Bir-birinizdən muğayat olun, əziz veteranlar…

Fedai.az saytı olaraq müharibə veteranlarının sosial vəziyyətlərinin günbəgün pisləşməsi barədə həyəcan təbili çalmaqdayıq. Aidiyyatlı qurumlardan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi isə, heç bir əməli fəaliyyət göstərmək niyyəti olmadığını göstərməkdədir. 67 min müharibə veteranını öz ətrafında birləşdirən AVMVİB Rəhbərliyi gündə yüzlərlə müraciət alır. Əsas bir xətt isə nazirliyin müraciət və şikayətlərə baxmamasıdır.

Alınan zənglər arasında elələris var ki, ona biganə qalmaq olmur. Növbəti belə zənglərdən biri I qrup müharibə əlili Sühail Əlirezanın zəngi olub. AVMVİB sədri Füzuli Rzaquliyev və AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov öz imkanları hesabına hər iki gözünü Qarabağ uğrunda döyüşlərdə itirmiş Sühail Əlirezanın səsinə dərhal səs verməli bizim xalqın vəfa borcuna daim ləyaqətlə yanaşmasının bir nümunəsi idi.

Karantin rejiminin şərtlərinə uyğun icazə əldə edərək yardımına tələsdiyimiz Süheyl Əfqanıstan Xəzərlərindəndi. Bir qardaşı Əhməd Əlireza Füzuli rayonu uğrunda döyüşlərdə şəhid olub. Özü isə Ağdam rayonu Qərvənd kəndi uğrunda aldığı güllə yarasından görmə qabiliyyətini itirib.Onun Azərbaycanda əlil kimi hüquqlarının tanınmasına AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov böyük əmək sərf elədiyini Süheil özü danışdı. Dara düşən kimi bir döyüş dostu kimi onu araması səbəbsiz deyilmiş. Hərdən yazırıq ki, biz veteranların özümüzdən başqa kimsəmiz yoxdur. Bunu bir daha gördüm. Bir-birinizə dəstək olun, əziz döyüşçülər.

Müharibə əlilləri üçün Zabrat qəsəbəsində tikilmiş binada Süheilin yaşadığı mənzilə müharibə əlili Nizami Məhərrəmov, AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin müavini İslam Səfərov, AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu daxil olduq.

Gəlişimizi Süheil və 4 oğlu sevinclə qarşıladılar. Edilmiş bazarlıq və xaricdə yaşayan müharibə əlili Vahid Hacıyevin göndərdiyi 50 manatı da əlilin ailəsinə çatdırdıq. Döyüşçü qardaşımızın əl çəkmədiyini görüb çayını içdik. AVMVİB sədri Füzuli Rzaquliyev və sədr müavini İslam Səfərov Süheilə bundan sonra da ehtiyacı olarsa zəng etməsini tapşırdılar.

AVMVİB sədrinin müavini İslam Səfərov bildirdi ki, bu cür insanlara ciddi surətdə yardımlar edilməlidir. Hər gün onlarla imkansız döyüşçü və döyüş dostlarım mənə zəng edirlər. Həqiqətən yaranmaqda olan bir problemin qarşısını almaq üçün tədbirlər görülməlidir. Bu sahədə yardımçı ola bilərik.

Yaman günün ömrü az olar. Möhkəm olun döyüşçü qardaşlar. Siz ki, dara düşən döyüş yoldaşlarınıza daim yardıma qaçmısınız. Savaş savaşdır. Bir-birinizdən muğayat olun.

Tanrı veteran döyüşçülərimizi qorusun!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: