THE ATLANTIC. Afrika ən sıx qitəyə çevriləcək, islam ən çox yayılmış din olacaq, yaşlı insanların sayı isə xeyli artacaq. Bu barədə “The Atlantic” məlumat verir.
İnsanların Yer planetində mövcud olmağa başladığı andan bəri bəşəriyyətin cərgəsi son dərəcə ləng artıb. Eramızdan əvvəl 10-cu minilikdə dünyada insan növünün sadəcə 4 milyon nümayəndəsi yaşayıb. 10 min ildən sonra bu rəqəm 190 milyona çatıb. Hətta 1800-cü ildə belə planetin əhalisinin satı milyarda çatmayıb.
Lakin sonra inanılmaz sıçrayış baş verib. Bu sırçayış tibb, sanitariya və ərzaq məhsullarının istehsal sahəsində əldə olunan nailiyyətlər sayəsində mümkün olub. 1900-cü ildə artıq Yer üzündə 1,65 milyard insan yaşayıb. 2000-ci ildə isə dünya əhalisinin sayı 6 milyardı üstələyib. Cəmi 20 ildən sonra qlobal populyasiya 7,7 milyarda çatıb.
Ancaq tezliklə (ən azından bəşər tarixi kontekstində) Yer əhalisi daha artmayacaq. BMT-nin təqdim etdiyi son hesabata əsaslanan demoqrafların fikrincə, bu, təxminən 2100-cü ilə təsadüf edəcək. Həmin vaxtadək planetdə insanların sayı təxminən 11 milyarda bərabər olacaq.
Bəşəriyyət keçmişdə artıq belə bir halla üzləşib. Hesablamalara əsasən, “qara ölüm” təxminən 200 milyon insanın həyatına son qoyub. Bu dəfə hər şey başqa cür cərəyan edəcək.
“Keçmişdə bir çox insanın ölümlə üzləşməsi populyasiyanın azalmasına səbəb olurdu”, — San Diyeqo Universitetindən iqtisadçı Tom Voql (Tom S. Vogl) deyir.
Belə ki, bu dəfə yoxsul ölkələrdə qadınlar arasında gəlir və təhsil səviyyəsinin artması onların daha az uşaq dünyaya gətirməsi səbəb olacaq. Proqnozlarda həmişə qeyri-müəyyənliyin payı olur. Voql iddia edir ki, digər sosial-iqtisadi göstəricilərlə müqayisədə əhali ilə bağlı proqnozlar adətən “aşağı-yuxarı dəqiq olur”. Ona görə ki, tədqiqatçılar hal-hazırda dünyada yaşayan insanların sayını və onların yaşını dəqiq bilirlər, növbəti illərdə nə qədər uşağın dünyaya gələ biləcəyini müəyyən dəqiqliklə söyləyə bilirlər. Voqlun sözlərinə görə, doğum səviyyəsi bu və ya başqa şəkildə proqnozlaşdırılan səviyyədən fərqlənsə belə, “növbəti 100 ildə dünya əhalisinin öz pikinə çatacağı faktını dəyişməyəcək”. 80 il ərzində insanların sayı ilə bağlı gözləntiləri rəhbər tutaraq baş verəcək geniş demoqrafik dəyişikliklərdən bəhs etmək olar.
“Dünya populyasiyası sabitləşəndə Afrika əhali dəyişikliyi baxımından dünyanın ən böyük regionuna çevriləcək. İslam ən geniş yayılmış din olacaq”, — deyə ekspert əlavə edib.
Ümumilikdə Yer əhalisi qocalacaq. BMT-nin hesabatına əsaslanaraq qeyd etmək olar ki, 2020-2100-cü ilədək 80 və daha yaşlı insanların sayı 146 milyondan 881 milyona çatacaq. Bu zaman analoji dövrdə orta yaş həddi 31-dən 42-ə yüksələcək.
Voql qeyd edir ki, bu cür dəyişikliklər bir ölkə çərçivəsində baş verəndə adətən “siyasətdə böyük problemlərə səbəb olur”. Bu ssenariyə əsasən, iş qabiliyyətli insanlar getdikcə sayları artan pensiyaçıları təmin etməli olur. Və bunu həm pensiya proqramları və fondlarının doldurulması kimi ictimai formada, həm də ailə təsərrüratı səviyyəsində həyata keçirmək lazım gəlir. Çünki ailənin gənc üzvləri yaşlılara qulluq etməli olur.
Hər bir ölkə bu problemlə üzləşəcəyi üçün yaşlıların az olduğu ölkələrdən özü ilə əmək qabiliyyətli gənc insanları gətirən immiqrasiya qocalma dinamikasını ləngidə bilər. Ancaq müasir siyasət təsdiqləyir ki, imiqrasiyanı qəbul etmək elə də asan deyil. Bu problemi yumşaltmaq üçün ölkələr daha şəffaf yollara əl ata bilər: iqtisadiyyatı genişlədə, həmçinin əmək bazarında qadınlar üçün daha çox imkan yarada bilər. Bu da pensiyaçılarla işçi qüvvənin arasındakı nisbəti dəyişə bilər.
Məqalədə deyilir ki, populyasiya tendensiyaları XXI əsrdə ailə həyatının teksturunu da dəyişəcək. Dünyanın müxtəlif guşələrində doğum səviyyəsi aşağı düşdükdə ailə üzvlərinin sayı azalacaq. Bu o deməkdir ki, qardaş-bacısız uşaqlara daha çox rast gəlinəcək, valideynlər hər bir uşağa daha çox resurs və diqqət investisiya edə biləcək.
“Mədəniyyət elə bir istiqamətdə irəliləyir ki, geniş deyil, daha çox “atom” ailələr olacaq. Məsələn, Afrikada geniş ailə sistemi mövcuddur. Burada insanlar əmi qızları və əmi oğlanları, daha uzaq qohumları ilə birlikdə yaşayırlar”, — deyə Kornell Universitetindən sosiologiya professor Parfati Yeloundu-Yeneyci (Parfait Eloundou-Enyegue) məsələyə aydınlıq gətirir. Ekspert əlavə edir ki, bu cür model öz yerini kiçik ailələrə verəcək.
Bunun müxtəlif nəticələri olacaq. Məsələn, emosional nəticələri. Çünki qohumları az olan insanlara ailə dəstəyi tapmaq çətin olacaq. Maliyyə dəyişikliyi də olacaq. Maliyyə öhdəliklərinin bölüşdürülməsində böyük ailələr daha effektivdir. Ona görə ki, qohumlar bir-birlərinə kömək edə bilir.
“Ailələr balacalaşdıqca, iqtisadi rifahda müəyyən dəyişiklik haqqında düşünməli olacağıq: risklərin öhdəsindən necə gələcəyik?” – deyə ekspert sonda vurğulayıb
