ƏHƏMƏNİLƏRİN ƏSAS SİMVOLLARINDAN BİRİ — BƏRABƏRTƏRƏFLİ XAÇ

Araşdırmaçı jurnalist Araz ŞƏHRİLİ yazır…

Aşağıdakı şəkildə Əhəməni imperiyasının beşinci hökmdarı I Kserksesin (e.ə. 519-465) məqbərəsi əks olunmuşdur. I Kserkses ilk Əhəməni imperatoru Böyük Küruşun qız nəvəsi, IV Əhəməni imperatoru Böyük Daranın isə oğludur.

E.ə. 480-ci ilin sentyabrında Çar Leonidin başçılığı altında mifik 300 spartalı, əslində isə, ümumi sayı 11.200 nəfər olan birləşmiş yunan qoşunu Fermopil adlı məntəqədə məhz Şah I Kserksesin ordusu ilə savaşmışdır. Lakin bizim üçün maraqlı olan bu döyüşün tarixi və təfərrüatları deyil, tamamilə başqa bir məsələdir. Şah I Kserksesin məqbərəsinin fasad hissəsinə diqqət yetirsək görərik ki, o bərabərtərəfli xaça bənzər bir şəkildə işlənmişdir.

Qeyd etmək lazımdır ki, bərabərtərəfli xaçın geniş yayılmış ənənəvi formasından fərqli olaraq Əhəməni xaçının tərəflərinin uzunluğu tam eyni deyil. Bununla əlaqədar nəzərə almalıyıq ki, aşağıdakı amillər Əhəməni xaçının məhz bu şəkildə hazırlanmasına səbəb ola bilərdi:

— inşa prosesində xaçın və ümumiyyətlə məqbərənin ölçülərinin yerli şəraitə, relyefə, qayanın formasına uyğunlaşdırılması zərurətinin ortaya çıxması;

— şəklin aşağı rakursdan çəkilməsi; — bərabərlik məsələsinin bəzən nisbi xarakter daşıması.

Digər tərəfdən isə mümkündür ki, Cərcis xaçının tərəflərinin tam bərabərləşməsi sonrakı dövrlərə aiddir. Bir sözlə, bu rəmz xaçın müxtəlif formaları arasında məhz bərabərtərəfli xaça daha çox bənzədiyi üçün onu belə adlandıra bilərik. Bunu da vurğulamaq lazımdır ki, xaçın sözügedən formasına bəzən Cərcis (Georgi) xaçı da deyilir.

Bir ehtimala görə, bərabərtərəfli xaç təbiətin dörd ünsürünü — odu, suyu, torpağı və havanı simvolizə edir. Digər gümana əsasən, dünyanın dörd səmtini — şərqi, qərbi, cənubu və şimalı bildirir. Sonda qeyd edək ki, bu rəmzin əsl mənası daha dərin, tarixi isə çox qədimdir!

Bu xəbəri paylaşın: