Bu sosial «islahat» sosial narazılığı artırmağa hesablanıb

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Neçə vaxtdı günümün böyük FAİZİNİ bizimkilərin «ilahi vergilər» əsasında yazdığı və Məclisdən keçirdiyi qanundan şikayətləri dinləməyə həsr edirəm. Bizim İsveçrə «sevər» islahatçılarımızın yeni «Əliliyin təyin olunması meyarları»nı düşünərkən, yadıma adətim üzrə bir lətifə düşdü: «Məşhur bir ovçu varmış. Daim ov edər, ailəsini və əhatəsində olan insanların güzaranına fayda verərdi. Bir gün meşəyə ova gedir və bir aslanın öküzü parçaladığını görüb ağaca çıxır. Aslan yeyib şikarın yanında mürgüləyincə çaqqallar, tülkülər və digər yırtıcılar bu şikardan öz qarınlarını doyururlar. Axşam olunca ovçu əli boş evə dönür və deyir ki, bundan sonra ova getməyəcək. Çünki Allah hər canlının yemini özü yetirəcək.


Günlər ötür, ovçu evə qapıdan bayıra çıxmır. Arvada da deyir ki, bəs narahat olma, Allah yetirəcək. Amma evdə nə var, satılıb yeyilir. Aclıq çəkən ailənin xanımı kəndin ağsaqqalına şikayət edir ki, kişi evə qazanc gətirmir. Ağsaqqal gəlib ovçunu dinləyir və o, başına gələn olayı danışır. Ağsaqqal deyir: «Zalım oğlu, sən, niyə gedib özünü o Aslana deyil, tülküyə, çaqqala oxşatdın? Aslan olaydın və beş-üç nəfər də sənin süfrənin qırığıyla dolanaydı»…


Biz niyə tarixən müharibə görməmiş bir ölkənin qanunu əsasında qərar uydurmalıyıq? Niyə 30 il müharibə görmüş və zərər çəkmiş bir ölkənin bu meyarları arasında «kontuaiya, posttravmatik sindrom, müharibə, hərb və s.» sözləri yoxdur? Bunu kim sifariş edib? Niyə müharibə əlilləri haqqında ayrı bir Qanun hazırlanmır?


İndi isə keçək aparıcı Avropa dövlətlərinin veteranlarla bağlı həyata keçirdikləri tədbirlərə. Diqqətlə oxuyun…


Almaniya və Böyük Britaniyada II Dünya Müharibəsi veteranları ayda 10.000 dollar ala bilirlər, İsraildə müharibə veteranları və düşərgədə məhbus olmuş şəxslər üçün aylıq müavinət təxminən 1500 dollardır. Azərbaycanda veteranlar bu cür ödənişləri yalnız xəyal edə bilərlər
İkinci Dünya Müharibəsi veteranlarına və digər döyüş əməliyyatları iştirakçılarına münasibət yalnız dövlətin iqtisadi vəziyyətinin deyil, həm də dövlətin vətəndaşa mənəvi münasibətidir. Hər şeydən əvvəl, ölkəyə rəhbərlik edənlər onun öz vətəndaşlarına necə davranmasını göstərir.


Rusiyada isə, Əmək Nazirliyinin 2017-ci ilin aprel ayında verdiyi məlumata görə, təxminən 1.8 milyon əlil və İkinci Dünya Müharibəsi veteranı var. Rusiyada da 1.28 milyon arxa cəbhə işçiləri, 125.8 min keçmiş azyaşlı faşizm məhkumu, 22.4 min əlil olan dul qalmış şəxs II Dünya Müharibəsi iştirakçısına pensiya və müavinət ödənilir. Digər 113,5 min nəfər mühasirədə qalan Leninqrad sakinləridir.
Əmək Nazirliyinin məlumatına görə, 2016-cı ildə Böyük Vətən Müharibəsi veteranları üçün orta pensiya 16,5 min rubldan (300 dolların altındadır) daxili işçilər üçün əlil döyüşçülər üçün 31,6 min rubla (550 dollar) qədər dəyişdi.


Bu ödənişlər xaricdəki qazilər tərəfindən alınan ödənişlərlə nə qədər müqayisə olunur?


ALMANİYA


Almaniya dövləti, hətta Vehrmaxt veteranlarına (faşist ordusu veteranına) qocalıq müavinəti və yüksək səviyyədə sosial müdafiə təminatı verdi. Rütbəsindən və xidmətindən asılı olaraq, II Dünya Müharibəsində iştirak etmiş veteranların təqaüdü 1600-9000 dollar arasında dəyişir. Məsələn, kiçik zabitin təqaüdü 2700 dollardır. Təxminən 440 nəfər həlak olanların dul qadınlarına da müavinət verilir.
Alman ordusunda xidmət etmiş və «9 May 1945-ə qədər hərbi xidmət keçmə qaydasına uyğun olaraq qanuni hərbi xidmət keçmiş» alman əsilli şəxslər də ödənişlər təmin edilir.


Qazilər il ərzində iki dəfə pulsuz xəstəxanaya yatmağa ümid edə bilərlər və söhbət əsirlərdən gedirsə, xəstəxanaya yerləşdirmə sayı məhdud deyil. Ayrıca, dövlət keçmiş Wehrmacht əsgərlərinin döyüşdükləri yerlərə, o cümlədən xaricə getmələrini qismən ödəyir.
Almaniyada yaşayan Qırmızı Ordu veteranları isə də aylıq 440-550 dollar təqaüd ala bilərlər. Həm də yaşlarına görə sosial təminat almaq hüququna malikdirlər.


BÖYÜK BRİTANİYA


İngiltərədə veteranlara dövlət dəstəyi Müdafiə Nazirliyinin bir bölməsi — Hərbi və Veteranlar İşləri Agentliyi (Veteranlar UK) tərəfindən idarə olunur. II Dünya Müharibəsi veteranları, İngiltərənin iştirak etdiyi digər hərbi qarşıdurmalarda iştirak edənlər döyüşənlərlə eyni sosial yardım alırlar. Xüsusilə, bütün əlil döyüşçülər və onların dul qadınları, 2005-ci ilin aprelində qüvvəyə minən Silahlı Qüvvələr və Ehtiyat Tazminat Planına (AFCS) uyğun təmin edilirlər.


Müharibə zamanı yaralanan hər bir İngilis təqaüd almaq hüququna malikdir. İngiltərədəki bir veteranın təqaüdünün ölçüsü birbaşa hərbi rütbədən və yaralanmaların şiddətindən asılıdır. Aylıq ödənişlər 2200-10000 dollar arasındadır. Lazım gələrsə, dövlət oturaq veteranlara əlavə pul ödəyir.


ABŞ


ABŞ-da veteranlar üçün 1930-cu ildə yaradılmış (1989-cu ildə nazirlik statusu almış) sosial təminatla məşğul olan xüsusi bir şöbə fəaliyyət göstərir. 152 xəstəxana, 800 poliklinika və 126 evdə müalicə vahidi olan hərtərəfli bir veteran qayğı sistemi mövcuddur. Amerikalı veteranlara tibbi xidmət pulsuzdur. Ümumilikdə şöbənin strukturlarında təxminən 280 min nəfər işləyir. Yalnız Pentaqonda daha çox sayda işçi var.


ABŞ-ın iştirak etdiyi bütün hərbi münaqişələrdə iştirak edən veteranlar üçün güzəşt paketində əlillik təzminatı, xüsusi pensiya əlavələri, sığorta və dəfn xərcləri var.


Veteranların İşləri Departamentinin məlumatına görə, 2016-cı ilədək ABŞ-da yalnız 697,800 II Dünya Müharibəsi veteranı qalıb. Veteranlar orta hesabla 1500 dollar olan təqaüdlərinə 1200 dollar artım haqqına sahibdirlər.


Ümumilikdə, II Dünya Müharibəsi, Koreya, Vyetnam, Küveyt, İraq və Əfqanıstandakı müharibələr veteranlarının yaxınlarına təzminat ödəmək üçün ABŞ büdcəsindən hər il təxminən 7 milyard dollar xərclənir.


FRANSA


Fransız veteranlarının da öz şöbələri var. Onların problemləri ilə keçmiş Hərbi personal və müharibə qurbanlarının işləri nazirliyi məşğul olur. Bu şöbədən alınan orta pensiya (ixtisaslaşmış dərnəklərdən müavinət və yardım xaric) 1400 dollardır. Ancaq bunun xaricində II Dünya Müharibəsi veteranları illik 770 dollar əlavə ödəmə alırlar.


Fransadakı xüsusi qürur mövzusu uzun bir tarixə sahib olan Əlillər Evidir. Həm hərbi şöhrət salonu, həm də xəstəxana kimi fəaliyyət göstərir. Qayğıya ehtiyacı olan qazilər burada daimi yaşaya bilər.


İSRAİL


İsraildəki II Dünya müharibəsi veteranlarına aylıq təqribən 1500 dollar müavinət verilir. Eyni zamanda, müharibə dövründə faşist düşərgələrində və gettolarda olan insanlar da 2007-ci ildə II Dünya Müharibəsi veteranları ilə bərabərləşdirilmiş və eyni imtiyazları almışlar. Pensiyaya əlavə olaraq ildə bir dəfə keçmiş nasist məhbuslara müalicə üçün 300 dollar vəsait ödənilir. Veteranlara müxtəlif qeyri-dövlət fondlarından maddi yardım da verilir.


İsrail Müdafiə Qüvvələri veteranlarına 1700 dollar əlahiddə bir təqaüd verilir. Eyni qərar, terror hücumlarında zərər çəkmiş vətəndaşlara da aiddir. İsraildəki bütün müharibələrin veteranları bələdiyyə vergisini ödəməkdən azaddırlar, mənzil və kommunal xidmətlər üçün əhəmiyyətli endirimlər, ölkədəki orta əmək haqqının 35% -i qədər (2016-cı ildə 875 dollar idi) illik müavinət, 10% əlavə kirayə mənzil müavinəti, dərmanlarda 75% endirim və s. ilə təmin olunurlar.


TÜRKİYƏ


Türkiyədəki xəstəxanalar və səhiyyə xidmətlərindən qazi və şəhid ailələrinin faydalanması 1005, 3713, 2330 və 211 saylı Qanunlarla müəyyən edilir. Bu qanunlarla təmin olunan qazilər, şəhidlər və yaxınları, xəstəxanalardan və müxtəlif sağlamlıq xidmətlərindən pulsuz istifadə edirlər. Bu hüquq sahiblərinin xəstəxanalardan və səhiyyə xidmətlərindən faydalanma, 2006-cı ildə qəbul edilmiş 5510 saylı Qanunla təsbit edilib.

Aşağıdakı başlıqlarda qanuna görə hüququ olan şəxslərin imtiyazları əks olunub.

1- Müharibə Qaziləri və onların həyat yoldaşları üçün sağlamlıq xidmətləri
2 — Əlil Qaziləri və Şəhidlərin dul qalmış qadınları və yetimləri üçün sağlamlıq xidmətləri
3 — Qayğıya ehtiyacı olan əlillərə və Şəhid ailələrinə nağd pulkompensasiyası
4 — Terrorizmə Qarşı Mübarizə çərçivəsində yaralılara nəğd kompensasiya
5 — Xaricdə İşləyən personal üçün nəğd kompensasiya
6 — Quru sərhədlərinin qorunması və təhlükəsizliyi çərçivəsində zərər çəkənlərə pul kompensasiyası
7 — Uçuş, paraşüt, sualtı qayıq, dalğıc və sualtı üzgüçülərə göstərilən xidmətlər çərçivəsində nəğd kompensasiya
8 — Sosial Müdafiə Təşkilatı tərəfindən ödənişlər
9 — Əlilliyə görə pensiya
10 — Əmsal aylığı (İndeksasiya)
11 — Rütbə yüksəlişi və vəzifə yüksəlişi
12 — Təqaüd ikramiyyəsi
13 — Əlavə Ödəniş
14 — Sosial Yardım və Dayanışmanın Təşviqi Fondu tərəfindən verilən yardımlar
15 — Vergi endirimləri və azadolmaları
16 — Yaşayış haqqında istehlak edilən elektrik enerjisində endirim
17 — Yaşayış məntəqəsində istehlak olunan suya görə endirimi
18 — Qazi və Şəhid Uşaqları üçün Təhsilə Dəstək Xidmətləri
19 — Sosial Müdafiə Təşkilatı tərəfindən verilən Təhsil Yardımı
20 — Kredit və Yurdlar Təşkilatının yataqxanalarından istifadə fürsəti
21 — Ali təhsildə təhsil alan əlil qazilər və şəhid uşaqlarının təhsil haqlarından azad edilməsi
22 — Əlil olmuş Qazilər və Şəhid övladları üçün Xüsusi Təhsil müəssisələrindən pulsuz istifadə
23 — Dövlət Qulluğuna məmur kimi omların təyinatı …


Və sairə və ilaxir…Bu qanunun maddələrini oxuyunca ancaq qəhrəman olmaq barədə düşünürsən. İndi anladım ki, Türk əsgəri niyə dünyanın ən qəhrəman, ən cəsur əsgəridir. Çünki Şəhidinə, qazisinə sahib çıxan bir ölkədə qanı və ruhu bulaq suyu kimi təmiz olanların, bu adamları ortada sahibsiz qoymayacağını hər kəs bilir. Nə yaxşı ki, sən varsan, Türkiyə! Heç olmasa əməliylə, məmuruyla fəxr ediləsi bir Vətənimiz daha var.


Özgə nə deyim? Əlilini faizlə «Baden Badenin mavi gecələri» diaskopuyla gözəyarı yoxlayan «mütəxəssisə» başa dəyən qapaz, ən azı həmin əlilin psixoloji durumunun, 80-100% pozulmasını göstərməliydi. Qapazdan sonra da başa düşməyib, şikayət edən bir zehniyyətin özünün ciddi surətdə milli-etnik və əqli-psixoloji durumu ən azı aidiyyatlı orqanlar tərəfindən yoxlanmalıdır. Əks halda «İsveçrə islahatları»mız «fış» çıxacaq. Zalım uşağı, adambaşına düşən gəliri 41.561 dollar olan İsveçrənin ÜDM-i 590.5 milyard dollardır. Həftədə 35 saat işləyən və ən az illik gəliri 33 491 dollar olan isveçrəlilərlə bəhsə girənlərin ölkəsində orta aylıq əmək haqqının məbləği 318 dollardırsa (541,2 manat), qapaz vuranmı haqlıdır, yeni «əlillik meyarı»nı tələm-tələsik dövrəyə soxan «sosial sələmçilərimi»?

Gedin fikirləşin, amma faizlərlə fikirləşin…

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •