I SƏFƏVİ–RUSİYA MÜHARİBƏSİ: QIZILBAŞLAR ŞİMALİ QAFQAZDA

Rusiya–İran münasibətlərindən danışarkən yada I Pyotrun Xəzəryanı vilayətlərə yürüşü, Gülüstan və Türkmənçay müqavilələri düşür. Halbuki bu iki məkan arasında münasibətlərin tarixi ən azı e.ə. VII əsrdən – skiflərin Midiyaya yürüşləri dövründən başlayır.

1613-cü ildə Rusiya Romanovların hakimiyyəti altında birləşdirildi. XVII əsrin birinci yarısında Şimali Qafqazdakı Terki qalasının ətrafına xeyli rus və erməni köçürüldü, Sunja çayının yaxınlığında güclü istehkam quruldu. 1637-ci ildə çar hökuməti Səfəvilərin Dağıstan valisi olan Tarki şamxalını birtərəfli qaydada, onunla razılaşdırmadan özünün “xolop”u (vassalı) elan etdi.

Sözsüz ki, bütün bu işlərin əsas məqsədi Şimali Qafqaza hərbi ekspansiya üçün əlverişli şərait yaratmaq idi. Digər tərəfdən isə, çar məmurları ilə əlbir olan kazakların quldur basqınları səngimirdi. 1650-ci ildə onlar Şirvan və Dağıstan tacirlərinin Kabardaya gedən karvanını qarət etdilər. Səfəvilərin Şirvan valisi Xosrov xan rus voyevodasına yazırdı: “çar hökuməti tacirlərə dəymiş zərərin əvəzini ödəməsə, Terki və Həştərxan şəhərlərini qara torpaqla bir edəcəyəm”.

Səfəvi hökumətinin xəbərdarlıqları qulaqardına vurulduqdan sonra Şah II Abbas yaranmış problemi hərbi yolla həll etməyi qərara aldı. 1651-ci il oktyabrın 25-də qızılbaşlardan, qumuxlardan, noqaylardan, çeçenlərdən və dağıstanlılardan təşkil olunmuş 12.000 nəfərlik Səfəvi ordusu Şimali Qafqazdakı rus qoşunlarına qarşı hərbi əməliyyatlara başladı. Qoşunun 1.600 nəfəri qızılbaş idi. Onlar özləri ilə iki top gətirmişdilər. Qumuxlara Tarki şamxalı Surxay xan və Endirey xanı Qazan Alp, qaytaqlara Əmirxan Sultan, noqaylara Çoban murza və Şatemir murza rəhbərlik edirdi. Hərbi əməliyyatlara ümumi komandanlığı Səfəvilərin Şirvan valisi Xosrov xanla Dağıstan valisi Şamxal Surxay xan həyata keçirirdi.

Haşiyə. Yuxarıda qeyd olunan il (1651) və səbəb (Sunja istehkamının tikilməsi) Rusiya tarixşünaslığının nöqteyi-nəzərini əks etdirir. Əslində isə, Səfəvi–Rusiya müharibəsi 1651-ci ildə qızılbaşların təşəbbüsü ilə deyil, 1649-cu ildə rusların birbaşa hərbi təcavüzü nəticəsində başlanmışdır. Belə ki, məhz həmin tarixdə (1649) 10.000 nəfərlik yaxşı silahlanmış rus qoşunu Səfəvilərin müttəfiqi olan Tarki şamxallığına soxulmuşdu. Rusiyanın məqsədi qumux türklərinin müstəqilliyinə son qoymaq və onlara pənah gətirmiş noqay türklərinin axırına çıxmaq idi. İşğalçılar yaşayış məntəqələrini yandırır, dinc əhalini kütləvi şəkildə qırırdılar. Ölkənin paytaxtı Tarki şəhəri üçün ciddi təhlükə yaranmışdı. Lakin Şamxal Surxay xan qumux xalqını səfərbər edə bildi. Dağıstanın indiki Babayurt rayonunun Germençik kəndi yaxınlığında 1650-ci ildə baş vermiş savaşda qumux və noqay döyüşçüləri rus ordusunu darmadağın etdilər. Bu, fəlakətli bir məğlubiyyət idi. Rusiyanın Qafqaz qruplaşmasının bütün canlı qüvvəsi həmin döyüşdə məhv oldu. Çarın nüfuzuna ağır zərbə dəydi. Surxan xan ələ keçirdiyi rus döyüş bayraqlarını Səfəvi şahı II Abbasa göndərdi. Bu fakt da onu göstərir ki, müharibə, əslində, Rusiya ilə Səfəvilər arasında gedirdi.

1653-cü ilin fevral-mart aylarında Şah II Abbas Sunja ətrafına əlavə qoşun hissələri göndərdi. Martın 7-də hərbi əməliyyatlar şiddətləndi. Martın 25-də qızlbaşlar və onların müttəfiqləri möhkəmləndirilmiş Sunja istehkamını birbaşa hücumla ələ keçirdilər, ruslar məğlub oldular. Bu qələbə ilə kifayətlənməyən Şah II Abbas Dərbənd şəhərinin ətrafında böyük qüvvələr cəmləşdirdi. Əmr verildi ki, imperiyanın hər yerindən qızılbaş döyüşçüləri İsfahan şəhərinə toplaşsınlar.

Rusiya üzərinə şahın şəxsən rəhbərlik edəcəyi böyük bir hərbi yürüş planlaşdırılmışdı. Əvvəlcə Terki qalası, sonra isə Həştərxan alınmalı idi. Bəzi məlumatlara görə, bu hücumda Krım xanlığının da iştirakı nəzərdə tutulmuşdu. Lakin 1653-cü ilin yayında Böyük Moğollar imperiyasının qoşunları Səfəvilərin şərq sərhədlərinə hücum etdilər. Qəndəhar şəhəri mühasirəyə alındı. İki cəbhədə mübarizə aparmaq çətin idi. Məhz buna görə də rusların sülh təklifi qəbul edildi. Rusiya imperiyası isə özünün Qafqazla bağlı plan və niyyətlərini təxirə salmağa məcbur oldu.

Müəllif: Milli Kimlik Araşdırma Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: