«Azərbaycandakı proqramlarımız üçün çərşənbə axşamı gec də olsa Bakıya çatdıq. Əliyevlə birlikdə Şuşa şəhərinə hərəkət etdik».
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə baş tutan Nazirlər Kabinetinin toplantısından sonra xalqa müraciəti zamanı deyib.
«Heyət üzvlərimizlə birlikdə Şuşaya gedərkən müharibənin acılarını görmək imkanımız oldu. Hər tərəfin necə məhv edildiyini, necə yandırıldığını gördük. Bütün bunlarla bərabər dünyaya, xüsusilə qərbə deyirəm: «Gəlin Qarabağı görün». Minsk Qrupunun buraları təkrar-təkrar görməsi lazımdır. Kim haraları 30 ildə nə hala salıb, bunu görün. İnfrastrukturun heç olmadığı, ya da tamamilə məhv edildiyi, tarixi və mədəni mirasların, ağacların məhv edildiyi bu gözəl coğrafiyanın yenidən ayağa qaldırılmasının şahidi olduq». — Ərdoğan bəyan edib.
Şuşada işğal və savaş dövrünün acılarını, məhv edildiyini, otuz illik işğal zamanı bir mıx çalınmadığını, var olan mirasın yerlə bir olduğunu gördük. Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram. Bölgənin bir il içində ayağa qalxacağına birlikdə şahid olacağıq. Prezident İlham Əliyevdə bu qətiyyəti və inamı gördüm.
Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsini, Prezident İlham Əliyevlə birlikdə işğal altındakı ərazilərə, eləcə də Şuşaya getdiklərini, düşməndən azad olunan torpaqlarda gördükləri acınacaqlı vəziyyəti, Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını, bir daha belə sıxıntılar yaşanmasına imkan verilməyəcəyini, Milli Məclisdə çıxış etdiyini xatırladan dövlət başçısı deyib: “Bundan sonra da Azərbaycanın yanında olacağımızı bütün dünyaya bir daha nümayiş etdik. Qarabağın bölgə üçün nə məna daşıdığı qarşıdakı illərdə bir daha özünü göstərəcək. Bölgənin yeni sabitliyə və rahatlığa qovuşmasından ən çox fayda görənlərdən biri də Ermənistan olacaq. Həmin gün bölgədə xidmət edən əsgərlərimizlə söhbət etdik. Axşam da futbol matçını izlədik”.
Prezident Rəcəb Tayyib Ərdoğan “İnşallah, bu proses Qafqazda yeni bir dövrün başlanğıcı olacaq”, — ifadəsi ilə mövzuya dair fikirlərini tamamlayıb.
