Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır!..

Şuşa Bəyannaməsi — iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış, qardaşlığın rəmzi olan Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür. Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti.

Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri, Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıq da burada açıq-aydın qeyd edilmişdir. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Həmişə olduğu kimi, bu dəfə də, qardaş Türkiyənin dəstəyinə əmin olan Azərbaycan, möhtəşəm qələbə qazandı. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib.

Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Diplomatik münasibətlərin yeni səviyyəsi göz qabağındadır. Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir. Bütün müstəvilərdə inkişaf edən qardaşlıq əlaqələri bütün dünya üçün bir nümunədir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında

sıx əməkdaşlıq mövcuddur. Yaxın gələcəkdə Azərbaycan Qarabağda beynəlxalq əhəmiyyət kəsb edən layihələrlə çıxış edəcək. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır.

Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik.

O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur. Qardaş Türkiyə Respublikası Azərbaycana ən yaxın strateji tərəfdaşı olan ölkədir. Biz bunu 27 sentyabr 2020-ci ildə, Vətən Müharibəsi başlanan ilk anlarda bir daha gördük. Həmçinin bütün dünya bu birliyin, həmrəyliyin şahidi oldu. Bu vaxta qədər də ölkələrimiz arasında müxtəlif layihələr, xüsusilə də iqtisadi-ticari layihələr həyata keçirilib, ancaq Vətən Müharibəsində ölkəmizin əldə etdiyi möhtəşəm Zəfər regionda, eyni zamanda dünyada yeni reallıqlar yaratmış oldu. Məhz bu yeni reallıqlardan irəli gələrək Azərbaycan-Türkiyə münasibətləri də yeni mərhələyə qədəm qoymuşdur. Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır!.

Yaşasın müstəqil Azərbaycan və Türkiyə Respublikası!

Eşq olsun Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına!..

Hörmətlə,

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi

BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ

Bu xəbəri paylaşın: