Döyüşçü qardaşımız, biz sizinləyik!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) ən təşəbbüskar və ən fəal şöbələrindən olan Çilov şöbəsinin sədri Bayram Cəfərovdan xəbər tutmaq üçün ona zəng etdim.

Bayram Cəfərov neçə illərdir ki, xəstəliklə vuruşur. Yenicə müalicədən qayıdıb. Düzü gec hal-əhval tutduğumuza görə utandım.

Çünki bir bölməni şöbə kimi ucaldan ictimaiyyətçi veteranımızdı Bayram Cəfərov. Ötən illərdə «Fədai» qəzet kimi çıxan zamanlarda bir müxbirimizin əmək haqqını verirdi. Elə o vaxtlar da bəzi şöbə sədrləri, yalnız öz «əyri-əskiklərini düzəltməklə» məşğul olanda, Bayram Cəfərov neft sahəsində işləyən veteranlarımızın bütün problemlərinin həllinə çalışırdı. Daim bizimlə idi və bu gün biz də sizinləyik, Bayram bəy!

Bu gün ölkədə «təzə-köhnə» veteran və şəhid ailəsi bölgüsü aparanların ümüdinə qalan, müharibə əlilinin pensiyasına göz dikmiş kolon mənsublarının hücumuna məruz buraxılan bir sosial təbəqə olsaq da Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Çilov şöbəsinin sədri Bayram Cəfərovun müalicəsiylə bağlı aidiyyatlı qurumlara müraciətlər ünvanlamalıyıq. Faktiki olaraq bahalı dərman pereparatları da kömək etməyən bu xəstəliyin xaricdə, elə Türkiyədə müalicəsi mümkündür. Hormonların çatışmazlığı (Hipofiz) ilə bağlı yaranmış bu xəstəliyin kökündə bu gün müharibədə qazanılmış kontuziyanı gətirib öz narkoman övladlarının avtomobil qəzalarıyla eyniləşdirənlər bu şəxsi müalicə edə biləcək bir həkiminiz varmı?

Bayram Cəfərov qürurlu döyüşçülərimizdəndi. İllərlə bu xəstəliklə tək başına və öz gücünə mübarizə aparıb. Kimsəyə ağız açmadan, kimsədən yardım ummadan ayaqda qalmağa çalışıb. Onu bu yolda tək buraxmayan «Azneft» İstehsalat Birliyi 28 May NQÇİ-nin rəhbərliyinə və qədirbilən kollektivinə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından minnətdarlığımızı bildiririk.

Biz sizinləyik, Bayram bəy. Hər kəsi «Hamı bir nəfər üçün» olmağa çağırıram.

İnanıram ki, Bayram Cəfərovun müalicəsi ilə bağlı yazdığım bu çağırışa kimlərsə hay verəcəkdir. Döyüşçü qardaşımız, biz sizinləyik!

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: