Xəzər dənizinin cənub-qərbində (Azərbaycan Respublikasının cənub rayonları və İran İslam Respublikasının Gilan ostanı) yerləşən dağlıq bölgənin qədim sakinləri barəsində ilk məlumatı yunan tarixçisi Polibi (e.ə. 199-133) verir. Maraqlıdır ki, Polibi onları elamlı adlandırır. Sonrakı mənbələrin əksəriyyətində bu ad deyləmi formasındadır.
Deyləmilər yüksək döyüş keyfiyyətlərinə malik idilər. Hər bir deyləmi qılınc, döyüş baltası, nizə və sapandla silahlanırdı. Romalılar və vikinqlər kimi deyləmilər də qalxanlardan “divar” qurub hücum edir, onun arxasından düşmənə balta və nizə zərbələri vururdular.
Yaxın məsafəli, kontaktlı döyüşdə çox məharətli və qorxmaz idilər. Bu səbəbdən Ərsakilərin və Sasanilərin piyada hissələri əsasən onlardan təşkil edilirdi. Sasanilərə yalnız formal tabe olandeyləmilər Ərəb xilafətinin hakimiyyətini ümumiyyətlə tanımadılar. Ərəblər özlərinin ilk yürüşləri zamanı üç yerdə çox şiddətli müqavimətlə qarşılaşdılar. Onlar Orta Asiyada və Qazaxıstanda Göytürklərin, Azərbaycanın şimalında və Şimali Qafqazda göytürk xaqanlarının rəhbərlik etdikləri xəzərlərin, Azərbaycanın cənubunda və Gilanda isə deyləmilərin müdafiə sistemini uzun müddət ərzində yara bilmədilər.
Bununla belə qeyd etmək lazımdır ki, bəzi müsəlman mənbələrinə əsasən, Sasanilər üçün fəlakətlə başa çatmış Qədissiyyə döyüşündən (636) sonra Sasani şahının ordusunda xidmət edən 4.000 deyləmi döyüşçüsü İslam dinini könüllü qəbul edib ərəblərin tərəfinə keçmişdi. Müsəlman deyləmilər ərəb ordularının tərkibində İslam fəthlərində də iştirak etmişdilər. İmam Hüseynin (626-680) qatillərindən Kərbəla müsibətinin (680) intiqamını almış Əmir Muxtarın (622-687) qoşununun mühüm bir hissəsi məhz müsəlman deyləmilərdən ibarət idi.
Haşiyə. Əmir Muxtarın ləqəbi Keysan idi. Yeri gəlmişkən xatırladaq ki, nüfuzlu İslam məzhəbşünası Muhəmməd Şəhristani (1075-1153) Babək (798-838) hərəkatının (816-838) ideologiyasını – xürrəmiliyi İslam dininin şiə qolunun keysaniyyə məzhəbinə aid etmişdir.
Bütün bunlarla yanaşı vurğulamalıyıq ki, İslam dini Deyləmin özündə yalnız VIII əsrin sonlarından etibarən yayılmağa başladı.
Belə ki, Abbasi xəlifəsi Harun ər-Rəşidin (763-809) zülmündən qaçan bir neçə seyid Deyləm camaatına pənah gətirdi. Onların yüksək əxlaqi keyfiyyətlərinə valeh olan deyləmilər İslam dininin şiəlik formasını qəbul etdilər.
P.S. Deyləmin məşhur nəsillərindən Cüstanilər (805-919) şiəliyin Zeydi məzhəbinə, Salarilər (916-1062) İsmaili məzhəbinə, Buveyhilər (935-1055) isə Cəfəri məzhəbinə etiqad edirdilər.
Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrili