Türkiyə və Azərbaycan «üçüncü ölkədən təhlükə olarsa» bir-birini qoruyacaq — Şuşa bəyannaməsi — BBC

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında «Şuşa bəyannəməsini« imzalayıblar.

Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Bundan başqa, Türkiyə prezidenti Erdoğan Türkiyənin Şuşada Baş konsulluq açacağını bəyan edib.

İlham Əliyev jurnalistlərə açıqlamasında deyib ki, «aramızdakı əməkdaşlığın adı müttəflqlikdir və bu, özü hər şeyi deyir».

Azərbaycan Prezidenti yeni bəyannamənin 100 il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini, orda bir çox önəmli məsələlərin öz əksini tapdığını deyib.

Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, mədəni, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi, hərbi sahələrində əlaqələrdən bəhs edilir.

Ermənistan Erdoğan və Əliyevin Şuşaya səfərini «pislədiyini» bildirib.

Zəngəzur koridoru

Bundan öncə media Azərbaycanda hərbi bazaların açılmasının mümkünlüynə toxunurdu. Azərbaycan Prezidenti hərbi əməkdaşlığın imzalanmış sənədin vacib bir hissəsi olduğunu təsdiqləyib.

İlham Əliyev deyib ki, bəyannamədə ən önəmli məsələlərdən biri müdafiə sahəsindəki əməkdaşlıq, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri ilə bağlıdır.

«Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik,»- İlham Əliyev deyib.

O bildirib ki, önəmli məsələlərdən biri də nəqliyyat kommunikasiyası ilə bağlıdır: «Bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi bu koridoru yaradırıq».

«Şuşa bəyannaməsi Ermənistan və Rusiyaya mesajdır»

Siyasi şərhçi Şahin Cəfərli Şuşa bəyannaməsini Ermənistana və Rusiyaya mesaj kimi qiymətləndirir. «Bu o deməkdir ki, Türkiyə açıq şəkildə bəyan edir ki, Azərbaycana qarşı bundan sonra hansısa hücumlar, təxribatlar həyata keçirilərsə, Türkiyə Azərbaycanı müdafiə edəcək».

Şahin Cəfərli Şuşada Türkiyə konsulluğunun açılmasını şəhərin təhlükəsizliyinin Türkiyənin təminatı altına alınması kimi dəyərləndirir.

Siyasi şərhçi deyir ki, Şuşa bəyannaməsində göstərilən önəmli məsələ hər iki ölkənon Təhlükəsizlik Şurası arasında ortaq toplantılarının keçirilməsidir: «Bu isə o deməkdir ki, iki ölkə müdafiə və təhlükəsizlik siyasətini koordinasiya edəcək. Yəni faktiki olaraq, konfederasiya adlandırılmasa belə, bir növ konfederativ münasibətlərin qurulması istiqamətində qurulmuş addımlardır».

Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Şahin Cəfərli deyir ki, əslində bu, yenilik deyil, 2010-cu ildə iki ölkə rəhbərliyi arasında imzalanan dövlətlərarası müqavilədə bu müddəa öz əksini tapmışdı.

Şahin Cəfərli bəyannamədə öz əksini tapan Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili müddəasını da yenilik saymır, deyir ki, uzun müddətdir ki, iki ölkə arasında sıx hərbi əməkdaşlıq müşahidə olunur. «Yəni əslində, Azərbaycan-Türkiyə reallığında bir çox reallıqlar var, amma adı qoyulmayıb. Məsələn, Türkiyənin Azərbaycanda hərbiyyəsinin olması hərbi sirr deyil, bunu Prezident İlham Əliyev də etiraf edib, hətta müharibə dövründə bildirmişdi ki, burda Türkiyənin F16-ları, türk hərbi heyəti var. Belə bir əməkdaşlıq var».

Amma siyasi şərhçi bəyannamədə ifadə olunan «hərbi əməkdaşlığın dərinləşdirilməsi» kontekstində yaxın perespektivdə Türkiyənin, «məsələn, Füzulidə birgə hərbi təlim-məşq mərkəzi» açmasını istisna etmir: «Əslində hərbi əməkdaşlığın dərinləşməsi Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılmasına yol açır. Növbəti mərhələdə bu baş verə bilər».

Prezident Erdoğan iki ölkənin bir-birinin təhlükəsizliyini qoruyacağını deyib.

Azərbaycanın və Qarabağın bir daha belə bəlalar yaşamaması üçün birgə çalışacağıq, Erdoğan deyib.

Qonşuluq münasibətlərimizi daha da dərinləşdirməyi düşünürük, Erdoğan əlavə edib.

O, Ermənistana Azərbaycan və Türkiyənin ona uzanan əllərini tutmağı tövsiyə edib.

Ermənistanın Erdoğanın bəyanatına münasibəti bəlli deyil, amma Ermənistan XİN «Artsax (Dağlıq Qarabağ-red) şəhəri Şuşiyə» prezidentlər Recep Tayyip Erdoğan və İlham Əliyevin birgə səfərini pislədiyini bildirib.

Füzulidən Şuşaya

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Recep Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri bu gün başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Recep Tayyip Erdoğanı və xanımı Emine Erdoğanı Füzuli rayonunda qarşılayıb.

Türkiyə mediası bildirir ki, prezidentlər Füzulidən Şuşaya 5 saatlıq quru yol ilə gediblər.

Anadolu Agentliyi yazır ki, Şuşada prezidentlərin təkbətək görüşündən sonra, Erdoğan imza mərasiminə və ortaq mətbuat konfransına qatılacaq. Daha sonra isə şəhər turuna çıxacaq.

Ötən həftə Erdoğan Azərbaycan səfəri ilə bağlı demişdi ki, azərbaycanlı həmkarı İlham Əliyevlə Şuşada «iri miqyaslı» müqavilə imzalayacaqlar.

«Bu, Türkiyə ilə Azərbaycan arasında hərtərəfli müqavilə olacaq,»- Erdoğan demişdi.

Erdoğanın iki günlük Azərbaycan proqramında Füzuli və Şuşaya səfər, Milli Məclisdə deputatlar qarşısında çıxış və iyunun 16-da axşam Bakı Olimpiya Stadionunda Avro 2020 futbol çempionatı çərçivəsindəTürkiyə-Uels matçını izləmək də var.

Çərşənbə axşamı Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar, Azərtac dövlət agentliyi yazır.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan NATO sammitində ABŞ Prezidenti Joe Biden-lə görüşdükdən bir gün sonra Azərbaycana səfər edib.

Recep Tayyip Erdoğan sonuncu dəfə Azərbaycana 2020-ci ilin dekabrında səfər edib və 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsindən sonra keçirilən Zəfər paradında iştirak edib.

Bu xəbəri paylaşın: