Beyləqan rayonunda şəhidlərin əziz xatirəsinə həsr olunmuş daha bir Xatirə bulağının açılışı olub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsi sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov, bu barədə məlumat verərək, bildirdi ki, şəhidlərimizin adlarının və xatirələrinin əbədiləşdirilməsi istiqamətində tədbirlər davam edir. Rayonda S. Məmmədov tərəfindən Beyləqan rayonu Təzəkənd kəndindən olan şəhid Əliheydər Məmmədovun xatirəsinə tikilmiş Şəhidlər bulağının açılışında müharibə veteranları, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər.
Akif Həsənov bildirdi ki, Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır. Ona görə də bu istiqamətdə tədbirlərimizi davam etdirəcəyik. Bu yolda AVMVİB sədri Füzuli Rzaquliyevin daim diqqət və qayğısını hiss edir və Birliyə arxalanırıq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Əlövsət Məmmədov
AVMVİB Beyləqan rayon şöbəsi sədrinin müavini






