Son bir həftə ərzində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) dövlətin ali idarəetmə orqanlarının nümayəndələri ilə bir sıra mühüm və məzmunlu görüşlər keçirmişdir. Bu barədə AVMVİB sədrinin birinci müavini Vahid Abdurəhmanov məlumat verərək bildirib ki, xüsusilə dekabr ayının son həftəsində keçirilən görüşlər veteran ictimaiyyətini narahat edən aktual məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Görüşlər zamanı ilk növbədə son dövrlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə və ümumilikdə veteran ictimaiyyətinə qarşı aparılan dəqiqləşdirilməmiş hərəkətlər və dezinformasiya cəhdləri ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Qeyd edilib ki, bu cür halların qarşısının alınması yalnız ictimai mövqe ilə deyil, eyni zamanda hüquqi və institusional mexanizmlər vasitəsilə təmin edilməlidir. Bu istiqamətdə dövlət qurumları ilə qarşılıqlı koordinasiya və əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Bununla yanaşı, görüşlərdə veteranların hüquqlarının müdafiəsi, ictimai birliklərin fəaliyyəti üçün hüquqi mühitin daha da təkmilləşdirilməsi, dövlət–veteran münasibətlərinin möhkəmləndirilməsi və cəmiyyətə sağlam mesajların çatdırılması məsələləri də diqqət mərkəzində olub.
AVMVİB sədri Füzuli Rzaquliyev və sədrin birinci müavini Vahid Abdurəhmanovun iştirakı ilə bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın katibliyinin nümayəndələri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Ərazi-təşkilat məsələləri üzrə şöbə müdiri Zeynal Nağdəliyev, Prezidentin köməkçisi, Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli və məsul şəxsləri ilə görüşlər keçirilib.
Eyni zamanda, AVMVİB İdarə heyətinin qərarına uyğun olaraq yerli rayon şöbələrinin sədrləri də Milli Məclisə seçilmiş millət vəkilləri ilə də məqsədyönlü görüşlər təşkil etmişlər. AVMVİB İdarə Heyətinin üzvü – Qurban Osmanov (AVMVİB Nərimanov rayon şöbəsinin sədri) Nərimanov rayonundan seçilmiş deputat Hikmət Babaoğlu ilə, AVMVİB İdarə Heyətinin üzvü Eldar Rüstəmov (AVMVİB Suraxanı rayon şöbəsinin sədri) Suraxanı rayonundan seçilmiş deputat Qaya Məmmədov ilə, o cümlədən Fəqan Nəsibzadə (AVMVİB Səbail rayon şöbəsinin sədri) komitə sədri Siyavuş Novruzov ilə, Fərəc Dadaşov (Kürdəmir rayon şöbəsinin sədri) Kürdəmir rayonundan seçilmiş deputat Əminə Ağazadə ilə görüşlərün təşkil olunması və keçirilməsində xüsusi fəallıq göstəmirş zəruri məsələləri diqqətə çatdırmışlar.
Görüşlərdə bildirilib ki, veteran adından sui-istifadə edilməsi, ictimai birliklərin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlər təkcə konkret təşkilata deyil, bütövlükdə dövlətçilik maraqlarına ziddir və bu hallara qarşı prinsipial mövqe ortaya qoyulmalıdır.
Sonda vurğulanıb ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasi kursa və milli maraqlara sadiq olaraq fəaliyyətini bundan sonra da qətiyyətlə davam etdirəcəkdir. AVMVİB veteranların hüquq və mənafelərinin qorunması, cəmiyyətə qarşı yönəlmiş təxribat xarakterli kampaniyaların qarşısının alınması və dövlət-veteran həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində öz mövqeyini dəyişməz hesab edir.
AVMVİB-in Mətbuat xidməti
