Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və kollektivi mərhum Xaqani Ədəboğlunun dünyasının dəyişməsi ilə əlaqədar onun məzarını ziyarət edərək ruhuna ehtiramlarını bildiriblər. Ziyarət zamanı onun həyat yolundan, Vətənə xidmətdə göstərdiyi xidmətlərdən, qələmi və əməli ilə xalqına olan bağlılığından söz açılıb.
Xaqani Ədəboğlu (Xaqani Rzaquliyev) 1963-cü il noyabrın 9-da Ağdərə rayonunun Xatunbəyli kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. O, 1980-ci ildə kənd orta məktəbini, 1982-ci ildə Şuşa şəhərində pedaqoji texnikumu, 1996-cı ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Gənc yaşlarından elmə və maarifçiliyə bağlılığı ilə seçilən Xaqani müəllim bir müddət pedaqoji fəaliyyət göstərmiş, 24 yaşında məktəb direktoru kimi yüksək etimadı doğrultmuşdur.
Hərbi xidmətini Ukraynada sovet ordusunda keçən Xaqani Ədəboğlu 1992-ci ildə Vətənə qarşı yönəlmiş təcavüzə dözə bilməyərək, tələbə olmasına baxmayaraq könüllü olaraq döyüşlərə qoşulmuşdur. O, sonrakı bütün ömrünü dövlətə, dövlətçiliyə həsr etmiş, Vətən uğrunda mübarizəni informasiya cəbhəsində davam etdirməyə həsr etmişdir.
Uzun illər döyüş bölgələrində olanlarla, Vətən uğrunda fədakarlıq göstərənlərlə birgə çalışan Xaqani Ədəboğlu, dövlətçiliyimizin qorunması, ordumuzun güclənməsi və vətənpərvərlik ideyalarının təbliği sahəsində müstəsna xidmətlər göstərmişdir. O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının ilk sədri olmuş, uzun müddət AVMVİB-in Mətbuat xidmətinə rəhbərlik etmişdir. Onun dəqiq, prinsipial, dövlətçilik mövqeyi və sarsılmaz əqidəsi bu qurumun fəaliyyətinə xüsusi ruh qatmışdır.
Bu gün onun məzarı başında ucalan dua, təkcə bir insanın xatirəsinə deyil, həm də bir amalın, bir yolun, bir ideyanın yaşarlığına səslənir.
Xaqani müəllim, sənin idealların, mübariz ruhun və əməyin əbədi olaraq yaşayacaq.
AVMVİB kollektivi daha sonra orada yerləşən Şəhidləri Xiyabanını ziyarət etmiş, Vətən uğrunda canlarından keçən qəhrəmanların ruhuna dualar oxmuş, məzarı önünə gül-çiçək dəstələri düzmüşlər.
Allah rəhmət eləsin!
AVMVİB-in Mətbuat xidməti



.jpg)

.jpg)



.jpg)

.jpg)
.jpg)
