Terrorçu Maral «əldən çıxdı», amma Vigen buradadır…

«Eulcekciyan Vigen Abraham qardaşımın dostu idi. Onunla ərimdən boşanandan sonra münasibət qurduq. Bir neçə dəfə Ermənistana gəlib, qayıtmışdıq. Sonuncu dəfə 2020-ci ilin əvvəlində gəldik. Pandemiya səbəbindən uşaqlarımı Livana göndərdim. Daha bir müddət sonra isə özüm qayıtdım. Müharibə başlamazdan bir müddət əvvəl Eulcekciyan Vigen Abrahamın yanına qayıtdım».

Bu sözləri Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekciyan Vigen Abrahamın cinayət işi üzrə məhkəmə iclasında şahid qismində tanınan, hazırda Livanda olan Maral Nazaryan deyib.

Maral Nazaryanın istintaq zamanı qeyd edib ki, sentyabrda müharibə başlayan zaman Eulcekciyan Vigen Abraham Livandan tanıdığı bəzi şəxslərlə əlaqəyə girib:

«Biz birlikdə Şuşaya gəldik. Həmin vaxt o, Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif elədi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Bundan əlavə maaş da verəcəklər. Viken onunla razılaşdı. Mən ona etiraz etdim ki, sən Ermənistan vətəndaşı deyilsən və bu gələcəkdə bizə problem yaradacaq. Lakin o, məni saymadı və döyüşlərə getdi. Mənlə telefonla danışanda deyirdi ki, Xocavənd istiqamətindədir, müasir silahlarla, geyimlə təmin ediblər. 3-4 gündən sonra qayıtdı və bildirdi ki, azərbaycanlılar çox güclüdür, xaricdən gələn muzdluların hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik. Noyabrın 10-da eşitdik ki, müharibə qurtarıb. Biz Şuşadakı oteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi əsir götürdü. Vigenin telefonunda döyüşdüyü şəkilləri görüb onu saxladılar».

Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekciyan Vigen Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 20 il azadlıqdan məhrum edilməsini cəzası istəyib.

Məhkəmənin növbəti prosesi iyunun 11-nə təyin edilib.

Xatırladaq ki, ermənicə tərcüməçi dəyərli alimimiz, saytımızda yazılarından yaxşı tanıdığınız İsmayıl Tanrıverdidir.

Bu xəbəri paylaşın: