Son günlər müharibə əlillərinə qarşı neqativ münasibət yaratmağa cəhd edən bir qrup kolon mənsublarının əməlləri ciddi sosial narazılığa səbəb olub. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 80 minlik bəzi üzdəniraqların təbirincə desək «təzəli, köhnəli» müharibə veteran və müharibə əlilini öz ətrafında birləşdirən İctimai birlik kimi kənarda qalmayıb. Onların haqlı irad və narazılıqlarını ölkə Rəhbərinə, Milli Məclis üzvlərinə, Nazirlər Kabinetinə çatdırmağa çalışmaqdadır.
Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etdik.
Vahid Abdurəhmanov bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) öz Nizamnamə prinsiplərinə uyğun olaraq, daim hüququ pozulmuş döyüşçülərin yanındadır. Son günlər məlum kolonun sifarişiylə müharibə iştirakçılarının hədəfə alınmasını qınayırıq.
Hazırlanmış və heç bir müzakirəyə ehtiyac duymadan və az qala müharibə əlillərinə «xox» gələ-gələ meyar hazırlanmır. Bu komanda ilk gündən ölkə rəhbərini aldatmaqla məşğuldur. Biz öz təkliflərimizi yazılı olaraq aidiyyatlı qurumlara çatdırmışıq.
Təqdim edilən sənəddə deyilir:
Azərbayan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təklifləri:
— Müharibədə yaralanmış şəxslərin əlilliyinin təyin olunması meyarı ayrı bir qanunla tənzimlənməlidir;
— Müharibə əlillərinin reabilitasiyası haqqında olan qanun ümumi əlilliyi olan şəxslərlə bağlı qanundan ayrılmalıdır;
— Müharibə veteranları haqqında qanun yeni məzmunda və yeni redaksiyada hazırlanmalıdır;
— Müharibə əlilləri, veteranları və şəhid ailələri haqqında qanun layihəsinin hazırlanmasında və işlənilməsində bu sosial təbəqəni təmsil edən ictimai birliklərin nümayəndələrinin iştirakı təmin edilməlidir (AVMVİB qeyd olunan məsələlərlə bağlı qanun layihəsini müzakirə üçün təqdim etməyə hazırdır);
— Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən Milli Məclisə təqdim olunmuş «Əlilliyin müəyən olunması meyarları» adlı qanun layihəsi «»Əlilliyin qiymətləndirilməsi Qaydası»nın təsdiq edilməsi və «Tibbi-sosial Ekspert Komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına ziddir.
V. Abdurəhmanov bildirdi ki, sosial sahəyə cavabdeh bir nazirliyi «təlim mərkzinə çeviriblər. Bu öncə Ali Baş Komandanımız cənab İlham Əliyevin «sosial dövlət» prinsiplərinə ziddir. Həmçinin Nazirlər Kabinetinin müvafiq Qərarları ilə ziddiyyət təşkil edir.
Millət vəkillərinə də müraciət ünvanlamışıq və həmin müraciətdə deyilir: «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Respublikamızın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş soydaşlarımızı birləşdirən ictimai təşkilat kimi 1994-cü ildən rəsmi fəaliyyət göstərir. AVMVİB 27 illik fəaliyyəti dövründə veteranlar və şəhid ailələri arasında, həmçinin yüksək rəsmi dairələrdə böyük hörmət qazanmışdır. Yarandığı gündən dövlətçiliyimizi, Ümummilli Liderimiz Heydər Əliyev siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir.Təşkilatımızın 80 min üzvü, “Veteran.az” və “Fədai.az” adlı mətbu orqanları, “Veteran Tv” internet televiziyası və Respublikamızın bütün şəhər və rayonlarında şöbələri vardır. Təşkilatımızın əsas məqsədi Azərbaycan Vətən Müharibəsi ilə bağlı anları yaşatmaq, üzvlərinin şərəf və ləyaqətini uca tutmaq, hüquqlarını, imtiyaz və qanuni mənafelərini qorumaq, maddi, mənəvi təlabatlarının ödənilməsində, döyüş xidmətləri müqabilində layiqli qiymətlərinin verilməsində yardımçı olmaq, aralarında ünsiyyət və əlaqənimöhkəmləndirmək, gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsini gücləndirməkdir.
Hesab edirik ki, bu cür əməllər Böyük Zəfərimizi həzm edə bilməyənlərin müharibə əlillərinə qarşı “qisas” əməliyyatıdır.
Məqsədləri müharibə əlillərini Müzəffər Ali Baş Komandandan narazı salmaqdır.
Onlar istəklərinə nail olmayacaqlar. Çünki, biz hər zaman Müzəffər Ali Baş Komandanımızın yanındayıq.
Dəyərli və hörmətli millət vəkili!
Son günlər “Əlilliyin müəyyən olunması meyarları” adı altında müharibə əlillərinə qarşı “iyrənc” kampaniya aparılır. Bu da sağlamlıqlarını torpaqlarımızın azadlığı uğrunda qoymuş və bu gün də səhhətlərində ciddi problemlər olan müharibə əlillərinin və müharibə veteranlarının ciddi narazılıqlarına səbəb olub. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən təqdim edilmiş yeni dəyişikliyə əsasən, “1-ci dərəcəli əlilliyi olan şəxslər” anlayışı orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə (bu ölüdeməkdir) əlilliyi müəyyən edilmiş şəxslər, “2-ci dərəcə əlilliyi olan şəxslər” anlayışı orqanizm funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər (bu ölməkdə olan adam deməkdir), “3-cü dərəcə əlilliyi olan şəxslər” anlayışı orqanizm funksiyalarının 31-60 faiz itirilməsinə görə (bu da yarımcan deməkdir) əlilliyi müəyyən edilmiş şəxslər anlayışı ilə əvəzlənir. Büdcəyə qənaət adı altında müharibə əlillərinin təqaüdləri kəsilir. Təkrar müayinə adı altında müharibə əlilləri süründürməçiliyə məruz qalır və bölgələrdən dəfələrlə Bakıya gəlməli olurlar. Bu da onların ağır olan maddi vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olur. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri əgər büdcəyə qənaət etmək istəyirsə, bunu müharibə əlillərinin təqaüdləri hesabına etmək lazım deyil. Cənab nazirə təklif edirik ki, təkrarlanan struktur vahidi kimi heç kimə lazım olmayan Dövlət Əmək müfəttişliyini, Məşğulluq xidmətini və nazirliyin gərəksiz, fəaliyyətsiz struktur vahidlərini əhalinin pensiya fonduna ödədiyi pullar hesabına saxlamaqdansa, ləğv etsin. Bahalı minik avtomobillərini, katibələrini və sürücülərini ixtisar etsin.
Respublikamızın ən böyük və aparıcı veteran təşkilatı olaraq, müharibə əlilləri və müharibə veteranları adından Sizdən xahiş edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təqdim etdiyi “Əlilliyin müəyyən olunması meyarları” qanun layihəsinin əleyhinə səs verəsiniz.
Təklifimiz müharibə iştirakçıları, müharibə əlilləri və əlilliyin təyin olunması meyarları ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasıdır.
Elnur Səlim
