44 günlük Vətən müharibəsi xalqımızın mətanətini və comərdliyini tarix səhnəsinə çıxardı. Cənnət gülü və mələk simalı şəhidlərimizin, qazilərimizin hər birinin yazılmamış gələcək nəsillərə örnək ola biləcək bir həyat hekayəsi var. Arxada buraxdıqlarının yaşadıqları və öndə özlərinin yaşantıları bu şərəfli tarixin səhifələridir.

Göygöl rayonundan Vətən çağrışına hay verənlərdən biri olan Ramin Məmmədov geridə iki azyaşlı övlad buraxmışdı. Atasının cəbhəyə getmə xəbərini eşidən 5 yaşlı Zəhra məktəbəqədər təhsil müəssisəsində bir vərəqə çəkdiyi Azərbaycan bayrağının rəsmini və altdan yazdığı Azərbaycan Himninin sözlərini atasına verir:
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Atasını xidmətə yola salmaq üçün erkən oyanıb, bu vərəqi atasına verib deyir ki, al bu vərəqi özünlə götür, amma mütləq özün qaytarıb gətirərsən və özümə verərsən!..
Kiçik Zəhranın məktubu elə dediyi kimi atası ilə birgə evə qayıtdı. Sağ-salamat geri dönən Ramin Məmmədov o vərəqi öz sahibinə qaytardı. Kiçik Zəhra öz Bayrağına, öz Himninə və cəbhədən üzağ qayıtmış öz Atasına qovuşdu…
Bu xalqı kimsə məğlub edə biləcəyini düşünən içimizdəkilər Zəhranın əzbər bildiyi himnimizi öyrənin. Heç olmasa nökərçilik etdiyiniz dilləri tərgidib doğma dilimizi öyrənin…
Kiçik Zəhraya isə «yolların daim açıq, arzuların daim həyata keçən olsun» deyirik. Bu ölkə əsil-nəcabətsizlərin, soysuzların deyil, Zəhraların məmləkətidir…
Türkay Xaqan







