsi sədrinin müavini Əlövsət Məmmədovun bildirdiyinə görə, tədbirdə AVMVİB Xocavənd və Beyləqan rayon şöbələri ilə yanaşı,AVMVİB Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov, Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov, İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov, Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev, Saatlı rayon şöbəsinin sədri Elməddin Alışanov, şəhidin yaxınları və müharibə veteranları iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrini səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov qeyd etdi ki, şəhidlərimizin adlarını əbədiləşdirmək üçün bundan sonra bu cür bulaqların tikilməsi, momerial lövhələrin vurulması və s. işlərin görülməsini davam etdirəcəyik. Şəhidlərimiz unudulmamalıdır…
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim



