Nəfəsi torpaq üçün kəsilən həkim…

«Polad Həşimov şəhid olanda dedi, Fatimə, Polad çox yaxşı insan idi. Yaxşı insanlar gedir. Nə demək istədiyini dolayı da olsa anladım. Dedim onda sən yaxşı insan olma, getmə.

Polad Həşimov onun üçün ideal bir şəhidə, qəhrəmana çevrildi. Yoldaşım da mənim üçün ideal şəhid və qəhrəman oldu.Hərbiyə meyilli idi. Hərbi geyimi çox xoşlayırdı. Əyninə hərbi geyim geyəndə çox fərqli sevinirdi. Tam qaydalara uyğun olaraq onu geyirdi. Hərbi ilə nəfəs alırdı. Vətəni ailəsindən qabaq bilirdi. 20 ildən artıq idi ki hərbidə idi. Uzun müddət hərbidə çalışdığından peşəsinə bələd peşəkar bir zabit idi.

Bu vətən üçün canından keçəcək qədər vətənpərvər idi. Övladları da onun bu vətənpərvərliyindən öz bəhrəsini alıb. Uşaqlar qapıdakı bayrağı görüb “ata bu bayraq üçün getdi” deyirlər. 8-10 yaşlı uşaqlar üçün bu söz heç də kiçik bir söz deyil.

Deyirdilər “ata bizim üçün də bayraq gətirdi”. Bayraq bizim evdə müqəddəsdir, dəyərlidir. Eldar üçün də belə idi. Biz rahat yaşayaq deyə o həyatını, gələcəyini fəda etdi. Deyirdim gəl arxa da fəaliyyət göstər. Deyirdi olmaz. Bzim kimi təcrübəlilər gərək öndə ola. Onun yanında olanlar hamısı cavan — 22-23-24 yaşlı əsgərlər idi. Deyirdi onlar qan görəndə özlərini itirirlər. Açıq yaralar görəndə qorxurlar. Bu vəziyyəti görə-görə necə onları qoyum gəlim? Bu məsuliyyəti kimin öhdəsinə qoyum gəlim? Hamı çətinlikdən qaçsa bu işlər necə olacaq? Kim qoruyacaq bu vətəni? Deyirdim narahatam. Deyirdi Yaxşı olar hər şey, darıxma.

Müharibədə yanında o qədər partlayıcılar partlaşmışdı ki eşitmə qabiliyyətini itirmişdi. Onu hospitala yatırmaq istəyiblər amma razı olmayıb. Deyib burda elə şeylər görürəm bu onun yanında heç nədir…»

Şəhid həkim Eldar Abdullayevin həyat yoldaşı

Bu xəbəri paylaşın: