Rişard Kapuşinski – “Şahənşah”

Hazırlayan: Fatimə Kərimli

İran İslam Respublikasında 1975-ci ildə baş tutmuş inqilabı dəstəkləyənlərin adətən əsas arqumentlərindən biri guya ölkədə əxlaqsızlığın baş alıb getməsidir. Bu kitab isə göstərir ki, əslində əsas məsələ xalqın qılığına girə bilməkdədir. Dindən istifadə edib kim xalqın qılığına daha yaxşı girə bilirsə, o da kütləni ələ alır.


Sırf «hökumətə qarşı çıxır»- deyə hər adamı, xüsusən də dindarları dəstəkləyən adamlar bu kitabı normal təfəkkürlə oxuyub nəticə çıxarmalıdır. Bəlkə onda bir az da olsa ağıllarının ucundan keçər ki, hansı təhlükəni dəstəkləyirlər.


Kitabdan qeydlərim:


Hətta kiçik və zəif dövlətlər – əsas da onlar – onlara dərs keçilməsinə nifrət edir, onları idarə etməyə çalışanlara və onlara şübhəli dəyərlərin yeridilməsinə üsyan edirlər. İnsanlar başqalarının gücünə heyran ola bilər, ancaq gərək o güc uzaqda olsun və onlara qarşı istifadə olunmasın.
****
Hər kəsin diqqətinə! Şah İran geyimlərini qadağan edən fərman verir. Hər kəs avropalılar kimi kostyum geyib şlyapa qoysun! Şah çadranı qadağan edir. Polis küçədə qorxmuş qadınların çadrasını zorla çıxarır. Dindarlar Məşhədin məscidlərində etiraz edirlər.
***
Müsəddiqin iki illik hakimiyyəti sonuna doğru yaxınlaşır. Daima çevriliş təhdidləri ilə üz-üzə qalan Doktor Müsəddiq (demokratlar, liberallar, şahın adamları, islamçı fanatiklər – hamı ona qarşıdır) öz yatağını, pijamalar və dərmanlarla dolu çantlarını Məclisə köçürür. Doktor düşünür ki, bura daha təhlükəsizdir.
***
“Müsəddiq” adı bütün kitablardan, tarix mətnlərindən silinib? İndi isə təsəvvür edin: onun haqqında heç nə bilməməli, gənclər bu gün əllərində onun portretləri ilə ölümə gedirlər. Bu da sizə tarixi təhrif etməyin və yenidən yazmağın nə ilə nəticələnəcəyinə dair ən bariz sübut. Lakin şah bunu anlamadı. O anlamadı ki, bir insanı məhv etmək hələ onun mövcudluğuna son qoymaq demək deyil.
***
Ona görə də Müsəddiq hökumətini devirən ordunun komandanı Zahidi teleqram vurub tankların öz işini gördüyünü və evə qayıtmağın təhlükəsiz olduğunu bildirən kimi şah da ilk olaraq şiələrin müqəddəs imamı Əlinin İraqdakı məzarına gedib onun qarşısında təzim edərək şəkil çəkdirdi.


Dini jestlər bu xalqın qılığına girməyin ən sınanmış yoludur.
***
SAVAK-ın 60 min agenti var idi. Bir hesablamaya görə SAVAK həmçinin üç milyonluq informator şəbəkəsinə nəzarət edirdi – bu insanlar pul, vəzifə və özünü qoruma motivləri kimi səbəblərdən digər insanlar haqqında könüllü xəbərçilik edirdilər.
***
Sistemin sadəcə fiziki mövcudluğu sona çatır, onun psixoloji və sosial nəticələri illərlə yaşamağa davam edir, hətta şüuraltına yerləşir. Ziyalı zümrəsi və mədəniyyəti məhv edən diktatura öz arxasında boz və şoran çöllük buraxır. Bu çöllükdə də tezliklə hər hansı fikir ağacının bitməsi mümkün deyil.
***
Təqib olunan adam öz seçiminin doğruluğuna sarsılmaz inamı olmadan həyatda qala bilməz. O, bu seçimi zəruri edən dəyərləri müdafiə etməlidir.
***
O, bir tərəfdən dini müxalifəti təqib edirdi, digər tərəfdən isə xalqın rəğbətini qazanmaq üçün özünü dindar müsəlman kimi qələmə verir, müqəddəs məkanları ziyarət edir və ruhanilərdən xeyir-dua istəyirdi.
***
İnqilabın başlaması, partlayış saatı hətta onun üçün çalışanları da qəfil yaxalayır. Hətta inqilabı gözləyənlər də onun qəflətən necə meydana çıxmasına və rastına çıxan hər şeyi yandırıb-yaxmasına heyrət içində tamaşa edirdilər. İnqilab hər şeyi o qədər amansızca məhv edir ki, hətta sonda özünü doğuran ideallara da rəhm etməyə bilir.
***
Hər bir inqilab insanların kütləvi tükənməsi halında və hakimiyyətin qeyri-məhdud aqressiyası qarşısında baş verir. Hakimiyyət onu qəzəbləndirən xalqla daha bacarmır, xalq isə nifrət etdiyi hakimiyyətə dözə bilmir.
***
İnsanlar izdihamda olmağı xoşlayırlar, izdiham onları güclədndirir və əhəmiyyətlərini artırır. Onlar özlərini izdiham vasitəsilə ifadə edirlər. Tək olduqları zaman içlərində daşıdıqları ağır yüklərdən – onların əhvalını korlayan dərd-sərdən izdiham içində qurtulurlar.
***
Bir adamın hakimiyyətdə olduğu, ikincinin ona qarşı çıxdığı, üçüncünün pul qazandığı, dördüncünün tənqid etdiyi bütöv bir sistem – illərlə davam edən bu nəhəng kompleks karton evcik kimi bir anda dağılmışdı. Mən soruşduğum adlar bu saqqallı kəmsavadlara heç nə demirdi. Onların nə vecinə idi ki, bir neçə il öncə şahı tənqid etdiyi üçün Hafiz Fərman işini itirib, Külsüm Kitab isə yaltaqlıqla özünə kariyera qazanıb…

Bu xəbəri paylaşın: