Mayda başlanıb bitən qəhrəman ömrü…Şəhid Polad ƏRƏBOV

O, may ayının 15-də anadan olmuşdu. May ayının 7-də canından əziz bildiyi Vətən uğrunda şəhadəti seçdi. May ayında nişanlanmış və son dəfə Ağdərə rayonunun Qançanağı (3 nömrəli sovxoz) ərazisindəki ön posta yollanmışdı. May ayında başlanan bir qəhrəmanlıq səlnaməsinə elə may ayında bir əbədiyyət nişanəsi qoyulmuşdu.

Bu gün şəhid Polad Ərəbovun doğum günüdür.

Ərəbov Polad Şəmşir oğlu 1967-ci il mayın 15-də Ağdərə rayonu Umudlu kəndində anadan olub. 1989-cu ildə hərbi xidmətini başa vurub, doğma kəndlərinə qayıtmışdı. Polad Ərəbov əsgər paltarını əynindən çıxarmamış, doğma yurduna sahib durmaq istəyən ermənilərə qarşı ayağa qalxanların sırasında idi. Doğma kəndin müdafiəsində fəallıq göstərən P. Ərəbov general Məhəmməd Əsədovun rəhbərliyi ilə milis kimi işə götürülən gənclərimizdəndi.

1992-ci il soyuq fevral günlərində soydaşlarımızın qədim məskənlərindən olan Umudlu kəndi, son günlərini yaşayırdı. Kənddə əli silah tutanların hamısı döyüşürdü. Yaxınlıqdakı Aterk kəndində toplaşmış erməni quldurları gecə-gündüz Umudlunun üstünə od yağdırırdı. Ancaq kənd təslim olmurdu. Lakin Xocalıda baş verən qətliam, yerli əhalinin köməksiz buraxılması əhalinin dirənişini qırdı. 1992-ci il fevralın 28-də Aterk kəndi istiqamətində böyük qüvvə ilə hücuma keçən erməni-rus hərbi birləşmələrinin qarşısında Umudlunun mərd oğulları geri çəkilməyə məcbur oldular.

Polis starşinası Polad Ərəbov, Vətənə xidmətinə ​ əvvəlcə kəndin özünümüdafiə dəstəsində, 1990-cı ildən isə Ağdərə rayon Polis şöbəsinin əməkdaşları sıralasında layiqincə davam edərək erməni quldurlarına qarşı döyüşdü. Bir gün olsa belə silahını yerə qoymadı. Umudlu kəndi işğal edildikdən sonra, Polad Ərəbovun ailə üzvləri Bərdənin Zümürxan kəndində məskunlaşmış, Polad isə əlində silah erməni işğalçılarına qarşı vuruşmuşdur. O, Ağdam rayonunun Papravənd, Gülablı, Mərzili, Qazançı, Qarağacı kəndlərində gedən döyüşlərdə fədakarlıq göstərmişdir.

Milli Ordumuz Ağdərənin kəndlərini azad etməyə başlayarkən Polad Ərəbov və Ağdərə rayon Polis şöbəsi daim öndə oldu. O, Çıldıran, Dəmirli, Metsşen, Mağavuz, Madagiz, Marquşevan, Lüləsaz, Çaylı, Talış, Seysulan, Aterk, Zəylik kəndlərinin azad edilməsində iştirak etdi.

Polis starşinası olan Polad Ərəbov son iki ildə bir polis işçisi kimi yox, Vətənin azadlığı uğrunda mübarizə aparan yenilməz əsgər kimi, döyüşçü kimi döyüşdən döyüşə, səngərdən səngərə atıldı.

Polad Ərəbov 1994-cü il may ayının 7-də Ağdərə yaxınlığında 3 nömrəli sovxoz deyilən yerdə qəhrəmancasına şəhid oldu.

Məzarı Bərdə şəhəri Şəhidlər Xiyabanındadır.

Tərtər şəhərində bir küçə şəhid Polad Ərəbovun adını daşıyır.

Ad günün mübarək, şəhidim! Bu Vətən sizlərə minnətdardır!

Türkay

Bu xəbəri paylaşın: